Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    ALLAH MÜHARİBƏNİ HEÇ KİMƏ GÖSTƏRMƏSİN!

    Çardaxlı kəndinin ermənilərdən təmizlənməsi tapşırığı verilmişdi bölməmizə. Batalyonla birlikdə hamı Çardaxlı istiqamətində irəliləyirdi. Döyüş başladı. Atəş təkcə qarşı tərəfdən deyildi, hər tərəfdən atılırdı. Düşmən mühasirəsinə düşməyimiz ağlımıza da gəlmirdi. Bölmə komandiri Cavanşir İsmayılov ucadan səsləndi:
    –Uşaqlar, özünüzü itirməyin, deyəsən, mühasirəyə düşmüşük, ehtiyatlı olun!
    Vaxtı itirmək, sayıqlığı əldən vermək hamımızın məhvi ola bilərdi. Gecədən səhərə kimi mühasirədə qaldıq, səhərə yaxın düşmənin mühasirəsini yarıb çıxdıq. Amma şəhidsiz olmadı. Yaralananlarımız da çox oldu. İgid döyüşçülərimizdən biri Rasim Burcalıyev gözümün önündə qəlpə dəyərək sinəsini dağıtdı və orada şəhid oldu. Allah heç kimə göstərməsin! Mühasirəyə düşmək çox dəhşətliydi!…
    Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Calal İsmayılov o günləri xatırladıqca həyəcanını gizlədə bilmirdi: “Biz görmüşük, Allah övladlarımıza göstərməsin!”–deyirdi. Müharibənin dəhşətlərini görmüş hər kəs bu arzu ilə yaşayır. Heç bir ata-ana boya-başa çatdırdığı övladının müharibə qorxusu ilə yaşamasını istəmir. Elə Calal İsmayılov da.
    Calal Səhlabad kənd sakinidir. Qarabağ savaşı başlayanda o, Rostovda hərbi xidmət keçib gəlmişdi. Mirbəşir Narçılıq sovxozunun fermasında malabaxan işləyirdi. Ermənilərin törətdikləri cinayətlər hamı kimi Calalı da hiddətləndirirdi. Nəhayət, 1993-cü ilin oktyabrında “Tərtər–2” Özünümüdafiə Batalyonunun tərkibinə daxil olur, Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı mübarizə aparır. Bir çox döyüşçülər kimi o da düşmən gülləsinə tuş gəlir. Üçüncü Sovxoz istiqamətindəki döyüşdə onun yanına tank mərmisi düşdüyü üçün kəllə-beyin travması–qantuziya alır. Əvvəlcə Tərtər hospitalında, sonra isə Bakı şəhərində Papalin xəstəxanasında müalicə alır. Sağalar-sağalmaz yenidən döyüş yoldaşlarının yanına qayıdaraq mübarizəyə qoşulur. 1995-ci ilin oktyabr ayınadək torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz döyüş yolunu davam etdirir.
    Calalın bu fədakarlığı dövlətimiz tərəfindən qiymətləndirilib. “Vətən naminə” medalı ilə təltif olunub. Prezident təqaüdü alır. O, bu gün də torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmağa hazırdır.
    Söhbət zamanı: “İtirilmiş torpaqlar bizimdir, onu biz geri qaytarmalıyıq. Axı, bizim ordumuzun gücü o dəhşətli günlərdəkindən qat-qat üstündür. İndi ordumuz ən müasir, güclü texnika ilə silahlandırılıb”–dedi.
    Calal ailəsində tez-tez döyüş günlərindən söz açaraq danışır. Oğlu Elmanla, qızı Gülnarənin, hətta nəvələrinin də vətənpərvər ruhda böyüməsi üçün onlara yurdun hər daşının, hər qarış torpağının qədir-qiymətli olmasını dönə-dönə xatırladır. Vətənimiz valideynlərimiz qədər önəmli və əzizdir, axı.
    Bu gün sıramızda Qarabağ müharibəsi qaziləri çoxdur. Onların hər biri müasir gənclərimizə nümunə və örnəkdirlər. Allah hər birinə cansağlığı versin!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.