Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    ÇARƏSİZLİK

    “Yeni Tərtər” qəzetinə abunə yazılışı başlayanda dostumuz “Bala Kirpi”nin də qarnı sancılanır: “Görəsən, bu dəfə necə olacaq?! Yazılacaqlarmı, yazılmayacaqlarmı?! Yazılmasalar, necə olacaq?!”…
    “Bala Kirpi” bu fikir-xəyalın içində gözünü açdı ki, gəlib durub redaksiyanın qapısının ağzında. İstədi geri qayıtsın. Sonra fikirləşdi ki, əşi, ta bura qədər gəlmişəm, içəri girim, bir hal-xoş eləyim, həm də görüm nə var, nə yox?
    İçəri girdi. Gördü ki, 4-5 nəfər işçi yığı-şıbdı baş redaktorun otağına, hamısının da qaş-qabağı yer süpürür.
    Salamsız-kalamsız soruşdu:
    – Nə olub?! Qalan işçilər hanı? 13 nəfər deyildinizmi?
    Baş redaktor cavab verdi:
    –Qalanı ixtisara düşdü.
    –Niyə?
    –Vəsait çatışmadı, əməkhaqqı verə bilmədik, ona görə. Belə olsa qalan bu 4-5 nəfərin 2-si–3-ü də gedəcək.
    “Bala Kirpi”nin marağını görüb, baş redaktor əlavə izahat verdi:
    –Minumum əmək haqqı 130-dan 180-ə qalxdı, DSMF-nin 22 faiz məcburi sosial-sığortası da bu hesaba artdı, çap xərci, işıq, qaz, dəftərxana ləvazimatı, kompyuterlərin saxlanması, tutulmalar, ödənişlər, Mətbuat Şurasına, elektron saytımıza üzvlük haqları, plyus nəzərdə tutulmayan xərclər, daha nələr… nələr… Hamısı artdı, abunə yazılışı isə, əksinə, azaldı. Bilmədik nə edək?!
    Yuxarı əlaqədar təşkilatlar üstümüzü kəsiblər ki, Prezidentin sərəncamıdır, mütləq yerinə yetirilməlidir, tez eləyin, artırın, yoxsa heç bir sənədiniz qəbul olunmayacaq, ya da… İşləməyin demək nə təhər olur?!
    Bu tərəfdən də bir mənbəmiz yoxdur ki, vəsait əldə edək, əmək haqqıları artıraq. Deyəndə də, cavab verirlər ki, özünüz bilərsiniz, biz onu bilirik ki, sərəncam var, onu yerinə yetirmək lazımdır, vəssəlam!
    Yazıq rayon qəzetləri! Di gəl “paraya dəymə, bütövə dəymə, doğra, doyunca ye”. Bu necə olur?!
    “Bala Kirpi” baş redaktorun əsəbləşdiyini görüb, ortaya “məzə qatmaq” istədi:
    –Rus, gürcü, erməni və azərbaycanlı uçan bir təyyarədə qəza baş verir.
    Pilot deyir:
    –Suallarımı kim doğru cavablandırsa, ona paraşut verəcəyəm ki, tullansın.
    –Ay rus, Rusiyanın paytaxtı hansı şəhərdir?
    –Moskva .
    –Buyur paraşutunu.
    –Ərə, erməni, Ermənistanın paytaxtı haradır?
    –Yerevan.
    –Buyur, bu da sənin paraşutun.
    –Qatso, Gürcüstanın paytaxtı haradır?
    –Tbilisi.
    –Al, bu da səninki.
    –Ə, azərbaycanlı, yaxın gəl görüm.
    Bu elə bilir ki, ondan da Azərbaycanın paytaxtını soruşacaq. Pilot isə deyir:
    –De görüm, Nikaraquanın paytaxtı haradır?
    Azərbaycanlı cavab verir:
    –Ta denən paraşut vermirəm da!…
    İndiki vəziyyətdənsə desinlər ki, ta rayon qəzetləri bizə lazım deyil.
    –Elə o deməkdir də!… Bax, a “Bala Kirpi”, az-çox abunə ki, yazılırlar ha, o da rayon rəhbərliyinin köməkliyi ilə olur. Yoxsa, vallah, bircə gün də işləyə bilmərik!
    –Yaxşı, bəs nə deyib, abunə yazılmırlar?
    –Qardaş, rayonda fəaliyyət göstərən bir çox idarələrin əllərinə bəhanə keçib: “Biz regional olmuşuq”. Deyəndə ki, yaxşı eləyib regional olmusuz. Axı, siz bu rayonda fəaliyyət göstərirsiniz, bu rayonda pul qazanırsınız, buranın suyunu içib, çörəyini yeyirsiniz, işçiləriniz də bu rayonun sakinləridir. Necə ola bilər ki, Tərtərin tarixi salnaməsini yazan, gündəlik həyatını əks etdirən, ümumiyyətlə, rayonun güzgüsü olan yeganə bir qəzetin yaşamasına kömək etmirsiniz? Düzdür, bizim ölkəmizdə mətbuata abunə yazılmaq könüllüdür. Lakin bu o demək deyildir ki, hər kəs yaxasını çəkib, dursun kənarda, rayon qəzeti də məhv olub getsin! Axı, düz 84 ildir ki, bu qəzet fədakarlıqla hər bir çətinliyə sinə gərərək yaşayır!
    “Bala Kirpi” soruşdu:
    –O hansı təşkilatlardır ki, abunə yazılışına kömək etmir?
    –Məsələn, əvvəl mədəniyyət və turizm şöbəsi deyirdik, indi isə adı Bərdə Regional Mədəniyyət Mərkəzinin Tərtər rayon Nümayəndəliyidir. 300 nəfərdən çox işçisi var. Rayonun bütün mədəniyyət evləri, klubları, kitabxanaları, hətta musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi və s. və i.a. onun tabeliyindədir. Əvvəllər elə olub ki, 100 nüsxə rayon qəzetinə abunə yazılıblar. İndi yazılmaq istəyən işçiləri də qoymurlar.
    –Niyə?
    –Bəhanələri budur ki, biz regional olmuşuq, icazə vermirlər.
    –Kim icazə vermir?
    –Bərdə Regional Mədəniyyət Mərkəzinin bir “ağası” var–İlyas Hacıyev, o biri də onun Tərtər mədəniyyətində hökmranlıq edən buyruqçusu Ceyhun İsmayılzadə. Özləri Tərtər mədəniyyətini ağlar günə salıblar, rayon qəzetinə də abunə yazılışına mane olurlar.
    –Daha hansı təşkilatlar yazılmırlar?
    –Yazılmırlar deyəndə, düz gəlmir, təşkil eləmirlər. Məsələn, telekommunikasiya qovşağı əvvəllər 40-50 nüsxə yazılırdısa, indi 5-10 nüsxə yazılır. Elektrik şəbəkəsi, qaz istismarı idarəsi də onun kimi. Halbuki, bu idarələrdə 100-lərlə tərtərli işləyir. Musiqi məktəbidir, elektromexanika zavodudur, “Zülfüqaroğlu” MMC-dir və bir neçə belə iri təşkilat da var ki, onlar rayon qəzetinə ümumiyyətlə, abunə yazılmırlar.
    Bayaq dedim, bölgə qəzetləri bu gün hələ də yaşayırlarsa, o cümlədən, bizim “Yeni Tərtər” qəzeti rayon rəhbərliyinin hesabına yaşayır.
    –Bəs, axırı necə olacaq? –“Bala Kirpi” soruşanda, baş redaktor acıqlı cavab verdi:
    –Mən nə bilim?! Münəccim-zad deyiləm ki?! Belə getsə, heç nə, axırı bir “pındıq”.

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 08:55

İsmarıclar bağlıdır.