Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    новый-111Milli müsiqimizin yubileyi ərəfəsi idi. Bununla bağlı nə isə yazmaq fikrinə düşmüşdüm. Düşünürdüm ki, bizim xalqın çox qədim musiqi tarixi var. Analarımızın laylaları kimi iliyimizə işləyən muğamlarımız, aşıq havalarımız, bəstəkar və xalq mahnılarımız var. Bunların da ta yüzilliklərdən bəri gözəl ifaçıları, ustadları olubdur. Bu barədə ətrafımdakılarla fikrimi bölüşdüm. İş yoldaşım bizim rayonun Bayandur kəndindən gənc bir qızın bu ilin əvvəlində muğam müsabiqəsində iştirak etdiyini söylədi və onun haqqında tanışlıq üçün qısa məlumat verdi. Tanınmaza-bilməzə həmin qızla görüşmək, haqqında yazmaq istədiyimi redaktora bildirdim. Redaktor xahişimi nəzərə aldı və həmin qızı redaksiyaya dəvət etdik. Evlərindən xəbər verdilər ki, müəyyən işləri ilə əlaqədar Bakı şəhərindədir. Bir-iki günə gələcək…
    … Və bir gün redaksiyaya bir qız gəldi. Bildirdi ki, muğam müsabiqəsində iştirak etdiyimə görə məni redaksiyaya çağırıblar. Bu qızı görcək heyrətimi gizlədə bilmədim. Gözlərinin işığında sehrləndim. Sanki odun, alovun içinə düşdüm. Bəlkə də gənc oğlan olsaydım ilk baxışdan ona vurulardım. İlahi, gözəlliyə bax!… Qeyri ixtiyari: “Allah səni qorusun”–dedim və onunla söhbət etməyə başladım. Sanki qarşımda eyib-siz bir mələk dayanmışdı.
    – Bir az özünüz haqqında məlumat verə bilərsinizmi?
    – Mən Ülviyyə Məmmədzadə 1991-ci ildə Bayandur kəndində anadan olmuşam. Anamla birlikdə yaşayıram. Anam Xoruzlu kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. Xoşbəxt ailəmiz vardı. Atam Xosrov, anam Zülfiyyə, qardaşım Ülvi və mən. Bizim gələcəyimiz üçün ata-anamız bir cür, bacı-qardaş biz isə başqa cür xəyallar qururduq. Lakin bütün insanlar kimi biz də yazılmış qismətimizdən xəbərsiz idik.
    Ülviyyə danışdıqca o hissləri onunla birgə yaşayırdım. Axı, bu acılar, ağrılar mənə yad deyildi. Ata, qardaş itkisi, düçar olduğu faciələrdən özünə qapanmaq, həyatdakı bütün xoşbəxt məqamlardan uzaqda qalmaq anlarını özüm də yaşamışdım. Məhz belə vaxtlarda insanı dərddən ayıran bir qüvvəyə ehtiyac olur. Nə yaxşı ki, yer üzündə yaxşı insanlar var.
    Ülviyyənin də, qardaşı Ülvinin də gözəl səsləri var idi. Hələ kiçik yaşlarında eşitdikləri xalq mahnılarını, muğamları əzbərləyib oxuyardılar. Hər ikisinin arzusu idi ki, böyüyəndə Leyli və Məcnunu oynasınlar, ata-anaları isə tamaşaçılar arasında övladlarını dinləsinlər. Çox təəssüf ki, onların arzusu həyata keçməmiş qaldı. Əvvəl atasının, sonra qardaşının faciəli itkisi Ülviyyəni həyatdan təcrid etdi. Hətta onun xəstələnməsinə səbəb oldu. Bütün günü qəmli mahnılar oxuyardı. Ən çox muğama qulaq asardı. Anası Zülfiyyə müəllim naəlac qalmışdı. Gənc qızının bu vəziyyətdən qurtarması üçün yollar axtarırdı. Təlaş içində olan ana bir gün qızının əhvalının dəyişdiyini, sifətindəki təbəssümü gördü. Sən demə, Ülviyyə yaxın qohumu telejurnalist İradə İsaqdan xahiş edib ki, onu Azərbaycanın xalq artisti, məşhur xanəndə, səhnədə dəfələrlə Məcnunu oynayan Mənsum İbrahimovla tanış etsin. Ona görə sevinirdi ki, artıq Ülviyyə bu məşhur insanla görüşə gedəcəkdi…
    Deməli, qaranlıqlar içərisində işıq seli görünməyə başlamışdı. Ülviyyə qardaşının arzularının həyata keçməsi xatirinə ilk addım atmağa nail olmuşdur. Elə bilirdi ki, Mənsum müəllimlə görüşsə, onun köməkliyi ilə arzularının qapılarını açacaqdır. İlk görüş, ilk tanışlıq ürəyincə oldu. Məşhur muğam ustadı heç bir musiqi savadı və təcrübəsi olmayan qızcığazın “Ay bülbüllər” mahnısını və iki muğamdan parçaları dinlədikdən sonra onu öz dərslərində iştirakçı olmağa dəvət etdi. Beləliklə də Ülviyyənin xoşbəxt günləri başladı. İki ay ardıcıl olaraq dərsdə dinləyici kimi iştirak edərək müsiqimizin əlifbasını öyrəndi. Lakin bu azlıq edirdi. Mükəmməl ifaçı olmaq üçün təhsil almaq lazımdır. Hələ ki bu arzu ilə yaşayır…
    Onların qonşusu Bahar Ülviyyənin istedadını görürdü. Azərbaycan televiziyasında muğam müsabiqəsinin elan olunduğunu eşitmişdi. Ona görə də Ülviyyənin o müsabiqədə iştirak etməsini məsləhət bildi. Bütün yaxınlarının köməkliyi ilə gənc qız 2015-ci ilin fevralın 16-da 5-ci muğam müsabiqəsinə qatıldı. Yüzlərlə ifaçıların içərisindən seçilmiş 20 nəfərdən biri Ülviyyə oldu. Qürurverici idi. Məşqlər başladı. Hər gün təcrübəli xanəndələrdən, muğam ustalarından dərs almaq, məşhur sənət adamlarının əhatəsində olmaq ürəyi arzularla dolu bu qızın ümidlərini, inamını daha da artırırdı. Həftədən-həftəyə yeni-yeni muğamlar, təsniflər, xalq və bəstəkar mahnılarını öyrəndikcə qəlbi fərəhdən coşub-daşırdı. Deməli, atdığı addımda yanılmamışdı. Beləcə musiqi təhsili olmayan bir qız artıq onuncu həftəyə kimi gəlib çıxdı. “Qatar”, “Bayatı-Şiraz”, “Mənsuriyyə” muğamlarını oxuduqdan sonra münsiflərin söylədiyi yaxşı fikirlər onu daha da həvəsləndirirdi. Çünki ürəyində gələcəyin Leylisi olmaq arzusu vardı. Əlbəttə, o, ürəyindən keçənləri–­­­­bircə dəfə də olsa Leylini oynamaq, musiqi təhsilli xanəndələrdən olmaq istədiyini həmkarlarına və müəllimlərinə bildirmişdi. Elə Ülviyyənin qalib gəlməsinə mane olan səbəblərdən biri muğamların bəzilərini tam öyrənə bilməməsi idi. Ona görə də artıq onuncu həftədə müsabiqədən çıxmasına səbəb münsiflər heyətinin üzvü Əlibaba Məmmədovun az xal verməsi oldu və yarışmanı dayandırdı. Ümidlər heç zaman ölmür, daha mətin olmağa səsləyir…
    10 həftə! Bu, günəş gözlü qızın addımlarını möhkəmlətdi. Həyatda daha iradəli, mətin olmağı öyrətdi. İlahidən qismət olmuş bir istedadı xalqa daha yaxşı tərzdə çatdırmaq lazımdır. Bunun üçün təhsil almaq vaxtıdır. Məhz Ülviyyənin arzusu budur. Məqsədi Asəf Zeynallı adına musiqi kollecinə daxil olmaqdır.
    Tərtərimizin günəş gözlü qızı, arzu edirik ki, sən səhnənin Leylisi olasan, anan Zülfiyyə müəllim və bütün səni sevənlər zalda tamaşaçı olsun.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 14:48

    Teqlər:

İsmarıclar bağlıdır.