Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    Dünyada qarşısını almaq mümkün olmayan ciddi problemlərdən biri də boşanma hallarıdır. Bu bəla bəşəriyyətin yaşam tərzinə ağır zərbələr vurur və mənəvi fəsadlar törədir. Ən çox da bu zərbələri böyüklər deyil, uşaqlar alır, onların həyatında dərin izlər və şırımlar açır, göynəmləri yaraya çevrilir.
    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə 62 min 923 nikah və 14 min 514 boşanma halları qeydə alınıb. Rəsmi rəqəmlər boşananların nikaha girənlərin dördə birini təşkil ediyini deyir. Əslində isə qeyri-rəsmi evlənib boşananların sayı qat-qat çoxdur və bu, ciddi narahatlıq doğurmaya bilməz!
    2016-cı illə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb. Bu da ciddi siqnaldır.
    Statistika göstərir ki, 2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 min 191 nikah və 3972 boşanma halları qeydə alınıb.
    Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
    Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
    Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də həmişə iqtisadi problemlərlə bağlı olmur. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar hansılardır?
    Psixoloqlar araşdırıblar ki, boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır. Buna əsas kimi mobil rabitəni, tərəflərin özünün böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatlığını və sair götürmək olar:
    Psixoloqlar ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən biri olduğunu göstərirlər. Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda dözümsüzlük halı daha çoxdur. Bu cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, hə-min ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması, hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır.
    Boşanma halları gələcək genefondumuza mənfi təsir göstərir. Uzun illər ailəli olan cütlüklər də boşanır. Psixoloq Elnur Rüstəmov qeyd edir ki, əgər dünənə qədər ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, bu gün 10 ilin, 20 ilin ailəlisi də boşanır. Yəni tez dağılan ailələr artıq uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir.
    Statistik rəqəmlər sübut edir ki, boşanmaların sayı ildən-ilə daha da artır. Sosioloqlar hesab edirlər ki, bunun yalnız sosial yox, həm də psixoloji kökləri var. Cəmiyyətin intellektual baxımdan indikindən daha aşağı hesab etdiyimiz dövründə boşanmalar daha az idi. Amma indi boşanmaların sayı azalmaq əvəzinə artmaqda davam edir. Biz bunun mənəvi, psixoloji və iqtisadi köklərini axtarmalıyıq. Əvvəla, bu, milli dəyərlərin yeni dəyərlərlə əvəzlənməsi deməkdir. Məsələn, Qərbdən Azərbaycana yeni bir şüur forması gələrək, buradakı milli şüuru fəth etmək mərhələsindədir. Çünki ailəyə müqəddəs baxan milli dəyərlərimiz bu sahədə fərqli baxış ortaya qoyan Qərb baxışından çox təzadlıdır. Buna görə də ailəni müqəddəs bir ocaq hesab edən ənənəvi baxış dəyişib. Artıq ailə, belə demək mümkündürsə, bütövlükdə həyat problemləri arasında ikinci plana atılıb.
    Bəzi araşdırmaçılar boşanma hallarına əsas səbəb kimi qadınların ailədaxili şiddətə məruz qalmasını da göstərirlər:
    “Xasiyyət uyğunlaşmaması” ifadəsi altında həddindən çox fikirlər yatır.
    Boşanma səbəblərindən biri də sosial-məişət problemləridir. Məsələn, burada mənzillə bağlı problemlər qabarıqdır. Qayınata-qayınana ilə bir yerdə yaşamaq da bəzi cütlüklər arasında boşanmaya gətirib çıxaran səbəblərdən olur.
    “Ən çox qadın xəyanəti boşanmaya səbəb olur” –belə hesab edənlər də var.
    Əslində də boşanmaya ən çox səbəb elə xəyanətlə bağlıdır: Bu bir faktdır ki, xəyanətlə əlaqədar boşanmaların sayı artıb. Buna həm sosioloji, həm də psixoloji məqamlar şərait yaradır. Psixoloji məqamlara aydınlıq gətirsək, görərik ki, xəyanət edən qadınların ən çox işlətdiyi ifadələrdən biri ailədə diqqət və qayğının yerində olmaması, qarşı tərəfin onlara kifayət qədər vaxt ayırmamasıdır.
    Qeyd etdiyimiz kimi, dünya statistikası göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb. Boşanmalar iki dəfə çoxalıb ki, bu, çox ağır və dözülməz faktordur.
    Erkən, qeyri-qanuni nikahlardan, boşanmalardan ilk əziyyət çəkən uşaqlar və qadınlar olur:
    Psixoloqlar göstərirlər ki, xüsusilə də, uşaqlar boşanmaların, ailədaxili konfliktlərin yaratdığı problemlərin fəsadlarından ciddi əziyyət çəkirlər. Onlar bir çox hallarda qorxulu, keçici xəstəliklərə tutulurlar ki, sonradan həmin uşaqların müalicəsi, müayinəsi çox çətin olur.
    Hər hansı səbəbdən boşanmalar baş verirsə versin, ailələrin dağılması cəmiyyətdə öz mənfi effektini göstərir və bu da milli-mənəvi dəyərlərimizə, gənc nəslin sosial-psixoloji durumuna ciddi təsir edir. Erkən nikah, maddi problemlər, xəyanət, narkomanlıq, sərxoşluq və əyyaşlıq, cinsi zorakılıqlar, düşüncə tərzindəki fərqlər və s. və i.a. sonda ailələrin dağılmasına səbəb olan əsas amillərdəndir. Bu sahədə aparılması vacib olan maariflənmə işinin zəifliyi, ailələrdə, təhsil ocaqlarında tərbiyənin düzgün qurulmaması da əsas rol oynayır.

    Tərtər rayonunda da nikah və boşanmaların statistik göstəriciləri ürəkaçan deyil.

    Son beş ildə 2 min 855 rəsmi nikah qeydiyyata alınmış, 626 boşanma halı baş vermişdir. Rəsmi boşananlar nikaha girənlərin 21,9 faizini təşkil edir. Təkcə ötən il 511 cütlük nikaha girmişdisə, 146 cütlük arasında nikah pozulmuşdur. Bu isə nikaha girənlərin sayının 28,6 faizini təşkil edir.
    Azərbaycanda müqəddəs sayılan ailələr nə qədər xoşbəxtdirlərsə, xalq özü də bir o qədər xoşbəxtdir. Gəlin öz əlimizdə olan bu xoşbəxtliyi bədbəxtliyə çevirməyək!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.