Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Avq

    Vətən–gözdür, biz–kiprik–
    Vətənimizin keşiyini çəkirik.
                                                            Məmməd ASLAN

    Bir güllə səsindən vaxtilə təlaşlanan camaatın indi başına od yağırdı, mərmi tökülürdü, yan-yörəsində raketlər partlayırdı, evlər dağılırdı, insanlar ölürdü, lakin qorxmurdular, çəkinmirdilər–artıq bu qan-qadaya öyrəşmişdilər, bu tükürpədici partlayış səslərinə, güllə vıyıltılarına vərdiş etmişdilər. Adi vaxtlarda itdən-pişikdən qorxan adamlar nə erməni quldurlarından, nə onların zirehli texnikalarından, nə də avtomatlarından qorxurdular.
    Tərtərdə böyük də, uşaq da, kişi də, qadın da belə bir mühitdə–ölümlə həyatın arasında yaşayır və döyüşürdülər.
    Çətin günlər adamın canını bərkidir, iradəsini möhkəmləndirir və qorxu hissini azaldır. Tərtərin özü bir alınmaz “Çənlibel” qalasına, tərtərlilər isə Koroğlunun igidlərinə dönmüşdülər. Sayseçmə oğullarımız səngərlərdə düşmənə qarşı ölüm-dirim mübarizəsi aparır, sıravi vətəndaşlarımız isə onlara arxa-dayaq olurdu–səngərdə döyüşən igidlərə yemək aparır, siqaret daşıyır, isti pal-paltar, əlcək paylayırdılar. Döyüşçü–xalq birliyi yaranmışdı.
    O vaxt adları dillər əzbəri olan ərənlərimizdən Vəzir Orucov, Elman Hüseynov, Pənah Məmmədov, Suliddin Yusibov, Ədalət Paşayev, Mehrac Mahmudov, Nizami Heydərov, Fəqan Qurbanov, Çingiz İsmayılov, Sakif Orucov kimi vuruşan oğulların arasında qorxmaz, cəsur, vətənpərvər bir döyüşçü də vardı–Rövşən Məmmədov…
    Son zamanlar sosial şəbəkələrdə bu ada tez-tez rast gəlirdim. Diqqətimi çəkən onun vətənpərvərlik ruhu ilə dolu sözləri idi. Hiss edirdim ki, bu adam Vətənə, Torpağa qırılmaz tellərlə bağlıdır, ürəyi Azərbaycana sevgi ilə doludur. O, özü, qanı, ruhu boyda Vətən torpağıdır!
    …Redaksiyada görüşdük. Mənə bir daha aydın oldu ki, Tərtər Rövşən Məmmədov kimi oğulların hesabına düşmənə baş əyməyib və onların qeyrətində yaşayıb, canları, qanları bahasına salamat qalıb Tərtər!
    Bir insanda nə boyda Vətən sevgisi olar?! Heyrətimi gizlədə bilmirəm.
    Rövşən danışır:
    –Qızım orta məktəb şagirdidir. Müəllimi bir gün ondan soruşanda ki, atanı çox sevirsən, Azərbaycanı? Tərəddüd çəkmədən deyir: “Azərbaycanı!”.
    –Atanın şəhidliyinə razı olarsan, yoxsa vətənin?
    Uşaq yenə fikirləşmədən cavab verir:
    –Atamın.
    –Niyə? Axı, o sənin atandır.
    –Atam şəhid olsa, tək mən yetim qalaram, Vətən şəhid olsa, görün nə qədər uşaq atasız-anasız qalar?!
    Baxın, Rövşənin uşaqları da necə vətən sevgisi ilə böyüyürlər?
    Fikirləşirəm ki, Azərbaycanda bütün ailələrdə vətənpərvərlik ruhu Rövşən Məmmədovun ailəsindəki kimi olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməz, Vətənəmiz belə param-parça olub, ağlar günə qalmazdı!…
    Rövşən Məmmədovu bir neçə dəfə döyüş dostu ilə birlikdə redaksiyaya dəvət etdik. Təvazökarlıqdan özü haqqında heç nə danışmadı. Ancaq onu dedi ki, bu Vətən uğrunda şəhid olmağa hər an hazıram.
    Onu tanıyanların bir çoxuna zəng vurdum, Rövşən haqqında soruşdum.
    Pənah Məmmədov (“Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq Qərargah rəisi):
    –Rövşən bizim vətənpərvər qardaşımızdır. O, Vətənin bir qarış torpağından ötrü öz canını qurban verməyə hazır olan oğullarımızdandır. Rövşən bunu erməni quldurları ilə döyüşlərdə də dəfələrlə sübut edib. Bir çox ağır sınaqlardan keçib. Halal olsun ona!
    Suliddin Yusibov (Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri):
    –Rövşən Məmmədov kimi Vətəni sevən oğullarımız yetərincə olsaydılar, nəinki Qarabağı çoxdan işğaldan azad etmişdik, bütöv Azərbaycanın tarixi ərazisini geri qaytara bilərdik. O, təpədən-dırnağa qədər vətən sevgisindən ibarətdir. Rövşən öz sözünü həm demiş, həm də indi deyir. Gənclərimizə milli-vətənpərvərlik ruhunu təlqin etmək üçün könüllü olaraq bizim cəmiyyətimizə yaxından köməklik göstərir, əsil vətəndaş olduğunu öz əməli, sözü və həyat tərzi ilə nümayiş etdirir. III qrup Qarabağ müharibəsi əlili olmasına rəğmən indiyə qədər ailəsi ilə birlikdə (həyat yoldaşı və iki uşağı) kirayə mənzildə yaşayır, daimi bir iş yeri yoxdur, öz haqqı olan bir çox imtiyazları dilinə gətirmir, bəziləri kimi “yaxasını cırmır”, hay-küy salmır. Rövşən bizim üçün dəyərli qardaş və Vətən fədaisidir.
    Fəqan Qurbanov (döyüş yoldaşı):
    –Rövşəni tanıyanların hamısı bilir ki, vətən sevgisində heç kimi onunla müqayisə etmək olmaz. O, bir vətənpərvər oğul kimi hamımıza nümunədir. Ermənilərlə savaşda da fədakarlığı ilə çoxundan seçilirdi, heç nədən qorxmazdı, ən təhlükəli məqamlarda və ən qorxulu yerlərdə Rövşəni çox vaxt birincilər sırasında görmüşük. Cəsarətlə döyüşürdü. Vətən torpağı onun üçün bir məbəd, bir müqəddəs səcdəgahdır.
    Çingiz İsmayılov (Rövşənin sabiq komandiri):
    –Rövşən həmişə susqun olub, elə indi də susqundur, yəni təvazökardır. Heç vaxt özünü öyməz və özündən danışmaz. Onun bütün sevgisi ürəyindədi–Vətən sevgisi də, dost sevgisi də, həyat eşqi də. Döyüş tapşırıqlarını yerinə yetirəndə də dinməz-söyləməz, başını aşağı salıb öz işini görərdi.
    Bir dəfə bizə düşmənin arxa tərəfinə keçmək lazım idi. İki dəstəyə bölündük, birinə Vəzir Orucov rəhbərlik edirdi. Bizim 5 nəfərlik dəstədə Rövşən Məmmədov da vardı. Biz elə bir yerə çatdıq ki, buradan dolayısı ilə gedib, arxa mövqeyə çıxmalı idik. Rövşəni burada qoyduq ki, köməyə gələsi olan dəstəyə bizim getdiyimiz yerin istiqamətini bildirsin. Bir az sonra Rövşən görür ki, qarşıda silahlı adamlar var. Onları erməni zənn edib, qumbaranı çıxardır və ovucunda sıxaraq saxlayır ki, əgər onu əsir almaq istəsələr, qumbaranı partladıb həm özünü, həm də onları öldürsün.
    Sonradan aydın oldu ki, silahlı dəstə özümüzünkülərdir…
    O vaxt erməniləri “şok”a salan 180 nəfərlik quldur dəstəsinin mühasirəyə alınıb məhv edilməsində də Rövşən Məmmədov da iştirak etmişdi…
    Beləcə Rövşənin döyüş dostları da, tanıyanları da onun haqqında ürəkdolusu və fəxrlə danışır, ələlxüsus vətənə vurğunluğunu diqqət mərkəzinə çəkirdilər.
    Rövşən Məmmədovun qısa tərcümeyi-halı
    Rövşən Bulud oğlu Məmmədov 1967-ci il iyul ayının 4-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Tam orta təhsilini həmin kənddə başa vurduqdan sonra əsgəri xidmətə çağırılıb. 1985-1987-ci illərdə Moskvada daxili qoşunlarda xidmət edib.
    Canından çox sevdiyi Vətən torpağını erməni quldurlarından müdafiə etmək üçün 1992-ci ilin əvvəllərində “Tərtər Özünümüdafiə Batalyonu”na yazılıb. Həmyerlilərimiz, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovla, o vaxt Qərərgah rəisi olan Pənah Məmmədovla, igid döyüşçülər Fəqan Qurbanovla, İlqar Həsənovla, Suliddin Yusibovla, Çingiz İsmayılovla və başqaları ilə birlikdə Ağdərə istiqamətində gedən ağır vuruşmalarda iştirak edib. İki dəfə yaralansa da, döyüş bölgəsini tərk etməyib…

    *                                          *                                 *

    Vətən Rövşən kimi oğullarının çiyinlərində bərqərardır. Onunla söhbətimizin sonunda dedi: “Qarabağımızı azad etmək yolunda və vətən ­uğrunda şəhid olmağı özümə ən böyük şərəf bilərdim. Biz Ali Baş Komandanımızın əmrinə hər an hazırıq!”.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.