Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir.
    Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağıq Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.

    1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi “DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında” qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” qanun qəbul etmişdir.
    1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.
    Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.