Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    Fikrim də, qələmim də müəllim ömrünün gah aydın, günəşli, gah da yuxusuz qaranlıq gecələrini düşünüb, tərənnüm etməyə köklənib.
    Uşaqlıq illərimizi xatırlayıram. Ata-anamızdan dəyərli, doğma insan yoxdur. Valideynlərimiz inanc, güvənc yerimiz hesab olunur. Xəstələndikmi, bir yerimiz ağrıdımı, ata-anamızın qayğısını görürük. Yıxılırıq, qalxanda onların üstünə yüyürürük. Onların dediklərinə inanıb, əməl edirik. Yaşımızın üstünə yaş gəlir, böyüyərək məktəb yaşına çatırıq. Yeni mühitə düşürük. Həyatımıza nümunə ola biləcək müəllimlər daxil olur. Onların söylədikləri hər bir sözü ideal bilirik. Hətta qayğısını bizdən əsirgəməyən anamıza bərabər tuturuq. Beləcə bu qayğıkeş müəllimlər öz şagirdlərinin gələcəyini düşünür və onların yollarının ömür bələdçisinə çevrilir. Müəllimlərsiz elmin sirlərini öyrənmək qeyri-mümkündür. Onlar öz şagirdlərinə gözlərinin nurunu verərək, ürəklərinin hərarətini bölüşürlər… İllərini onların gələcəyinə sərf edir, hər bir şagirdinin şəxsiyyət kimi yetişməsinə, böyüməsinə çalışır. Zəhməti bəhrə verəndə valideynlərimiz qədər sevinib, fərəhlənirlər.
    Bu gün haqqında yazdığım insan– həm qayğıkeş ana, həm də şərəfli müəllim adının daşıyıcısı, ömrünü şagirdləri yolunda gilə-gilə əridən müəllimlərdən olan Raya Hacıyevadır. Raya müəllim şəhər 6 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir. Onunla məktəbdə dərs saatının başlandığı anda görüşdük. Sadə, təvazökar bir müəllim təsiri bağışladı. Görüşümüzün səbəbini bildirdim. Yaxınlarda Respublika Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”a layiq görülməsi ilə əlaqədar təbrik etdim, pedaqoji sahədə keçdiyi yollardan söhbət açdıq.
    Mənfur ermənilərin genosid siyasətindən əziyyət çəkən ailələrdəndir. Raya müəllim və onun ailəsi 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Vardenis rayonunun Qoşa-bulaq kəndindən–öz ata-baba yurdlarından didərgin düşüblər. O, 1979-cu ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Qayabaşı kəndində fəaliyyətə başlamışdı. Dediyinə görə, tədrisə başladığı illərdə həmin kənd məktəbində bir nəfər də olsa qadın müəllim yoxuydu. Raya müəllim coğrafiya fənnini şagirdlərinə sevdirir. O, qızların müəllim olmağında stimulverici qüvvə rolunu oynayır. Buna görə də sonralar kənddə valideynlər öz qızlarının müəllim olmalarına xüsusi maraq göstərmişlər. Hələ 1986-cı ildə onun zəhməti “Maarif əlaçısı” döş nişanı ilə təltif olunmuşdu. Təəssüf ki, Raya müəllimin ailəsi didərginlik həyatına məruz qalanda başqa əşyaları ilə birlikdə həmin döş nişanını da götürə bilməmiş qoyub gəlmişdir. Qaçqınlıqdan sonra Tərtər rayonunda məskunlaşaraq burada yaşamalı olurlar. Lakin iş məsələsində bir qədər çətinliklə qarşılaşır. Həyat yoldaşı Ramiz Şabanov burada çalışsa da, özü Gəncə şəhərində işləməli olur. 3 il Gəncə şəhər 6 nömrəli tam orta məktəbində, sonra isə Tərtər rayonundakı 1 saylı Şıxarx orta məktəbində çalışır. 90- cı illərin əvvəllərindən indiyədək şəhərimizin 6 saylı tam orta məktəbində coğrafiya fənnini şagirdlərə sevə-sevə tədris edir.
    “Müəllim günü” münasibətilə keçirilən tədbirdə Raya müəllim Respublika Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif olundu. Söhbət zamanı bu barədə özü bildirdi ki, “Fəxri Fərman”a layiq görülməsində xəbəri olmayıb. Bunu sevdiyi peşənin mükafatı hesab edir. Raya müəllim təkcə pedaqoq deyil, həm də qayğıkeş ana, gözəl insandır. Onun ailəsində 3 övlad böyüyüb. Hər üçü ailəlidirlər. Oğlanları Ramin mayor rütbəsilə, Azər isə kapitan rütbəsilə Gəncə şəhərində hüquq-mühafizə orqanlarında çalışırlar. Qızı Anjela isə ali məktəbdə təhsil alır. Raya müəllim həm də 6 nəfər nəvənin istəkli nənəsidir.
    Raya müəllim söhbətimiz zamanı çox ürəklə bildirdi ki, ailə üzvlərimizin hər biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Biz dövlətə, dövlətçiliyə sadiq insanlarıq. İstər həyat yoldaşım Ramiz Şabanov və mən, istərsədə də, övladlarımız Prezidentimizin siyasətini bəyənir və dəstəkləyirik. Kiçik nəvələrimizi də bu ruhda böyüdürük.
    Raya müəllimdən ayrıldım. Yol boyu xatirimdə şərəfli peşənin təbliğçisi, qayğıkeş ana, sadiq həyat yoldaşı, sadə və təvazökar bir qadın haqqında nə yazacağımı düşündüm. Qərara gəldim ki, belə müəllimlərimiz ən yaxşı sözlərə, ən dəyərli qiymətlərə layiq insanlardır. Ən qürurlusu isə müəllim adıdır. O müəllim ki, bütün həyatını həm ailəsinə, həm də sevimli şagirdlərinə həsr edib. Bax, bu da bir müəllim ömrüdür, müqəddəs ömür!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.