Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen

    Bu il rayonumuzun ümumtəhsil məktəblərini 601 məzun bitirib. Onların 13-ü fərqlənmə attestatı alıb. Məzunlardan 393-ü ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, 236 nəfər tələbə adını qazanıb.
    Tələbə adını qazanan gənclərdən 4 nəfəri 600-dən, 30 nəfəri isə 500-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni şəhər 2 və 5 nömrəli, Bəyimsarov, Sarov, Qaradağlı, Hacıqərvənd kənd tam orta məktəblərin məzunları göstərib. Belə ki, şəhər 2 saylı məktəb-liseyin 29, 5 nömrəli tam orta məktəbin 11, Bəyimsarov kənd tam orta məktəbin 12, Sarov kənd tam orta məktəbin 13, Qaradağlı kənd tam orta məktəbin 10, Hacıqərvənd kənd tam orta məktəbin 10 məzunu ali məktəblərə qəbul olub. İmtahanlarda 2 saylı məktəb-liseyin məzunu Oqtay Səfərov 631, 6 nömrəli tam orta məktəbin məzunu Mahir Vəlizadə 629, Evoğlu kənd tam orta məktəbin məzunu Səidə Allahverdiyeva 628, Qapanlı kənd tam orta məktəbin məzunu İlkin Mirzəyev 623 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
    Tərtər şəhər 5 saylı tam orta məktəbdən Orxan Müstafazadə,2 saylı məktəb-liseydən Araz Yusifzadə və İbrahim İbrahimli bu il Türkiyənin muxtəlif universitetlərində təhsil alacaqlar. Azadqaraqoyunlu kənd tam orta məktəbin məzunu Babək Əliyev və Əskipara kənd tam orta məktəbin məzunu Təbriz Qasımov Fövqəladə Hallar Akademiyasına, Qapanlı kənd tam orta məktəbin məzunu Elçin Əhmədzadə, Evoğlu kənd tam orta məktəbin məzunu Cavid Səfərov, Dəmirçilər kənd tam orta məktəbin məzunu Tahir Rəhimli Dövlət Sərhəd Xidməti Akademiyasına, Qapanlı və Köçərli kənd tam orta məktəblərin məzunları Elmir Məmmədov və Eltun Hüseynli Naxçıvanski adına hərbi liseyə daxil olublar.

    XARİCİ UNİVERSİTETLƏRƏ QƏBUL OLANLAR

    Yusifzadə Araz Yusif oğlu

    Araz Yusifzadə 2002-ci ildə ziyalı ailəsində anadan olub.
    Atası Yusif Yusifzadə biznesmen və menecment ixtisası üzrə ali təhsil almış, anası Heyran İbrahimova isə ali təhsilli rus dili müəlliməsidir. Baba və nənələri də ziyalıdırlar.
    Araz orta təhsilini Gülarə Əkbərovanın direktor olduğu Tərtər şəhər 2 saylı məktəb-liseydə alıb. O, orta məktəbdə oxuyarkən özünü çalışqan və hazırlıqlı bir şagird kimi gös-tərib, müəllimlərinin və şagird dostlarının hörmətini qazanıb. Dərslərindən müvəffəq qiymətlər alıb.
    Araz Yusifzadə uşaq yaşlarından idmanla da ciddi məşğul olub. Dəfələrlə kinqboksinq idman növü üzrə rayon, zona və respublika birincisi olub, diplomlar, medallar və kuboklar alıb.
    Araz özü haqqında deyir:
    “Bu yarışlar başqa bölgələrimizdə keçiriləndə mənim üçün daha maraqlı olurdu. O bölgələr barəsində ətraflı öyrənməyə çalışardım. Elə xaricdə təhsil almağıma səbəblərdən biri də bu maraqdan irəli gəlmişdi.
    Hazırda mən Trakya Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunmuşam. 4 il Türkiyə Respublikasında təhsil alacağam. Əlbəttə, burada təhsil illərində dillərin öyrənilməsi, intellektual səviyyənin artırılması üçün xeyli şərait vardır. İnanıram ki, universiteti də müvəffəqiyyətlə başa vurub, oxuduğum məktəbdə mənə dərs deyən müəllimlərimin, mənə yardımçı olan valideynlərimin, baba və nənələrimin etimadını doğruldacağam.

    Mustafazadə Orxan İntiqam oğlu

    Mən Tərtər şəhər 5 saylı tam orta məktəbdə təhsil almışam. Bu tədris ocağını əla qiymətlərlə bitirmişəm. Oxuduğum illərdə təkcə yaxşı qiymətlər almaqla kifayətlənməmişəm, müəyyən inşa yazı müsabiqələrində, müxtəlif intellektual yarışmalarda iştirak edərək qaliblər arasında sertifikat, diplom, fəxri fərmanlar almışam. “Bilik” Fondunun təşkil etdiyi yarışlarda dəfələrlə iştirak etmişəm. Onu da bildirim ki, Heydər Əliyev Fondunun könüllülərindən biri də mənəm. Fondun xətti ilə keçirilən tədbirlərdə dəfələrlə şəxsi yarışmalar təşkil edib, mükafatlara layiq görülmüşəm. Hələ uşaq yaşlarımdan bu cür fərqlənməyimdə mənim təhsil aldığım orta məktəbin rəhbərliyinin və müəllim kollektivinin çox böyük zəhməti olubdur. Mən repititor müəllimlərin və tədris kursunda hazırlaşmamışam. III qrupa imtahan verərək 502 balla Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər fakültəsinə qəbul oldum. Öz şəxsi dünyagörüşümü artırmaq məqsədilə Türkiyədə təhsil almağı qərarlaşdırdım. Yabancı öyrənci sınağı imtahanı verərək Ankara şəhərindəki Karatekin Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunmuşam. Artıq qeydiyyatdan keçmişəm. Gələcəkdə ixtisasımı mükəmməl öyrənmək üçün çalışacağam.

    ƏN YÜKSƏK BAL TOPLAYANLAR

    Səfərov Oqtay Hafiz oğlu–631 bal

    Mən rayonumuzun birincilər sırasında olan şəhər 2 saylı məktəb-liseydə təhsil almışam. Təhsil aldığım illərdə mənə elmin sirlərini öyrədən müəllimlərimin qayğısını həmişə üzərimdə hiss etmişəm. Evdə isə valideynlərim mənim üzərimdən diqqət və tələbkarlıqlarını əskik etməyiblər. Son iki ildə rayonumuzun tanınmış repititor müəllimlərinin yanında hazırlaşmışam. Başqa nə isə lazım gələndə internetə deyil, evimizdəki şəxsi kitabxanamıza müraciət etmişəm.
    Hazırda gərgin günlərim, yuxusuz gecələrim arxada qalıb. III qrupda imtahan verərək Ba-kı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunmuşam. Sevincmin həddi-hüdudu yoxdur. Ali məktəbə qəbul olmaq mənim arzum idi. Bu gün mənim reallaşan arzumun həyata keçməsində zəhməti olan müəllimlərimə və mənə hər cür dəstək olan valideynlərimə sonsuz təşəkkürümü bildirirəm. Tələbəlik illərində də çalışıb hər kəsin etimadını doğruldacağam. Bu, mənim vətəndaşlıq borcumdur. Amalım uğrunda yorulmadan çalışacağam.

    Vəlizadə Mahir Yaqub oğlu–­­629 bal

    Mən şəhid Rafiq Nuruyev adına 6 saylı tam orta məktəbdə təhsil almışam. Həmin təhsil müəssisəsini fərqlənmə attestatı ilə bitirmişəm. III qrupda imtahan verərək 629 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunmuşam Hələ orta məktəbdə təhsil aldığım illərdə qanunlarımızın keşikçisi olmaq arzusu ilə yaşamışam. Arzuma doğru ilk addım atmışam. Əlbəttə, mənim uğur qazanmağımda valideynlərimlə bərabər müəllimlərimin sonsuz zəhməti olub. Mən sadə bir ailədə böyümüşəm. Lakin valideynlərim bacımın da, mənim də hər zaman arxamızda olublar. Artıq bacım universitetin riyaziyyat fakültəsini bitirib. İndi isə növbə mənimdir. Məlumdur ki, ali məktəblərdə təhsil almaq böyük məsuliyyətdir. Çalışacağam ki, üzərimdə haqqları olan müəllimlərimin etimadını doğruldum. Xarici dil də öyrənmək arzusundayam. Hazırki, zamanda bir neçə dili bilmək gərəkdir. Odur ki, hüquqşünaslıq ixtisası ilə bərabər ingilis dilini də öyrənməyə çalışacağam.
    Onu da bildirim ki, orta məktəbdəki qazandığım uğurlara və nümunəvi davranışıma görə təhsil şöbəsinin tərifnaməsini almışam. Bütün bunlar mənə gələcəkdə daha yaxşı oxumağa stimul yaradır. Universiteti də əla qiymətlərlə bitirməyə çalışacağam.

    Allahverdiyeva Səidə Bəhruz qızı–­­628 bal

    Mən Evoğlu kənd tam orta məktəbinin məzunuyam. Orta məktəbdə oxuduğum 11 il artıq arxada qalıb. II qrupda imtahan verərək 628 balla Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olmuşam. Lakin heç zaman ibtidai sinif müəllimim Samaya Şirinovanı, sinif rəhbərim, həm də informatika müəllimim Tünzalə Quliyevanı ümumiyyətlə, bütün müəllimlərimi unutmayacam. Bu gün mənim müvəffəqiyyət qazanmağımda müəllimlərimin zəhməti olub. Onların əməyinin nəticəsində mən yüksək balla universitetə qəbul olunmuşam. Onu da bildirim ki, üzərimdə anam, riyaziyyat müəllimi Zenfira Eyvazovanın xüsusi tələbkarlığı olub. Ailədə böyük uşaq olduğum üçün ali məktəbə mütləq qəbul olmağı qarşıma məqsəd qoymuşdum. Çünki mən özümdən kiçiklərə örnək olmalıyam. Artıq anamın da arzuları reallaşıb. Mən orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra, universitet tələbəsi olmuşam. Bunlar mənim ilk böyük uğurlarımdır. Qarşıda isə daha məsuliyyətli günlər, aylar durur. Universiteti müvəffəqiyyətlə bitirmək üçün səylə çalışıb, savadlı bir iqtisadçı olmalıyam. Bunu həm müəllimlərimin, həm də va-lideynlərimin etimadını doğrultmağım hesab edirəm.

    Mirzəyev İlkin Mütalib oğlu–­­623 bal

    Mən Qarağacı kənd tam orta məktəbinin əlaçı şagirdi olmuşam. Oxuduğum sinifdə 5 oğlan idik. Hər birimiz ali məktəbə qəbul olmaq üçün sənəd vermişdik. Xoşbəxtlikdən hamımız tələbə olduq. Mən daha yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Yüksək nəticə qazanmağım müəllimlərimin gərgin zəhmətinin nəticəsidir. Hələ ibtidai sinifdən yaxşı qiymətlərlə oxumağım üçün müəllimim Səbinə Allahverdiyeva çox əziyyət çəkib. Ümumiyyətlə, orta məktəb müəllimlərinin biz şagirdlərin üzərində gərgin zəhmətləri olur. Fəxr edirəm ki, mən onların hər birinin zəhmətinin nəticəsi olaraq universitetə qəbul oldum. İndi isə məni qarşıda daha məsuliyyətli illər gözləyir. Məlumdur ki, neft sənayesi ölkəmizin inkişaf etmiş güclü bir sahəsidir. Burada çoxlu sayda tanınmış insanlarımız çalışır. Gələcək isə bizim kimi gənclərin sayəsində davam edilməlidir. Həm təhsil aldığım orta məktəbdə, həm də “Kainat” Təhsil Mərkəzində öyrəndiklərim məndə inam yaradır ki, universitetdə də yaxşı oxuya biləcəyəm. Məqsədim savadlı bir mütəxəssis olmaqdır. Bunun üçün daim çalışacağam.

    Məmmədova Nərgiz Elşad qızı–­­587,5 bal

    Mən Qarağacı kənd tam orta məktəbini bitirmişəm, məktəbin əlaçı şagirdlərindən idim. Təhsil aldığım illərdə müəllimlərimin tapşırıqlarına layiqincə əməl etməyə çalışmışam. Bundan əlavə “Kainat” tədris mərkəzində hazırlıq keçmişəm. Hər iki təhsil müəssisəsində müəllimlərimin üzərimdə gərgin zəhmətləri olub. Bu gün fəxr edirəm ki, müəllimlərimin zəhmətini itirməyərək Azərbaycan Dillər Universitetinin xarici dil (ingilis dili) fakültəsinə qəbul olmuşam. Mənim kimi ali məktəblərə qəbul olan, məzunlara uğurlar arzulayıram. Bizdən sonra orta məktəbdə təhsil alan şagirdlərə isə tövsiyə edirəm ki, tələsmədən, düşünərək seçim etsinlər, çünki etdiyimiz ixtisas seçimi atdığımız addımın bünövrəsidir. Onu möhkəm təməl üzərində davam etdirməliyik. Mənim məqsədim gözəl bir dilçi olmaqdır. Bunun üçün var qüvvəmlə çalışacağam. Bu, yolda mənə valdeynlərimin böyük dəstəyi vardır. Həm müəllimlərimə, həm də valideynlərimə öz minnətdarlığımı bildirirəm. Hər birinin etimadını doğrultmaqla Vətənimin, doğma kəndimin layiqli övladı olmağa çalışacağam.

    Allahverdiyeva Elnarə Arzu qızı-585 bal                                 Həsənli Jalə Faiq qızı-584 bal

    Qaradağlı kənd tam orta məktəbinin məzunları olan bu qızların hər biri yüksək bal toplayıb. Elnarə II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit, Jalə isə III qrupda Bakı Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı fakültələrinə qəbul olublar. Hər iki qız oxuduqları Qaradağlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin fəxridirlər. Qızlar isə tələbə adı qazandıqları üçün qürur duyurlar. Axı, bu uğur gərgin zəhmətin, yuxusuz gecələrin bəhrəsidir. Müstəqil həyata atılan addımın ilk pilləsidir. Qarşıda isə universitet pilləkanlarını inamla, mətinlə addımlamaq qalır. Bu yolda müəllimləri də, valideynləri də, Elnarəyə də, Jaləyə də təhsil müvəffəqiyyətləri arzulayırlar.

    Paşazadə Sonaxanım Zabil qızı–­­579,1 bal

    Bu il ümumtəhsil məktəblərimizin məzunlarından Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunan 3 nəfərdən biri 6 saylı tam orta məktəbin məzunu Sonaxanım Paşazadədir. O, III qrupda imtahan verərək 579,1 balla bu fakültəyə qəbul olub. Bu, Sonaxanımın uşaqlıq arzusu idi. İllərlə çəkilən zəhmət, yuxusuz gecələr öz gözəl bəhrəsini verib. Sonaxanım tələbə olmaq üçün təkcə oxuduğu məktəbdə deyil, repititor müəllimlərin yanında olmuş, bilik toplayaraq həm də “Kainat” təhsil mərkəzində hazırlaşmışdır. Bu gün bütün tələbə adı qazananların arasında onun da adı olduğu üçün fəxr edir. Uğurlarına görə müəllimlərinə minnətdarlığını bildirir. Qarşıdakı tələbəlik illərində daha böyük nailiyyətlər qazanmağı qarşısına məqsəd qoyub.
    Bütün tələbələrlə birgə Sonaxanıma da uğurlar arzulayıram.

    Həsənova Məryəm Habil qızı–­­569,7 bal­

    Məryəm şəhər 1 saylı tam orta məktəbin məzunudur. Bu il o, həmin məktəbi bitirənlər arasında ən yüksək bal toplayıb, II qrupda imtahan verərək 569,7 balla Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Məryəmin sevincinin həddi-hüdudu yoxdur. Bu sevinci ona bəxş edən müəllimlərinə öz minnətdarlığını bildirir. İqtisadçı olmaq isə Məryəmin arzusu idi. Universitetə qəbul olmaq onun müstəqil həyatda atdığı ilk uğurlu addımdır.Qarşıda isə daha məsuliyyətli aylar, illər durur. Məryəm bu illərdə də mükəmməl oxumağı, universiteti müvəffəqiyyətlə başa vurmağı qarşısına məqsəd kimi qoyub. O bildirir ki, təkcə təhsil almaq kifayət deyildir, gərək öyrəndiyini, həyata tətbiq etməyi bacarasan. Bunun üçün də universitet auditoriyasında bu ixtisasın sirlərinə mükəmməl yiyələnmək gərəkdir.

    Yazıları hazırladı:
    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 08:57

İsmarıclar bağlıdır.