Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    ŞƏHİD ABİDƏSİ ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

    Canını Vətən yolunda qurban vermiş bir şəhidin, yaxın dostum, Elman Süleyman oğlu Hüseynovun abidəsi önündə dayanmışam. Fikrimdən nələr keçmir ki?!
    İnsan ömrü bir ulduz axışı qədərdi–bir anlıq, bir kiprik çalımı. Və elə insan ömrünün fəlsəfəsi də budur: Doqquz ay ana bətni, fani olan bu dünyada bir anlıq həyat və əbədi gediş! Bu dünyadan o dünyaya-bir addımlıq yol, milyon illərdir Yer belə, Göy belə, varlıq da belə… Gəlimlər, gedimlər!…
    İndi abidəyə dönmüş Milli Qəhrəman Elman Hüseynovla məni qırılmaz dostluq telləri bir-birimizə bağlayırdı. Həm şəxsi həyatda, həm də birgə iş şəraitində çox yaxın sirdaş idik. Mən öz xatirələrimdə bu barədə əvvəllər də ətraflı yazmışam. Lakin bu dəfə ayrı məqamlardan danışmaq istəyirəm.
    1983-cü il idi. Mirbəşir (indiki Tərtər) Elektromexanika zavodunda direktor Rauf Həsənzadə ilə yola getmədiyim üçün işdən çıxmışdım. Gənclik dostum Oqtay Musayev o vaxtlar rayon partiya komitəsində işləyirdi. Mənə dedi ki, rayon Xalq Nəzarəti Komitəsinin inspektoru Məhəmməd Əliyevi raykoma təlimatçı gətiriblər, onun yeri boşdur, Elman müəllimə mən xahiş edərəm, özün də bir müraciət elə, bəlkə alındı.
    Elman Hüseynov o zaman rayon Xalq Nəzarəti Komitəsinin sədri idi. Elman müəllimlə əvvəlcədən də bir-birimizi tanıyırdıq. Yanına getdim. Məni çox hörmətlə qarşıladı. Məqsədimi bildirəndə dedi ki, Oqtay müəllim də mənə deyib. Bu iş ürəyimcədir. Amma əvvəlcə I katiblə məsləhətləşməliyəm.
    Həmin vaxt Tərtər Rayon Partiya Komitəsinin I katibi Cavanşir Məmmədov idi və məni partiya işindən tanıyırdı (zavodda həm də partiya təşkilatının katibi idim).
    Sabahısı gün Elman müəllim məni çağırtdırdı və dedi:
    –I katib yoldaş Məmmədov sənin namizədliyinlə razılaşdı. Get şəxsi işini hazırla gətir. Respublika Xalq Nəzarəti Komitəsinə göndəriləcək, orda bu işə təsdiq olunmalısan.
    (İndiki kimi yadımdadır, aramızda narazılıq olduğu üçün zavodun o zamankı direktoru Rauf Həsənzadə bir xasiyyətnamə üçün məni çox get-gələ saldı. İndiki Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyevin köməkliyi ilə nəhayət ki, yarımçıq bir xasiyyətnamə ala bildim).
    1980-cı illərdə Xalq Nəzarəti orqanlarında işə düzəlmək çox çətin və müşgül məsələ idi. Elman Hüseynovun və Cavanşir Məmmə-dovun yaxından köməklikləri ilə mən o vəzi-fəyə təyin olundum. Yoxsa Respublika Xalq Nəzarəti Komitəsinin sədr müavini, kristal və çox ciddi adam sayılan Salman Cəfərov (sədr isə Hacıbaba Əfəndiyev idi) tərcü-meyi-halımda bəzi məqamlarla bağlı mənim təyinatımla razılaşmırdı).
    Beləcə çox yüksək intellektual səviyyəyə malik, işıqlı ziyalı, tamahsız, obyektiv, camaat arasında böyük hörmət və nüfuz qazanmış Elman Süleyman oğlu Hüseynovla birgə əmək fəaliyyətim başlandı. Həmin dövrlərdə biz bir-birimizlə qardaş kimi olduq. İşimiz də, münasibətimiz də qarşılıqlı anlaşma şəraitində, əlbəttə, müəyyən çərçivələr və qanunlar gözlənilməklə öz axarı ilə gedirdi. Həm şəxsi həyatımızda həm də işdə bir-birimizə arxa və dayaq olduq. Heç kimə demədiyi sirlərini mənimlə bölüşərdi, mən də həmçinin. Çox həssas, səmimi, duyğusal, həm də ciddi, tələbkar, sözünə, davranışına nəzarət edən bir insan idi. Heyif ondan! İndi elə kişilər az-az tapılar!
    Sonra o iş yerini dəyişdi.
    Daha sonra müharibə başladı… Elman Hüseynovun abidəsi önündə düşüncələr selinə düşüb axırdım. Ətrafımda baş verənlə-ri hiss etmirdim. Xəyalım xatirələr ormanında dolaşırdı. Orda isə yalnız və yalnız Elman müəllim vardı…
    Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqa-raqoyunlu (İlxıçılar) kəndində doğulub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alıb. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib.
    1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1982-1985-ci illərdə Tərtər Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-1982-ci illərdə Tərtər Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1980-1982-ci illərdə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib.
    Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq, könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. 1991-ci ilin sentyabrında Tərtər Özünümüdafiə Qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər Ərazi Özünümüdafiə Ba-talyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
    Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
    Evli idi. Üç övladı qalıb.
    1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynov “Azərbayca-nın Milli Qəhrəmanı” adına layiq görülüb.
    Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib.
    Tərtər şəhərinin mərkəzi küçələrindən birinə onun adı verilib. Həmin küçədə büstü qoyulub. Elman Hüseynov adına muzey də təşkil olunub.
    Lakin bunlar mənim ürəyimdə əziz dostum Elmanın yoxluğundan yaranmış boşluğu doldura bilmir. Çünki dost itkisi heç nə ilə əvəz olunmaz!
    Azərbaycanın say-seçmə oğullarından biri, Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsi daim ürəyimdə yaşayacaq və onun vaxtsız ölümü məni həyatımın sonuna qədər göynədəcəkdir.
    Düşüncələr içində şəhidin abidəsi önündən nə vaxt ayrıldığım yadımda deyil.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.