Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Qətl hadisələri dünyanı bürüyüb. Müharibələr, təbii fəlakətlər, terrorçuluq, narkomanlıq azıymış kimi, bir tərəfdən də insan insanı qətlə yetirir, heç “uf!” da demir. Ələlxüsus da doğmalar bir-birinin qatili olur–ər-arvadını öldürür, qardaş-bacısını, oğul ata-anasını, ata-ana öz övladını… Dəhşətdir! Bunlar necə baş verir, adam doğmasını necə öldürə bilir, necə əlləri gəlir?! Gərək ürəyin daş olsun ki, bir canlını məhv edəsən, gözü baxa-baxa bir insanı öldürəsən. Ölüm anında o dəhşətli baxışlar, o uçunmalar, o qorxunc və tükürpədici səslər xəyalıma gəldikcə, əsməcə tutur məni, tüklərim biz-biz olur. Elə bunlara görədir ki, ömrümün bu çağına qədər bir toyuq başı kəsməmişəm, bir canlını, qarışqa olsa da, öldürməyə ürək eləməmişəm, gül-çiçəyi, yaşıl otu tapdalamağa cürətim çatmayıb; kimsə bir ağac budağı sındıranda pis olmuşam, hamısı canlıdır, axı! Tanrının yaratdığını insan necə məhv edə bilər, ömrünə necə son qoya bilər?! Bu, Allah dərgahında böyük günah sayılır. Hətta insan özü-özünə qəsd edəndə, yəni özü-özünü öldürəndə belə Yaradan onu bağışlamaz, onun yeri birbaşa cəhənnəm olar.
    Azərbaycanda hər il xeyli dəhşətli qətl hadisələri baş verir. Kifayət qədər tükürpədici cinayətlərin qeydə alınması cəmiyyətin aqresivləşməsinin göstəricisidir. Bu aqresiya isə insanların düşdüyü mühit və bu mühitin iyrənc xüsusiyyətləridir. Yəni cinayətlər mühitin şüura təsirinin məntiqi nəticəsidir.
    Müşahidələr zamanı hadisələrin əksəriyyətinin namus üstündə baş verdiyi məlum olsa da, bəzi qətllərin törəmə səbəbləri müxtəlifdir. Səbəb nə olursa-olsun, sonuc–insan ölümüdür. Qatil isə dünyanın ən dəhşətli varlığıdır.
    Baş verən qətl hadisələrinin bəzilərinin üstü açılsa da, bəziləri hələ də müəmmalı olaraq qalır.
    Baş verən dəhşətli kriminal hadisələrin çoxluğu bu sahəyə daha ciddi diqqət yetirməyi tələb edir. Bu hadisələr bəzən adi bir mübahisədən yaranır, bəzən pul üstündə olur, bəzən qısqanclıq zəminində baş verir, bəzən ailə münaqişələri ölümlə nəticələnir. Səbəb nə olursa-olsun, fərqi yoxdur, çünki sonda bir insan qatil, digəri qurbana dönür.
    Respublikamızda, o cümlədən, Tərtər rayonunda törədilən, internet saytlarında və digər mətbu orqanlarında yayımlanan bəzi qətl hadisələrinə nəzər yetirək.

    * * *

    Tərtər rayon sakini keçmiş həyat yoldaşı ilə yaşayan kişini öldürüb. Hadısə 2016-cı ildə Tərtər şəhərində Cəlil Məmmədquluzadə küçəsində, qadının kirayədə yaşadığı 86 saylı evin qarşısında baş verib. Məlumata görə, keçmiş həyat yoldaşı Cəmilə Əhmədovanı qısqanan 44 yaşlı Tərtər rayon sakini Vüqar Hüseynov Cəmilə Əhmədova ilə yaşayan Kəlbəcər rayonundan məcburi köçkün 35 yaşlı Qaraxan Məmmədova iki bıçaq zərbəsi endirib. Sinə nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    * * *

    Bu ilin may ayında Tərtər rayonunda bir nəfəri öldürüb, digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub.
    Aprelin 26-da Tərtər şəhərinin Ədalət Paşayev küçəsi, bina 8, mənzil 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Cavid Faiq oğlu Məmmədlinin şəhərin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.
    Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib.
    Sonra məlum olub ki, Cavid Məmmədlinin ölümünün səbəbi intihar yox, qətldir.
    Meyitin bədəninin müxtəlif nahiyələrində–yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri aşkar edilib. Həmin barmaq izlərinin və ağacda kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.
    Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 1980-ci il təvəllüdlü Nuru Fərman oğlu Allahverdiyev saxlanılıb.
    Saxlanılan şəxsin dindirilməsi zamanı daha bir qətl törətməsi də məlum olub.
    Belə ki, Nuru Allahverdiyev ötən ilin noyabr ayında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş Rəşad Nərimanlının qatili olduğunu etiraf edib.

    * * *

    Bir qətl hadisəsi isə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə” bazarının yaxınlığında baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovun həmin ərazidə meyiti tapılıb.
    Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən restoranlardan birində Ramin Orucov və Eldəniz Məmmədov yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Belə ki, Ramin Orucov Eldəniz Məmmədovu təhqir edib. Mübahisə zəminində Eldəniz Məmmədov Ramin Orucovu döyüb.
    Mübahisənin yaranmasına səbəb hər iki şəxsin atasının məhkumluq həyatı yaşaması olub.
    Ağır bədən xəsarətləri alan Ramin Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.

    * * *

    2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmaq cəhdinin qarşısının alınması zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov öldürülüb. Polislər kəsici-deşici alətlərin zərbələri nəticəsində qətlə yetiriliblər

    * * *

    2018-ci ildə Bərdə rayonunda gənc xanəndələr olan Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzasında dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Daha sonra isə onlardan birinin intihar etdiyi bildirilsə də, hadisənin əsl motivləri üzə çıxıb. Belə ki, Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub. Qəzaya düşən “Mercedes” markalı avtomobildə meyiti tapılan Miryusif Mirizadənin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi Novruz Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, “Qarabağ” su kanalında yerli sakinlər tərəfindən aşkar edilib. Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. Novruz Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü “Qarabağ” su kanalına ataraq intihar edib. Xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb. Sonradan hadisənin təfərrüatları da məlum olub. Belə ki, iyulun 31-də Miryusif Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.
    Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonaqlara yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın Novruz Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib. Məlum olub ki, həm Miryusif Mirizadə, həm də Novruz Hüseynov narkotik maddə qəbul edirmişlər. Sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

    * * *

    Avqust ayında Cəlilabad rayonunda ana və qızı xüsusi amansızlıqla qətlə yetirilib. Rayonun Ocaqlı kəndində baş verən hadisə zamanı kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova həmkəndliləri, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər.

    * * *

    Quba rayonunda əmisinin gəlini ilə eşq yaşayan 26 yaşlı Elşad Əsədov xüsusi amansızlıqla öldürülüb. Belə ki, Elşad Həsənov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı, iki uşaq anası Aynur Əsədova ilə sevgili olub. Daha sonra sevgililər qoşularaq qaçıblar. Elşad Həsənov bir neçə gün sonra əmisi oğlanları tərəfindən tapılıb döyülərək öldürülüb.

    * * *

    Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanov Şabran şəhər sakinləri–Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov tərəfindən cinçıxarma adı ilə xüsusi amansızlıqla öldürülüb. Onlar gənc oğlanı döyərək qətlə yetiriblər.

    * * *

    Bakıda qayın iş adamı olan yeznəsini güllələyərək amansızlıqla qətlə yetirib.
    Ağır cinayət gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
    Araşdırmalarla müəyyən edilib ki, 47 yaşlı Məmmədov Ramiz Hümbət oğlu avtomobilində ov tüfəngi ilə güllələnib. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.
    Qatilin mərhumun qaynı “Hozu” ləqəbli 45 yaşlı Rauf Həsənov olduğu aşkar edilib.
    Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi hadisəni törətməkdə şübhəli bilinən şəxs idarə etsə də, “84” və “113” nömrəli avtobusların marşrut xətləri Ramiz Məmmədova məxsus olub. Qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.

    * * *

    Zaqatalada ər arvadını bıçaqlayaraq qətlə yetirib. Hadisə axşam saatlarında Zaqatala rayonu, Muxax kəndi ərazisində baş verib. Rayonun Suvagil kənd sakini 37 yaşlı Büllurə Qədirova əri Qədir Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Təcili yardım onu xəstəxanaya aparsa da Büllurə Qədirova yolda dünyasını dəyişib.

    * * *

    Bu qanlı hadisələrin xronologiyasını uzadmaq olar. Lakin qətllərin səbəblərinin mahiyyətinə varanda təəssüflə fikirləşirsən: “Bunlar insanın insanı öldürməyə haqq və əsas yaradırmı?”. Hər bir qanunsuz əməlin arxasında onun cəza hökmü dayanır ki, bunu da məhkəmələr icra edir.
    Əlinizi qana batırmamış, kiminsə ölümünə bais olmamış və qatilə çevrilməmiş bir daha fikirləşin. Bir də yalnız özünüzü yox, ailənizi, doğmalarınızı da, həmçinin həyatına son qoyduğunuz insanın yolunu gözləyən əzizlərini düşünün və əl saxlayın! Onsuz da insan ömrü çox qısadır. Siz də bir tərəfdən onu qısaltmayın!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.