Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Sen

    Bu il məhərrəmlik ayı Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı–Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
    Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
    Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

    Məhərrəm ayının tarixi və İslamda rolu—İki ay yas saxlamalıyıqmı?
    Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.
    Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala “ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır”
    İslamdan əvvəl Məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.
    Məhərrəm ayının İslamda rolu
    Məhərrəm ayının İslamdakı rol və əhəmiyyəti hicri 61-ci ildə Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qaldı. Əməvi sülaləsinin ən pozğun və cinayətkar nümayəndəsi olan Yezid onun saxta hakimiyyəti ilə razılaşmayan hər kəsi amansızcasına qətlə yetirir. Onlardan biri də Peyğəmbər sülaləsi olur ki, onun da baş qəhrəmanı İmam Hüseyn və onun doğmaları olur.
    Həzrət İmam Hüseyn (ə) On iki Əhli-Beyt İmamının (ə) üçüncüsüdür. O Həzrət (ə) Miladi təqvimlə 626-cı ildə Mədinə şəhərində dünyaya gəlib və 680-ci ildə, 54 yaşında Kərbəla düzündə şəhid edilib.
    Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Müaviyə özündən sonra mənəviyyatdan uzaq həyat tərzi sürən oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi.
    Müaviyə Hicri tarixi ilə 60-cı ildə vəfat edir, ölümündən sonra Yezid xilafət kürsüsünə oturur və insanlardan beyət alınmasına göstəriş verir. O, əmisi oğlu Vəlidə məktub yazaraq bir sıra tanınmış şəxslərlə yanaşı, İmam Hüseyndən (ə) də beyət almasını tələb edir. Əks-təqdirdə İmamın (ə) başını kəsib ona göndərməsini istəyir.
    Yezidin planlarından xəbər tutan İmam Hüseyn (ə) Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı (ə) Kufəyə dəvət edirlər. Rəvayətlərə görə, bu qəbildən olan məktubların sayı minlərlə olur. Vəziyyəti belə görən İmam Hüseyn (ə) öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama (ə) beyət etmək üçün Müslimin yanına gəlirlər. Müslim beyət aldıqdan sonra İmam Hüseyni (ə) məktub vasitəsilə Kufəyə dəvət edir.
    Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.
    Bu zaman Həzrət Hüseyn (ə) Məkkədən Kufəyə yola düşür. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam (ə) Müslimin şəhid olması xəbərini eşidir. Baş verən hadisədən xəbər tutan İmam Hüseyn (ə) gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə toplayır və onlara Mədinəyə qayıtmağı təklif edir. İnsanların bəziləri dağılışır, Həzrət (ə) isə ailəsi və ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam edir.
    Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürr Riyahinin başçılıq etdiyi Kufə ordusu Həzrət Hüseynin (ə) dəstəsinə yetişdi. Onlar İmam Hüseynin (ə) qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər və İmamın (ə) dəstəsini mühasirəyə aldılar.
    Çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qalırdı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynin (ə) qarşısında iki yol qoydu: ya təslim olub Yezidə beyət etmək, ya da qətlə yetirilmək. Azadlıq carçısı olan Həzrət Hüseyn (ə) şəhid olmağı Yezid kimi birisinə beyət etməkdən üstün bildi və “Bizim kimilər Yezid kimilərə beyət etməz” –deyə buyurdu.
    İmam (ə) gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istədi. Səhabələr gecəni səhərədək namaz qıldılar, dua etdilər, bir sözlə, Allahı zikr etməklə başa vurdular.
    Beləliklə, döyüş başlayır. Bu döyüşdə Peyğəmbər (s) ailəsinə qarşı xüsusi qəddarlıq nümayiş etdirilir. Düşmən tərəf İmamın (ə) qucağındakı südəmər körpə Əli Əsğəri belə öldürməkdən çəkinmir. Əvvəlcə yaxınlarını bir-birinin ardınca döyüşə göndərən İmam (ə) sonda özü döyüş meydanına girir. Qarşı tərəf tərəfdarları kimi İmamı (ə) da təkbətək döyüşdə məğlub edə bilməyəcəklərini görüb, uzaqdan daş və ox atmağa başlayır. Atılan daşlardan biri Həzrətin (ə) mübarək alnına dəyib yaralayır. İmam Hüseyn (ə) köynəyini qaldırıb gözünə tökülən qanı silmək istədiyi zaman Yezid qoşununun sərkərdələrindən olan Ömər bin Səd Hərmələ adlı mahir oxatana İmamın (ə) sinəsini nişan almağı əmr edir. Hərmələ nadir hallar üçün saxladığı xüsusi üçbaşlı oxla İmam Hüseyni (ə) sinəsindən vurur və İmam (ə) atdan yerə yıxılır. Ömər bin Səd İmam Hüseynin (ə) başını kəsməyi əmr edir. Heç kim buna cürət etməsə də Şimr adlı bir döyüşçü amansızlıqla qətlə yetirilən Həzrət Hüseynin (ə) başını bədənindən ayırır. İmamın (ə) kəsilən başını nizəyə taxıb təhqiramiz şəkildə Şam şəhərinə, xəlifə Yezidin hüzuruna aparırlar.
    Döyüş bitdikdən sonra düşmən ordusu xeymələrə hücum çəkir, onları talan edərək od vurub yandırır. O qanlı faciədən sonra Peyğəmbər (s) ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Kərbəla çölündən uzaq Şama gətirirlər. Həzrət Hüseynin (ə) başsız cənazəsi isə elə orada, Kərbəla düzündə torpağa tapşırılır…
    Qeyd edək ki, Kərbəla çölündə baş verən bu qanlı savaşda əslən azərbaycanlı olan Müslim Azərbaycani İmam Hüseynin (ə) dəstəsində vuruşmuşdur.

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.