Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen

    ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ

    Azərbaycan Prokurorluğu ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm rola malikdir.
    “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız.
    Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”

    Heydər Əliyev.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
    Lakin, bu gün bizə daşıdığımız vəzifənin məsuliyyətini, ağırlığını, xalqımız, dövlətimiz qarşısındakı öhdəliklərimizi bir daha xatırladır.
    Tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən başlamış, Cümhuriyyətin Nazirlər Şurasının 18 noyabr 1918-ci il tarixli qərarı ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilməsi ilə fəaliyyəti təşkil edilmiş Azərbaycan prokurorluq orqanları, istər Cümhuriyyət dövründə, istər 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan edildikdən sonra insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı barışmaz mübarizə sahəsində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Məhz xalq və millət üçün çalışma amalına görə sovet hakimiyyəti illərində kütləvi siyasi repressiyalar prokurorluq orqanlarının kadrlarından da yan keçməmiş, 1937-1938-ci illərdə Azərbaycanda «düşmən və cinayətkar ünsür kimi» 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmişdir. Onların arasında Respublikanın Baş prokurorları Bahadur Vəlibəyov, Böyükağa Talıblı və digərləri də olmuşlar.
    Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, prokurorluğun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasının təmin edilməsinə yönəlmiş, orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuş, onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti igidlik göstərərək orden və medallarla təltif edilmişlər.
    Müqəddəs Qarabağ savaşında da prokurorluq orqanlarının əməkdaşları vətən torpağının bütövlüyü uğrunda döyüşlərdə yaxından iştirak etmişdir. Prokurorluq orqanları sıralarında vətənə, xalqa və dövlətə layiqli xidmət etmiş bütün vəfat edən əməkdaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.
    Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı ilk illərdə ölkəni bürümüş anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurmuş, 15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özbaşınalığa son qoyulmasında prokurorluq orqanlarının da əhəmiyyətli fəaliyyəti olmuşdur. Müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhd kimi xüsusilə ağır cinayət hadisələrinin qarşısı ümummilli liderin xalqla, eyni zamanda prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birgə səyi nəticəsində alınmış, bu əməlləri törətmiş şəxslər barədə cinayət işləri prokurorluq əməkdaşları tərəfindən peşəkərcasına istintaq edilməklə təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi və layiqli cəza alması üçün prokurorluq əməkdaşları fədakarcasına çalışmışdır.
    Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, «hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. Bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür».
    Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qurulmuş və qorunub saxlanılmış və bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə idarə olunan müstəqil Azərbaycan dövlətinin inkişafı, xalqımızın hüquq və mənafelərinin etibarlı təminatı ölkəmizdə ictimai-siyasi sabitliyin vəziyyətindən, qanunlara hamı tərəfindən dəqiq və dönmədən əməl edilməsindən birbaşa asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə ictimai-siyasi sabitlik qorunur, vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyini təmin edən dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mütərəqqi hüquqi islahatlar həyata keçirilir, insan hüquq və azaddıqlarının müdafiəsi təmin olunur.
    Azərbaycan respublikası prokurorluğu və onun bir hissəsi kimi Tərtər rayon prokurorluğu da inkişafımızın əsas dayaqlarınan biri olan ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə digər hüquq-mühafizə orqanları ilə birlikdə səylə çalışır və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Çox şadıq ki, bu gün Azərbaycan Respublikasının qurucluğunda və inkişafında prokurorluq əməkdaşları kimi bizim də əməyimiz vardır.
    Sonda peşə bayramı münasibəti ilə bütün prokurorluq əməkdaşlarını təbrik edir, onlara uzun və sağlam ömür, şərəfli peşəmizdə vətənə, xalqa və dövlətə sədaqətlə, layiqli xidmət arzulayıram.

    Şıxəli ALMƏMMƏDOV,
    Tərtər rayon prokuroru
    baş ədliyyə müşaviri

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.