Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen

    VETERANIN SÖYLƏDİKLƏRİ

    “Tərtər Özünümüdafiə Batalyonu”nun yaradılması.
    XX əsrin sonları Azərbaycanın tarixində silahlı münaqişə–Qarabağ müharibəsi ilə yadda qaldı. O illər xalqımız üçün amansız qanlı-qadalı illərə çevrildi. 200 ildən artıq bir vaxtda “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər fürsət düşdükcə ölkəmizə təcavüz edərək, insanlığa sığmayan vəhşiliklər törədir, kənd və şəhərləri dağıdırdılar.
    Lakin xalqın iradəsi qırılmadı, zülmlərə tab gətirməyərək, mübarizəyə qalxdı. Respublikamız müstəqillik qazandıqdan sonra ermənilərə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə ilk Azərbaycan batalyonu yaradıldı.
    Bu batalyona Tərtərdə doğulub boya-başa çatmış oğullarımız–Rafiq Nuriyev, Bakir Əliyev və Rövşən Səfərov ilk olaraq könüllü yazıldılar. Bu igidlərimiz ilk olaraq 1992-ci il yanvarın 26-da Şuşada qanlı “Daşaltı əməliyyatı”nda şəhid oldular.
    Dağlıq Qarabağ hadisələri başlanandan Azərbaycanın bir çox əraziləri kimi doğma Tərtərimiz də müharibə bölgəsinə çevrildi. Rayon aramsız olaraq erməni hərbi birləşmələri tərəfindən atəşə tutulurdu, evlər dağıdılırdı, günahsız insanlar şəhid olurdu. Mülki əhali tərəfindən yaradılan özünümüdafiə dəstələri düşmənə yaxın ərazilərdə təşkil olunmuş məntəqələrdə erməniyə qarşı mübarizəyə qoşuldular və düşmənin rayon ərazisinə daxil olmasına imkan vermədilər.
    1991-ci ilin aprelində rayonun ehtiyatda olan 73 döyüşkən oğlu hərbi komissarlıq tərəfindən çağrılır və “Tərtər Özünümüdafiə Batalyonu” yaradılmağa başlanıldı. Tez bir zamanda yüzlərlə gənc tərtərli könüllü olaraq ərazi özünümüdafiə batalyonuna daxil edildi. 1991-ci ilin noyabr ayında isə Respublika Müdafiə Nazirliyinin 813 saylı “Tərtər Özünümüdafiə Batalyonu” rəsmiləşdirilərək, ermənilərlə mübarizəyə qalxdı. Batalyonun komandiri Elman Hüseynov, qərargah rəisi Pənah Məmmədov, silah-sursat işləri üzrə müavin Fəqan Qurbanov, bölük komandirləri–“Seydimli–Cəmilli” bölüyünə Yaqub Nəsibov, “Qapanlı” bölüyünə Elman Qarayev, şəhər bölüyünə isə Yaşar Məmmədov komandir təyin edildi…

    Bölük komandiri Yaşar Məmmədov
    Məmmədov Yaşar Məhəmməd oğlu 23 avqust 1957-ci ildə Tərtər(Mirbəşir) rayonunun Leninabad kəndində anadan olub. 1964-1972-ci illərdə həmin kəndin 8 illik məktəbini, sonra isə şəhər 2 nömrəli tam orta məktəbin 9-10-cu siniflərini bitirib. 1976-1978-ci illərdə Ukraynada və Karakalpak Muxtar Respublikasında həqiqi hərbi xidmət keçib. Xidməti başa vurduqdan sonra 1978-1980-ci illərdə rayonumuzda tikinti idarəsində fəhlə işləyib. 1981-ci ildə Lenin adına APİ-nin ibtidai hərbi-hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olaraq, 1985-ci ildə həmin institutu bitirib. Təyinatla göndərilərək 1990-cı ilədək Mamırlı kənd tam orta məktəbində çağırışaqədərki hazırlıq rəhbəri işləyib. 1990-cı ildən hal-hazıradək Tərtər Rayon Təhsil Şöbəsində çağırışaqədərki hazırlıq və fiziki tərbiyə üzrə metodist vəzifəsində çalışır.
    “Tərtər Özünümüdafiə Batalyonu”na ilk üzv yazılanlardan biri də Yaşar Məmmədov idi. O həm də bölük komandiri təyin edilmişdi.
    Çox ağır günlər idi. Mənfur qonşularımız riyakarlıqdan, hiylədən, murdar niyyətlərini həyata keçirməkdən əl çəkmirdilər. Əkin sahələrindən, örüş yerlərindən əllərinə keçən hər kəsi əsir götürərək olmazın işgəncələrini verirdilər, “post”larda təxribatlar yaradaraq, ərazilərə soxulmağa can atırdılar. Yeni yaradılmış batalyonlarda müdafiə üçün kiçik həcmli silahlardan istifadə olunurdu ki, onlar da polis şöbəsi tərəfindən az sayda paylanılmışdı. Həmin silahlarla düşmənin güclü “BTR”nin, snayperinin, raket qurğusunun qarşısında duruş gətirmək mümkün deyildi. Lakin buna baxmayaraq, igidlərimiz canları, qanları bahasına Vətənin müdafiəsində dayanırdılar.
    Batalyonun ilk qaranquşları sayılan igidlərimiz hiyləgər düşməni susdurmağa çalışır, kəşfiyyata gedir, mənfurların həmlələrinin qarşısını alırdılar. Əsir götürülmüş həmyerlilərimizi azad etmək üçün onları erməni əsirləri ilə dəyişmək lazım gəlirdi. Bu proses də bizim döyüşçülərimizin hesabına baş tuturdu.
    İlk itki, ilk şəhid
    Bölük komandiri Yaşar Məmmədovun dediklərindən:
    –Mənim haqqımda yazmamışdan əvvəl döyüşçü dostlarımdan yazsanız daha yaxşıdır.
    Mən onları heç zaman biri-birindən ayırmamışam. Hər biri mərd, vətənpərvər, ana, bacı qeyrəti çəkən oğullarıydı. İndi onları xatırlamaya bilmərəm. Ələddinlər, Elxan, İlqar, Rafiq, Nazimlər, Taleh, Çingiz, Cümşüd, Ariflər, Arzuman, Aydın, İslam, İman, Hafizlər, Azərlər, Elman, Qamət, Novruz, Səlim, Qabil, Güloğlan, Mehman çox vətənpərvər əsgərləriydilər.
    Gözümün önündən heç getmir. Qapanlı kəndi ərazisindən bir çobanı ermənilər əsir götürmüşdülər. Onu dəyişmək üçün əvəzinə erməni verilməliydi. 1992-ci il fevralın 12-də bölüyün 5 nəfər döyüşçüsü kəşfiyyata getdi. Həmin əməliyyatda Məmmədov Eldar Əmirxan oğlu şəhid oldu və onun meyidini mənfurlar götürdülər. On iki gündən sonra çox çətinliklə Eldarın cəsədi alınıb torpağa tapşırıldı və o, batalyonun ilk itkisi, ilk şəhidi oldu. Sonrakı əməliyyatlarda–Marağa, Marquşevan, Levonarx uğrunda gedən döyüşlərdə isə Talıstan Axundov və digər oğullarımızın bəzisi şəhid oldu, bəzisi isə ağır yaralandı. Bu itkilərin əsas səbəbi hərbi texnikanın az olması, düşmən tərəfin güclü silahlanması idi.
    Batalyon komandiri haqqında Yaşar Məmmədovun xatirələri
    –Bu gün mən “Tərtər Batalyonu”nun komandiri Elman Hüseynov haqqında söz deməsəm onun ruhu qarşısında özümü bağışlamaram. Hamımızın yaxşı tanıdığımız Elman müəllimi vətənin müdafiəsinə çəkib aparan onun vətənsevərliyi, qeyrətli oğul olması idi.
    Elman müəllim ailəsini, övladlarını da heç zaman yaddan çıxarmırdı. Hətta hansısa bir əməliyyata başlamazdan əvvəl evə baş çəkərdi. Deyərdi ki, “qızım Lalənin başına əlimi qoymasam, yuxusu gəlmir, on beş dəqiqəliyə evə gedim, o yatsın, gəlirəm”. İnsan kimi ən gözəl xüsusiyyətlər onda cəmlənmişdi–vətənpərvərlik, ailəcanlılıq, mədəni, namuslu, savadlı, təvazökar, səmimi , qeyrətli olması onu batalyonda sevdirmişdi.
    “Tərtər Özünümüdafiə Batalyonu”nda vətənpərvər oğullarımız yüzlərləydi. Vəzir Orucov, Mehrac Mahmudov, Ədalət Paşayev və başqa şəhidlərimiz heç zaman unudulmayacaq, Tərtərin igid, qəhrəman oğulları kimi anılacaqlar. Tərtər müdafiəsi uğrunda döyüşən, əlil olan yüzlərlə oğullarımız olub. Akif Lalayev, Vaqif Abdullayev, Məhyəddin Muradov, Duman Məmmədov, Müzakir Kərimov, Mübariz Əliyev, Vaqif Rəhimov, Vahid Mehdiyev, İslam Aslanov, Rəfail Mahmudov, Malik Hüseynov, Elman Qarayev, Babək Səfərov, Bayram İbrahimov və başqa yüzlərlə oğullarımızı düşmənin gülləsinin, topunun, pulemyotunun qarşısına çıxaran ən əsası Vətən sevgisi, torpaq, yurd məhəbbəti idi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Qismət olsun alınmış torpaqlarımızı geri qaytaraq!
    Bölük komandirinin təvazökarlığı
    Qarabağ Müharibəsi veteranı Yaşar Məmmədov haqqında yazmaq fikri ilə onunla söhbət etdim. Təvazökarlıq edərək, özü barəsində yazılmasını istəmədi. Amma döyüş dostları haqqında elə ürəklə danışırdı ki, istəyirdi hər kəsin adı çəkilsin, göstərdiyi rəşadət və qəhrəmanlığı hamıya çatdırsın. “Siz Allah məni çox tərifləməyin, şəhid oğullarımız, yarımcan qalmış qazilərimizi görəndə mən utanıram. Hansı ki, həmin qazilərimiz gözlərindən, qol-qıçlarından olub, ömürləri əlil arabalarında keçir. Onlar haqqında nə qədər yazılsa da azdır”.
    Bu təvazökar insan özü barəsində heç nə deməsə də öyrəndim ki, rayonumuzun və eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşən oğul olub. O, yaralansa da, qismətinə şəhidlik və əlillik yazılmayıbmış. O, müxtəlif döyüş medalları ilə təltif olunsa da, onları yaxasına taxmır. Söyləyir ki, nə vaxt Qarabağımızın ərazisi bütövlənəcək, işğal olunan torpaqlarımız əsir insanları ilə bərabər azad olacaq o zaman da mən o medalları yaxama vuracağam.
    Gözəl arzudur, Yaşar müəllim! Allah sizi arzularınıza çatdırsın!
    Onu da deyim ki, Yaşar Məmmədov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Mülayim Məmmədova şəhər 6 saylı tam orta məktəbdə müəllimdir, kimya fənnini tədris edir, “Əməkdar müəllim”dir. Qızı Aygül Azərbaycan Tibb Universitetini bitirib, hazırda Almaniyada həkim işləyir. Oğlu Vəliyəddin Ukraynada Fövqəladə Halların Mülkü Müdafiə İnstitutunu bitirib.
    * * *
    Yaşar müəllim ehtiyatda olan baş leytenantdır. Marağa, Marquşevan, Leninavan, Həsənqaya, Levonarx, Çaylı, Qırmızıkənd, Seysulan, Güllücə, Buəhmədli, Papravənd, Madagiz, Lüləsaz, Ağdərə və Tərtər rayonu ərazilərində gedən döyüşlərdə iştirak edib, qanlı döyüşlərin şahidi olub. Onun ürəyi bu döyüşlərin xatirələri ilə doludur.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.