Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Sen

    Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsinin təmsilçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə gələcəkdə uğurlar qazanmağı arzulayıb.
    İcra başçısı bildirib ki, “Təhsil millətin gələcəyidir”–deyən ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu qeyd etmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Hazırda Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində çox önəmli işlər görülür. Möhtərəm Prezidentin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətliiqtisadi tərəqqisinin nəticəsi olaraq təhsil sahəsində əlverişli təlim-tərbiyə şəraiti yaradılmış, tədris ocaqlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenidən qurulmuşdur. Milli təhsilin dünya standartlarına cavab verməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlər görülmüşdür və hazırda bu işlər mütəşəkkil qaydada davam etdirilir.
    Ölkə başçısının və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində respublikamızda tikilən və təmir olunan ümumtəhsil məktəbləri millətin gələcəyi olan təhsilimizdə ürəkaçan nailiyyətlərin əldə olunmasına imkan verir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təkcə pedaqoji kollektivlər tərəfindən deyil, bütün xalqımız tərəfindən razılıq hissi ilə qarşılanır.
    İcra başçısı rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq, bildirib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfər tərtərli gəncdən 236 nəfəri ali (onlardan 220 nəfəri builki, 16 nəfər isə əvvəlki illərin məzunlarıdır), 114 nəfəri isə orta ixtisas təhsili məktəblərinə daxil olmuşdur. Onlardan 4 nə-fəri 600-dən yuxarı, 29 nəfəri 500-dən yuxarı bal toplamışdır. Cəmşid Naxçıvanski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunlarının Akademiyasına isə 3 nəfər məzunumuz qəbul olunmuşdur. 600-dən yuxarı bal toplayan 4 nəfərin 1 nəfəri şəhər 2 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri Evoğlu, 1 nəfəri Qapanlı kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 2 saylı məktəb-lisey (32 nəfər), şəhər 1 saylı (29 nəfər), şəhər 5 saylı (11 nəfər), Hacıqərvənd (10 nəfər), Bəyimsarov (12 nəfər), Sarov (13 nəfər), Qaradağlı (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.
    Qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuş, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək, istifadəyə verilmişdir. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə, son on beş il ərzində rayonumuzda 9 məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir olunmuş və 5 modul tipli məktəb quraşdırılmışdır.
    Bundan başqa 2019-2023-cü illər dövlət proqramında şəhər 5 nömrəli, Azadqaraqoyunlu, İsmayılbəyli və Soylan kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, Bəyimsarov və Xoruzlu kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
    Tədbirdə təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Əsgərov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, şəhər 2 nömrəli məktəb-liseyin məzunu, 631 bal toplayaraq, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş Oktay Səfərov, 628 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakultəsinə daxil olmuş Səidə Allahverdiyeva, 534 bal toplayaraq, Azərbaycan Diplomatik Akademiyasına daxil olmuş Ruslan Zeynalovun valideyni Tərlan Zeynalov, 566 bal toplayaraq, Azərbaycan Dillər Universitetinə daxil olmuş Maya Abdullazadənin valideyni Məhbubə Abdullayeva və digərləri tələbə adını qazanmış gəncləri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev gəncləri təbrik edib, onlara öz tövsiyələrini verdi.
    Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənclərə təhsildə və həyatda uğurlar qazanmağı dilədi. Onlara vətənə, xalqa, dövlətə və dövlətçiliyə həmişə sadiq olmağı tövsiyə etdi.
    Tədbirin sonunda 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatı, YAP rayon təşkilatı, təhsil şöbəsi, gənclər və idman idarəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar verildi.

    Müəllif: Redaktor, 10:44

İsmarıclar bağlıdır.