Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    YAXŞI Kİ, ÜMİD VAR!…

    Bu günlərdə redaksiyamıza yaşlı bir kişi gəldi. Bir qədər özündən, ailəsindən, yaşama tərzlərindən danışdı. Övladları haqqında qısa olaraq məlumat verdi. Bir az da küskün olmasını hiss elətdirdi. Onun söhbətindən anladım ki, şəhid atasıdır. Küskünlüyünə səbəb olan da elə oğul itkisidir. Bu qəmli atanın sözlərinə səbrlə qulaq asdıqdan sonra ona nə deyəcəyimi düşündüm. Yaxşı bilirəm ki, bu cür insanlarla söhbət edəndə də gərək hər bir sözə fikir verilsin, çünki sınmış qəlbin təkrarən qırılmasına səbəb ola bilərdim…
    Bir az təskinlik verdim. Oğlunun şəhidliyini, hamımızın, öncə xalqımızın şəhidi olduğunu söylədim. Şəhidlərin heç zaman unudulmadığını, şəhid adının yüksək olduğunu və hər kəsə nəsib olmadığını söylədim. Bu zaman hiss etdim ki, bu dərd köləsi olan atanın əsəbini bir az sakitləşdirdim. Hətta: “Çox sağ ol, ay bala!” –dedi də…
    Bu, şəhid İlham Sarıyevin atası Əli kişi idi.
    İlhamgil ailədə 5 uşaq olublar, Azad, Mübariz, Azər, İlham, İlhamə. Ataları Əli kişi sürücü, anaları Solmaz evdar qadın idi. Sadə, zəhmətkeş bir ailə olublar. Uşaqların hər biri öz qismətini yaşayıb. İlhamın qismətinə isə şəhidlik düşüb.
    İlham 1972-ci il mart ayının 24-də baharın ilk günlərində doğulub. Bütün qardaş-bacısı kimi qayğı ilə böyüyüb. Orta təhsilini Tərtər şəhər 2 saylı tam orta məktəbdə aldıqdan sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətdən qayıtdıqdan sonra 41 nömrəli səyyar mexanikləşdirilmiş tikinti təşkilatında, sonra isə Tərtər pambıqtəmizləmə zavodunda işləyib.
    Gözəl arzularla yaşayırdı. Heç kəsə deməsə də, gizlin gözaltısı varıydı. Bir az qaraqabaq görünsə də deyib-güləniydi. Son zamanlar bu gəncin əhvalına bir qayğı da təsir etmişdi. Hətta iş yoldaşları da bunu hiss edirdi. Əlbəttə, hamı bilirdi ki, bu qayğıya səbəb son zamanlarda mənfur qonşularımızın törətdikləri cinayətlər, torpaqlarımıza göz dikmələridir. Artıq hə­­­r kəs vətənin müdafiəsi barədə düşünürdü. Elə İlham da.
    1993-cü il 12 aprel. Milli Ordunun “N” saylı hərbi hissəsinə yazılanların sıralarında Sarıyev İlham Əli oğlunun da adı varıydı. Bütün iş-güc hamısı arxada qaldı. Yalnız Vətənin, torpaqlarımızın müdafiəsi gərək idi.
    Ordunun tərkibindəki bütün döyüşçülər kimi İlham da erməni işğalçılarına qarşı döyüşdü. Ağdərə ətrafında gedən döyüşlərdə mərdliklə mübarizə apardı. Lakin erməni düşmənin gülləsi onun mübarizəsini davam etdirməsinə aman vermədi. 1994-cü il yanvar ayının 7-si İlhamın son döyüşü oldu. Ağdərə ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bütün arzu və istəkləri də özü ilə bərabər şəhid oldu.
    Vətən uğrunda şəhidlər sırasına subay İlham Sarıyevin də adı yazıldı. Yaddaşlara bir şəhid də köçdü.
    Şəhidlər bizim qürur yerimizdir. Dövlətimizin və xalqımızın diqqət və qayğısı hər an şəhid ailələrinin, Qarabağ müharibəsi döyüşçülərinin üzərindədir. İlham Sarıyevin də adı əbədiləşdirildi. Şəhərimizin küçələrindən birinə onun adı verildi.
    İlhamın atası Əli kişinin redaksiyamıza gəlişinin bir səbəbi də rayon rəhbərliyinə mətbuat vasitəsilə minnətdarlıq bildirmək idi. Həm də şəhid atası kimi bəzi ehtiyaclarından danışdı. İnanırıq ki, onlar da öz qaydasına düşəcək. Əli kişinin küskünlüyünün bir az da səbəbi o ehtiyaclarıdır.
    Bizim vətəndaşlarımızda bir nikbinlik, qürur var. Dərdimizi açıb danışmaqdansa, onu ürəyimizdə çəkməyə adət etmişik. Əli kişi də belədir. Amma hər şeyə bir ümid var. Yaxşı ki, ümid var…

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.