Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    bulaqTərtər saf havasına, suyuna və gözəl təbiətinə görə Azərbaycanın rayonları arasında həm seçilən, həm də çox sevilən bölgələrdəndir. Təsadüfi deyil ki, yay aylarında rayonumuzun əhalisi xeyli artır. Bunu bazarda, həmçinin mağazalarda alış-veriş edənlərin sayının artmasında da müşahidə etmək mümkündür.
    Belə ki, köhnə tərtərlilər, həmçinin digər bölgələrdən olanlar məzuniyyətlərini rayonumuzda keçirməyə üstünlük verir, necə deyərlər, qış üçün “enerji” toplayırlar. Xüsusən uşaqlar Tərtəri çox bəyənirlər. Ailələr tanıyıram ki, bütün yayı xarici şəhərlərdə, Azərbaycanın dağ yerlərində dincəliblər, amma uşaqlar hər yerdən üstün bizim rayonu bilib, məhz bura gəlmələrini valideynlərindən xahiş ediblər.
    Rayonumuz belə sevgiyə layiqdir! Bunu builki həddən artıq isti keçən yay mövsümündə bir daha gördük. Havanın temperaturu nə qədər yüksək olur-olsun, Heydər parkındakı təbii arxların kənarında, fantanların ətrafında, Bayraq Meydanında, rayonumuzdakı digər istirahət guşələrində insanlar istidən əziyyət çəkmirdilər.
    Bəs, necə etmək olar ki, qonaqlar Tərtərə ancaq yay aylarında deyil, bütün ilboyu gəlsinlər? Yəni, Tərtərin turizm potensialını hərəkətə gətirmək mümkündürmü?
    Bu sualla Tərtərin bir neçə yaşlı sakininə müraciət etdik.
    Allahverdi Məmmədov, təqaüddə olan müəllim:
    –Sovet dönəmində hazırda Şıxarx adlanan qəsəbəyə gedən yolun sağ tərəfində yerdən isti su çıxırdı. Bu, təxminən ötən əsrin ortalarında idi. Deyilənə görə, həmin isti su Kəlbəcərdəki İstisuyun bir qoluydu. Kükürdlü olan bu suya kibrit vuranda yanırdı. Bir çox xəstəliklərin dərmanıydı. Xüsusən də dəri xəstəliklərinin. O zaman həmin yerə təkcə Tərtərin özündən deyil, ətraf rayonlardan da insanlar gəlirdilər. Xəstələrin suya düşməsi üçün münasib şərait yaradılmışdı: kabinələr düzəldilmiş, hamam vannaları qoyulmuşdur. Möcüzəli su idi. Özüm şahidiyəm ki, dəridəki müxtəlif yaralarla, səpkilərlə gələn xəstələr sağalıb qayıdırdılar. Sonralar həmin yerdə hansısa bir tikilinin inşasına başladılar və istisu batırıldı.
    Eldar Əsədov, İsmayılbəyli kənd İƏD üzrə nümayəndə:
    – O möcüzəli sudan bizim kəndin yaxınlığnda da var. İsmayılbəyli kəndinə dönən yolun sağ kənarında, Qarağacı kəndinin ərazisində yerləşir. Əvvəllər, yəni sovet dönəmində bura gözdən uzaq sakit guşə idi, yerdən çıxan isti su kiçik bir göl yaratmışdı. İnsanlar da gəlib göldə çimirdilər. Bu sudan 2-3 dəfə istifadə etdikdə ən ağır səpkilər müalicə olunurdu.
    İndi həmin ərazidə qaçqınlar məskunlaşıblar. Amma isti su mənbəyi yenə də qalır.Bu barədə məlumatı olanlar bəzən gəlib qablarda su aparırlar ki, evdə istifadə etsinlər. Çünki artıq burada lazımi şərait yoxdur.
    Eşitdiyimizə görə, belə su mənbəyinin biri də hal-hazırda Tərtər çayının yatağında, Sabir küçəsinə yaxın ərazidə yerləşir və bundan istifadə edib xeyir tapanlar da çoxdur. Hətta indi “əsrin xəstəliyi” olan osteoxondrozun müalicəsi zamanı da kükürdlü sudan şəfa məqsədilə istifadə edənlər var.
    Tərtər torpağının altı da, üstü də bin-bərəkətdir, möcüzədir, Şəfadır. Yaxşı olar ki, alimlərimiz Tərtərin isti sularına bir daha diqqət yetirib lazımi tövsiyələr versinlər. İnsanların təbii müalicələrə daha çox meyl göstərdikləri bir dövrdə bu, rayonumuzun turizm imkanlarını genişləndirər və əhalinin sağlamlığına müsbət təsir göstərər.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:07

    Teqlər:

İsmarıclar bağlıdır.