Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    Bu yazıda sözün qüdrətindən, söz haqqında qiymətli aforizmlərdən nümunələr gətirməyəcəyik. Çünki nə yeri, nə zamanıdır. Bir həqiqət var günümüzdə: Nə sözə baxan var, nə sözəbaxanlar. Müəllimlər deyir ki, uşaqlar sözə baxmır, xəstələr həkimlərin sözünü dinləmir. Valideynlər övladlarından şikayətçidir: “Övladıma sözüm keçmir”. Yaşlılar: –İndikilərə söz əsər eləmir, –deyirlər. Yol polisi sürücünün, sürücü də piyadanın sözə baxmadığını deyir. Nə isə, belə çıxır ki, söz ortalıqda qalıb, vurnuxur. Dəyərini axtarır, tapa bilmir, üzü danlanır. Bəlkə, söz ərşə çəkilib?! Tanrı ərşə çəkib! Bir rəvayət vardı: Tanrı insanların çörəklə pis rəftar etdiyini görüb, onu göyə çəkdi. Amma acından ulayan bir it səsinə dözə bilmədi və itin üzünə çörəyi yerə qaytardı…
    Sonralar anladım ki, rəhmətlik anam niyə təndirin başındaca çörəyi kəsib deyirdi ki, aparın itə verin …
    Görəsən, sözü kimin üzünə qaytaracaq Tanrı?! Axı, bizlər Qurana, Çörəyə and içdiyimiz kimi Sözə də and içirik! “Səninlə kəsdiyim o kəlmə haqqı!” “Sözünü balla kəsim!” Biz sözə çörək kimi, yemək kimi yanaşan millətik. “Sözü ağzında bişir, sonra çıxar!”–deyirik. Amma yediyimiz söz var, yemədiyimiz söz var. Sözü yeyənlər çörəyə əl vurmur: “Sağ olun!” –deyir, “Mən doydum”. Sözü yeməyənlər də elə çörəyi kəsdiyi bıçaqla ürəyini yüz yerdən yaralar …
    Birinə deyirlərsə ki, ruhsuzdur, demək, o, ömründə ağzından fərli bir söz çıxarmayıb! Kiməsə ümidverici, təsəlliverici xoş bir söz deməyib. Beləsi üçün deyərlər ki, ya ona söz dedin, ya divara, fərq etməz. Bu “divarlar” ki var, cəmiyyətin ən qorxulu laqeyd kəsimidir. Bunlar sözə baxan deyillər!
    Çünki söz candır, Can ruhdur, ruhumuz sözümüzdür. Ruhun ehtiya-cından yaranan sözlər! “Gizli söhbət açaydın, ruhun ehtiyacından” (Müşfiq).
    Bir də sözaxtaranlar var. Bunlar, əslində dərdləşməyə, biriləri ilə bəzi şeyləri paylaşmağa əşhəddü –ehtiyacı olanlardır. Sözünüzü əsirgəməyin onlardan Markes yazırdı: “İlahi, əgər mənim ömrüm bir qədər uzansaydı, sevdiyim insanlara onları hər gün sevdiyimi söylərdim”…
    Bir qisim sözaxtaranlar! Sözü qeybətə, dedi -qoduya, ev yıxmağa çevirənlər. Vaqif də qarğış edir bunlara:” Ölsün, itkin düşsün belə əğyarı, Gəzməsin arada yaman, bəri bax! Onlara fürsət verməyin !
    Birincilərə sözü xəsisliklə veririk–belə sözlərə sayğac qoymuşuq. İkincilərə isə həvəslə, bol-bol!
    Söz axtarışında olmaq, sözə dəyər vermək, axtardığın sözü tapmaq indi böyük bir kəşfdir! Tanrı o, günü göstərməsin ki, sözün bitdiyi yerdə mat-məəttəl və məlul, müşkül qalaq!
    Mənim sözüm bitmədi! Amma, “Gər çox istərsən, Füzuli, izzətin az et sözün!”…

    Bəsti İSMAYILOVA

    Müəllif: Redaktor, 10:23

İsmarıclar bağlıdır.