Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    Fikrim-xəyalım yenə də şəhid ruhu üzərində cəmləşib. Yenə də qələm əlimdə titrəyir. Murdar məxluq olan ermənilərə qarşı qəzəbim aşıb-daşır. Nifrətimin gücündən əlimə düşsələr o mənfurların hər birini odda yandıraram! Gör nə qədər oğullarımız yırtıcıların caynağına tuş gəldi, ölümün ağzına atıldı. Vətən, torpaq qeyrəti neçə-neçə igidlərimizin şəhidlik yoluna çevrilərək, həyatına son qoydu. Nəydi onların günahı? Yüzlərlə pəhləvan cüssəli oğullarımızın, onların ata-analarının arzuları yarımçıq qaldı.
    Abdullayev Habil Kalam oğlu 1969-cu il fevralın 1-də rayonumuzun Dəmirçilər kəndində doğulmuşdu. Elə həmin kənddə böyüyüb, boya-başa çatmışdı. Ağlı, zəkası ilə qardaş-bacılarından fərqlənirdi, iti baxışı, inadkarlığı ilə seçilirdi. Ailədəki 4 övladın kiçiyi idi. Əsgəri xidmətini Sovet ordusu sıralarında çəkmişdi. Bir az da böyümüş, kişiləşmişdi.
    Təhsilini davam etdirirdi. Ağdam rayonunda Kənd Təsərrüfatı Texnikumunda elektrik fakültəsində təhsil alırdı. 4-cü kursda oxuyurdu, həm də Tərtər paylayıcı elektrik şəbəkəsində beşinci il idi ki, yüksək gərginlik xətləri üzrə usta vəzifəsində çalışırdı. Bu, 1993-cü il idi. Vətənimizin göylərini qara buludlar aldığı, torpaqlarımızın parçalandığı, igidlərin qanına boyandığı il idi. Əlinə silah alıb Vətənin müdafiəsinə qalxan yüzlərlə oğullara Habil də könüllü qoşuldu…
    Böyük qardaşı Əli ailəli idi. 2 övladı varıydı. Habil razı olmadı ki, qardaşı könüllü savaşa qoşulsun: “Mən onun uşaqlarını saxlaya bilmərəm”–dedi. Milli ordu sıralarında Habil döyüşdü. Özü də ürəklə, mərdliklə. Hətta azğın düşmənin atdığı mərminin qəlpəsi 2 dəfə onu yaralasa da döyüşdən aralanmadı, döyüş yoldaşlarını tək qoymadı. Ağdərəətrafı kəndlərin ermənilərdən təmizlənməsində var gücü ilə vuruşdu. Evlərinə gələndə fəxrlə danışıb ki, biz qalib gələcəyik, erməniləri yerində susduran oğullarımız var.
    Lakin “Sən saydığını say, gör fələk nə sayır?”.
    27 aprel 1994-cü il. Ağdam rayonunun Güllücə kəndinin müdafiəsi uğrunda qanlı döyüş gedir. Habil dostları Tacir və Ramizlə kəndin müdafiəsinə qalxıb. Gözlənilmədən düşmənin hiyləsinə tuş gələn döyüşçülərimizin son döyüş anı olur və orada minaya düşüb, şəhid olurlar. Hər üçünün cəsədi döyüş yerində qalır…
    Atəşkəs elan olunduqdan sonra–1994-cü il iyun ayının 5-də cibindəki vəsiqəsindən tanınaraq, cəsədi ermənilərdən alınıb, doğma kəndlərində torpağa tapşırılır.
    İllər ötsə də şəhidlərimiz unudulmur. Hər an xatırlanaraq, adları yad edilir. Ailələri hər zaman xalqın və dövlətin qayğısı ilə əhatə olunur. Habilin atası Kalam kişi göstərilən qayğıya görə dövlət başçımıza və rayon rəhbərinə öz minnətdarlığını bildirir. Lakin arzulayır ki, kaş oğlunun adı tezliklə əbədiləşdiriləydi. Bu bir şəhid atasının sızlayan qəlbinə təskinlik olardı.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.