Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    “ŞAGİRDLƏRİMLƏ FƏXR EDİRƏM”

    “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
    Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.”
                                                                                                                                         Heydər ƏLİYEV
    Ömrünü şagirdlərinin yolunda şam kimi əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu məşələ çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.
    Müəllim peşəsi şərəfli peşədir. Bu peşəni sevdirən, onu dəyərləndirən isə müəllimdir. Rayonumuzda seçdiyi peşəni ürəkdən sevən, onu həvəslə tədris edən müəllimlərimiz yüzlərlədir. Onlardan biri də Umudlu kənd tam orta məktəbinin tarix müəllimi Qızbəs Hüseynovadır.
    Qızbəs müəllim doğma Tərtərimizin İrəvanlı kəndində anadan olsa da, soykökü Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindəndir. 1948-1953-cü illərdə sovet imperiyasının mənfur siyasəti nəticəsində Qərbi Azərbaycandan öz dədə-baba yurd-yuvalarından departasiya olunan azərbaycanlı ailələr içərisində Hüseynovlar şəcərəsinin nümayəndələri də vardır. Onların bəziləri müxtəlif rayonlarda yerləşsələr də Hüseynov Yadigar Rüstəm oğlu həyat yoldaşının əmisi Qasım Məmmədov Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşdığı üçün onlar da bu kənddə yaşamalı olur. Yadigar kişi o zaman öz həmyerlisi Minarə adlı qızla ailə həyatı qurur. Həmin evlilikdən 6 qız, 1 oğlan dünyaya gəlir. Yadigar kişi ailəsini çox çətinliklərlə saxlamalı olur, övladlarını fəhləliklə böyütsə də hər birini ali təhsilli edir. Onların arxasında dayanaraq müəllim, həkim, polis işçisi kimi yetişmələrinə nail olur. Qızbəs müəllim də bu zəhmətkeş atanın övladlarından biridir. Qızbəs müəllim 1995-ci ildə testlə imtahan verərək Azərbaycan Pedaqoji İnstitutun qiyabi tarix fakültəsinə daxil olur. 1999-cu ildə institutu tarix müəllimi ixtisası ilə bitirərək ilk təhsil aldığı Söylən kənd tam orta məktəbində fəaliyyətə başlayır.
    Qızbəs müəllim ilk dərs gününü belə xatırlayır:–İlk dərs günü həddindən çox həyəcan keçirirdim. Məktəbimizdə təhsil şöbəsindən nümayəndə varıydı. Dərs deyəcəyim sinfə girdi və mənim keçdiyim dərsə qulaq asdı. 45 dəqiqə sona çatdı. Nümayəndə sinifdən çıxanda “sifətin pencəyin rəngdədir” –dedi. Müəllimlər otağına keçəndə özümə nəzər yetirdim ki, qırmızı rəngli pencək geymişəm, sifətim də həyəcanımdan qıpqırmızıdır.
    Gündən-günə təcrübəli müəllimlərdən öyrənərək püxtələşdim. Hər şeydən öncə ixtisasımı sevdim və onu şagirdlərimə sevdirməyi bacardım. 2004-cü ildə həm təhsil aldığım, həm də işlədiyim Söylən kənd tam orta məktəbindən ayrılası oldum. Umudlu kənd tam orta məktəbində işləməyə başladım.
    Qızbəs müəllimin artıq 20 illik pedaqoji təcrübəsi var. Bu illərdə onlarla şagirdinin qəlbində tarix dərsinə sevgi toxumları əkib. Vətənini sevən insanlar yetişdirib. Şagirdlərin sorağı ali məktəblərdən gəldikcə fəxr eləyib, qürur duyub.
    Qızbəs müəllim tələbəlik illərində olduğu kimi indi də təkcə müəllimliklə məşğul deyil. O həm də gözəl məqalələrlə mətbuatda çıxış edir. “Dərələyəz” və “Yeni Tərtər” qəzetində maraqlı yazıları onu oxuculara sevdirib. Söz düşəndə isə bildirir ki, “çalışıram ki, həm dərs dediyim şagirdlərim vətənpərvər böyüsünlər, həm də yazdığım məqalələr vətənpərvərlikdən bəhs etsin. Mən ata-anaya hörməti, vətənə sevgini yüksək qiymətləndirən bir insanam. Özümü həmişə onlara borclu sayıram”.
    Bu qəzetlərdəki yazılarıma görə söz adamları Tofiq Yusif və Vaqif Səmədova minnətdarlıq edirəm, –dedi. Bu insanların mənim fikirlərimi oxuculara çatdırmaqda böyük rolları vardır.
    Yetirmələrinin onunla tez-tez görüşmələri Qızbəs müəllimin bir daha unudulmadığını isbatlayır.
    Qızbəs Hüseynova müəllim adını uca tutan, onu şərəflə təmsil edən müəllimlərimizdəndir. Onun simasında şərəfli müəllim adını daşıyanlara bu yolda sonsuz müvəffəqiyyətlər arzulayıram.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.