Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    2019-cu il “NƏSİMİ İLİ”dir

    Prezidentimiz İlham Əliyev 2019-cu ili ilin başlanğıcında Azərbaycanda “Nəsimi İli” elan edib. Ölkə başçısı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib və bununla bağlı rəsmi sərəncam da imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rola malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tətbiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi nəşr olunaraq, ölkə kitabxanalarına hədiyyə edilmişdir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.
    2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.
    Bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Nəsimi irsinin müasir humanitar düşüncənin tələblər kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və ölkə başçısının sərəncamına uyğun olaraq 2019-cu ilin əvvəlindən Azərbaycanda İmadəddin Nəsiminin həyat və yaradıcıllığı ilə bağlı müxtəlif səpgili tədbirlər hazırlanıb həyata keçirilmiş və bu işlər indi də davam etdirilir.
    Nəsiminin 650 illiyi ilə bağlı bizim Tərtər rayonunda da vaxtaşırı və silsilə tədbirlər hazırlanıb həyata keçirilir, onun irsi öyrənilir və yaradıcıllığı geniş təbliğ olunur.
    “Nəsimi İli” ilə əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətində “Tədbirlər planı” hazırlanıb təsdiq edilmiş və onun icrası nəzarətdə saxlanılaraq vaxtında təmin olunur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.