Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    ÖMRÜN GÜNDOĞANINDA QALAN MÜRGÜLÜ XATİRƏLƏR

    1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Ötən əsrin 90-cı illərinin axırlarından Ahıllar Gününü bütün dünyada qeyd etməyə başlayıblar. Bu günün təsis edilməsinin başlıca məqsədi ahıl və yaşlıların həyatda iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdan ibarətdir
    Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar.
    Ahıllar günü əsaya söykənə-söykənə gedən, parklarda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən yaşayan, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Ahıllarımızın harada olmasından, yaşamasından asılı olmayaraq bir şirin sözə, mehribanlıqla dolu kiçik bir qayğıya möhtac ürəkləri var.
    Belə ahıllarımızdan biri Hüseynov Telman Bəhmən oğludur. Onunla təsadüfən tanış oldum. Şəhid atasıdır. Ürəyini parçalayan oğul dərdi var. Vasifinin itkisi bu ahıl insanı köz kimi yandırıb, sızladır, amma başını uca tutur. Çünki, oğlu Vətən naminə, torpaqlarımızın bütövlüyü uğrunda, Qarabağ savaşında şəhid olub.
    İstərdim ki, bu qarsalanmış insanın, ömrünün 78-ci ilini yaşayan ahılımızın həyat yoluna qısa bir nəzər salaq. Hansı ki, bu yolda süd qoxulu körpəlik, qönçəsi çatlamamış gənclik, zəhmətlə qazanılmış xətir-hörmət, əkdiyinin bəhrəsini toplayan ahıllıq durur.
    Telman Hüseynov 1941-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub. 7-ci sinfə kimi şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Mərkəzi xəstəxananın dezinfeksiya şöbəsində işləyə-işləyə fəhlə-gənclər məktəbində təhsilini davam etdirib. Sonra Bakı şəhərindəki 5 nömrəli peşə texniki məktəbdə kinomexanik peşəsinə yiyələnib. 1959-cu ildən Tərtər şəhər kinoklubda baş mexanik işləyib. Bütün oğlanlar kimi Telman Hüseynov da Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Krasnayarski vilayətində 3 il 6 ay hərbi xidmət keçib. Əsgəri borcunu yerinə yetirdikdən sonra ali təhsil almaq üçün Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı institutunun qiyabi elektrikləşdirmə fakültəsinə qəbul olaraq, Bərdə elektrik şəbəkəsində texnik peşəsində çalışıb.
    1970-ci ildən 1974-cü ilə kimi yaxınlarının təkidi ilə 31 nömrəli Tərtər peşə texniki məktəbdə direktor müavini vəzifəsində işləyib. 1974-cü ildən aldığı ixtisasa uyğun olaraq yenidən elektrik şəbəkəsinə qayıdıb, orada 2002-ci ilə kimi texnik, mühəndis, şöbə rəisi, direktor müavini vəzifələrində çalışıb. İndi təqaüddədir. Onun zəhməti “Əmək veteranı” və yubiley medalları ilə qiymətləndirilib.
    Ömür-gün yoldaşı Zümrüdlə 4 övlad böyüdüblər. Kəmalə, Məhparə, Vasif, Elman. Vasif Qarabağ müharibəsində şəhid olub. Qalan 3 övladının hər biri ali təhsilli olmaqla Bakı şəhərində yaşayıb, işləyirlər. Üçü də ailəlidir. Həyat yoldaşı Zümrüd isə 2016-cı ildə dünyasını dəyişib. Telman Hüseynov evində tək yaşayır. Onun tək yaşamasının səbəbini soruşdum, ehtiyacı ilə maraqlandım. Qəribə bir misal çəkdi. Dedi:
    –Oğlum Elman da, qızlarım Kəmalə, Məhparə də Bakı şəhərində hündür mərtəbəli binada yaşayırlar. Uşaqlar məni məcbur edib apardılar ki, burda tək qalmayım. Bir gün darıxdığımdan gəzmək üçün binadan çıxdım. Bu zaman binanın qarşısında bir tabut qoyulduğunu görüb ətrafdakı insanlardan kimin olduğunu soruşdum. Heç kəs kimin tabutu olduğunu bilmədi. Geri qayıdıb uşaqlarımdan soruşdum. Onlar da tanımadı. Elə o gündən Tərtərdən kənarda yaşamağa yox dedim. Gəlib öz evimdə, bütün xeyir-şərimdən xəbəri olan doğma Tərtərimdə yaşayıram. Yay olanda uşaqlarım ətrafıma yığışırlar. Nəvələrim gəlib istirahət edirlər.
    Bircə işdən narahatçılığım var, evimin təmiri yoxdur. Elə bilirəm ki, nə vaxtsa o da olacaq.
    Söhbətdən belə nəticəyə gəldim ki, Telman Hüseynov ahıl yaşda olmasına baxmayaraq, çox nikbin insandır, ürəyi həyat eşqi ilə doludur. Şəhid oğlunun və həyat yoldaşının ruhları gəzən evini kimsəsiz qoymaq istəmir. Darıxanda isə şəhərimizin Heydər parkına və qocalar bağına üz tutur. Orada həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələrini yada salıb dərdləşirlər. O xatirələr isə hər kəs üçün doğma və əzizdir.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:04

İsmarıclar bağlıdır.