Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    ŞAH İSMAYIL XƏTAİ

    Cahanşümül və qüdrətli dövlət başçıları tariximizdə silinməz izlər qoyublar. Bunlardan biri də Şah İsmayıl Xətai olub.

    HƏYATI VƏ HAKİMİYYƏTİ

    Azərbaycan tarixində misilsiz xidmətləri olan hökmdar, şair və sərkərdə Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində dünyaya gəlib. Onun anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi. Atası Şeyx Heydər, babası isə Şeyx Cüneyd idi. Dahi şəxsiyyətin həyatı uşaq vaxtlarında təhlükədə olub. Əgər onu 6 yaşında müridlər gizlətməsəydilər öldürüləcəkdi. Əvvəlcə Rəştə sonra Lahicana aparılıb, 7 yaşında Gilan hakimi Mirzə Əlinin sarayına gətirilib. Oradada Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. 6 il burada qalan İsmayıl alimlərdən dini, dünyəvi və hərbi təlimlər alır.
    Xətainin gördüyü işlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
    Tarixi mənbələrdə göstərilir ki, İsmayılın böyük qardaşı Şeyx Sultanəli onu özünün vərəsəsi elan edir. O, 13 yaşında siyasi fəaliyyətə başlayır. 1499-cu ildə qoşun toplamaq üçün Lahicandan Ərdəbilə gedir. Bu zaman Xətaini Səfəvi sərkərdələri müşayiət edirdilər. Güclü ordu təşkil etdikdən sonra İsmayıl 1500-cü ildə Cabanı döyüşündə Şirvana hücum edərək oranı işğal altına alır. 1501-ci ildə Təbrizə daxil olur və paytaxtı Təbriz şəhəri olan vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti–Səfəvi dövlətinin əsasını qoyur. Həmin ildə İsmayılın başçılığı ilə qızılbaşlar Bakıya hücum edərək qələbə çalırlar. O, uzaqgörən dövlət xadimi olub. Xətainin müdrik siyasəti ilə Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli ölkəsi oldu. O, ölkənin təməlinin möhkəm olması üçün dil, ordu və qonşu dövlətlərlə münasibətdə islahatlar həyata keçirib. 1501-ci ildə ana dilini dövlət dili elan edib. Həmin vaxtdan etibarən dövlət yazışmaları doğma dilimizdə aparılır. Hakimiyyəti illərində anadilli mədrəsələr və təhsil müəssisələri fəaliyyətə başlayır. 1501-ci ildə Şərur, 1503-cü ildə Almaqulağı, Həmədan döyüşlərində Şah İsmayıl Xətai zəfər çaldı. 1503-cü ildə Şah İsmayıl Qum, Kaşanı və İsfahanı, 1504-cü ildə Yəzd və Kirmanı, 1506-1508-ci illərdə Bağdad şəhərinə daxil olaraq Diyarbəkiri, Hilatı, Bitlisi, Ərçişi və Ərəb İraqını fəth edib, 1508-1510-cu illərdə Xorasan istisna olmaqla bütün İranı və Ərəb İraqını ələ keçirdi.
    1510-cu ildə özbək Şeybani xanla Mərv döyüşündə qələbə çalaraq Xorasan şəhərini Səfəvi imperatorluğunun tərkibinə birləşdirdi. Amudəryadan Fərat çayına qədər geniş ərazi Şah İsmayılın hakimiyyəti altına keçdi. 1512-ci ildə Səfəvilər Qarahisar və Malatya şəhərlərini işğal et-di.
    Cəsarətli və ədalətli hökmdar 1514-cü ildə Çaldıran döyüşündəki məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”,–deyir.
    Haqqında rəvayətlər var. Məsələn, rəvayətə görə, Şah ismayılın özü kimi çox cəngavər bir həyat yoldaşı olub. Bəyim adlı sədaqətli qadın. O, Şah İsmayılın apardığı döyüşlərdə əri ilə çiyin-çiyinə vuruşur, düşməni vahiməyə salırmış.
    Bir dəfə Bəyim xanım Naxçıvanın Şərur düzündə döyüş zamanı mühasirəyə düşür. Ərindən, qoşundan aralı düşən qadın təkbaşına döyüşdə misilsiz igidlik göstərir. Lakin nə qədər çalışırsa mühasirədən çıxa bilmir. Bir neçə yerindən ağır yaralanır. Bundan sonra düşmən onu əsir alır.
    Bəyim xanımın əsir düşməsi xəbəri Şah İsmayıla gec çatır. O, vaxtında kö-məyə gələ bilmədiyinə çox təəssüflənir, düşmənə fürsət verdiyi üçün özünü günahkar sayır. Qəmli-qəmli düşmən gedən yollara baxır, özünü məzəmmət edərək deyir:
    –Nə böyük xəta elədim! Bəyim düşmən əlinə keçdi!
    Bundan sonra Şah İsmayıla Xətai ləqəbi verirlər.
    Belə rəvayət edirlər ki, o, dərviş paltarı geyinib camaat arasında gəzərmiş və xalqın dərd-sərini öyrənərmiş.
    Şah İsmayılın “Bərbəd” adlanan alətdə gözəl mahnı oxumaq və musiqi ifa etmək kimi bacarıqlarının olması da məlumdur.
    Aydın olur ki, Şərqdə ilk hərbi və nüfuzlu “Cığatay” təşkilatını Şah İsmayıl yaradıb.
    Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin “Musa Durğut oğluna”, “Şəhabəddin Bayquya” adlı fərmanları, “Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi” və “Xanəhməd bağının bağışlanması” haqqında hökmləri vardır.

    YARADICILIĞI

    “Aləmarayi–Şah İsmayıl” kitabının müəllifi Xətaini “səltənət və bilik dəryasının incisi” adlandıraraq şairliyi haqqında ətraflı söhbət açıb.
    Yaradıcılığa gənc yaşlarından başlayan Xətai əsərlərinin çoxunu ana dilimizdə qələmə alıb. O, ilk dəfə ana dilində heca vəznində şeir yazıb. Epik əsərdə lirik şeirdən istifadə edən, ilk “Bahariyyə”, ədəbiyyatımızda ilk qoşma, yazılı ədəbiyyata ilk gəraylını gətirib. “Dəhnamə” poeması və “Nəsihətnamə” məsnəvisinin, qoşmaların( “Bulunca”, “Degil”, “Ərənlər” və s.), gəraylıların (“Bir söz”, “Dedilər”, “İstərlər” və s), varsağının (“Biz də xanədana gedər der idik”, “Dədəm, xoş gəldin, xoş gəldin”, “İçmişəm bir dolu, olmuşam ayıq”), qəzəllərin (“Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs”, “Ey fələk, dövründə neyçün ol nigar əldən gedər” və s.) gözəl ədəbi nümunələrin müəllifidir. Xətainin “Dəhnamə”si ana dilində yaranan ilk epik əsərdir. “Nəsihətnamə” humanist düşüncələrlə zəngindir. Onun təbiəti təsvir etməsi insana xüsusi zövq verir. “Dəhnamə”dən bir nümunəyə nəzər salaq–“Bahariyyə” şeirinə:
    Qış getdi, yenə bahar gəldi,
    Gül bitdivü laləzar gəldi.
    Quşlar qamusu fəğanə düşdü,
    Eşq odu yenə bu canə düşdü.
    Epik və lirik janrlarda yazan Xətai həm klassik, həm də aşıq şeiri üslubunda nümunələr yaradıb. Onun “Bir söz” rədifli gəraylısı sözün qüdrəti haqqında ibrətamiz fikirlərlə zəngindir.
    Söz vardır kəsdirər başı,
    Söz vardır kəsər savaşı,
    Söz vardır ağılı aşı
    Bal ilən edər yağ bir söz.
    Xətai yaradıcılğında bayatının gözəl nümunələrinə də rast gəlmək olar.
    Xətai, işin düşər,
    Gəlib-gedişin düşər.
    Dişləmə çiy loğmanı,
    Yerinə dişin düşər.
    Şair İmadəddin Nəsiminin “ənəlhəq” ideyasına sadiq qalaraq özünə “vəhdət gülzarının bülbülü” deyib.
    Çün Xətaidir bu gün güzari-vəhdət bülbülü,
    Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

    Məhəmməd Füzuli “Bəngü Badə”ni Xətaiyə ithaf edib.

    AZƏRBAYCANDA ŞAH İSMAYIL XƏTAİYƏ EHTİRAM
    Şücaətli sərkərdənin adı ölkəmizdə uca tutulur. Xətainin adını daşıyan rayon, qəsəbə, küçələr, təhsil ocaqları, park, Xətai metrostansiyası, Bakıda ucaldılan abidəsi, Xaçmazda və Masallı şəhərində əzəmətli heykəli, Gəncədə büstü, “Əbədiyyət” xəzinəsi sərgisi (Heydər Əliyev Mərkəzi), “Şah İsmayıl Xətai” tankeri, Şah İsmayıl Xətai fondu, “Şah İsmayıl Xətai” ordeninin təsis edilməsi ona olan ehtiramın əlamətləridir. Müslüm Maqomayev “Şah İsmayıl” operasını, Sərdar Fərəcov “Şah Xətai” simfoniyasını hazırlayıb. S.Mümtaz, H.Araslı, M.Quluzadə, Ə.Məmmədov, O.Əfəndiyev, M.Abbaslı kimi alimlər Xətainin həyat və fəaliyyətini araşdırıb. Onun haqqında Şah İsmayıl dastanı yazılıb.
    Dilimizə, torpağımıza böyük sevgi bəsləyən Şah İsmayıl Xətai bu sözləri deyib:
    Ey türk oğlu!
    Dilinin bir kəlməsini dünyanın heç bir dilinə, bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişmə. Onu qoru və gələcək nəsillərə ötür!!!
    Şah İsmayıl Xətai 1524-cü ildə Ərdəbildə vəfat edib. O, Ərdəbildəki Şeyx Səfi məqbərəsində dəfn olunub.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:05

İsmarıclar bağlıdır.