Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    DAŞA DÖNMÜŞ QEYRƏTLİ OĞUL

    Sal qayanı xatırladan bir qranit daşın önündə özüm də bu daşa dönmüşəm. Gözlərim bu sal qayada tişə ilə qazılmış şəklə baxır, fikrim isə məni keçmişlərə çəkib aparır…
    –1948-1953-cü illər… Ermənilər öz əqrəb xislətlərini yenə dünyaya bəyan edirlər–növbəti dəfə Azərbaycanın Qərb hissəsindən–dədə-baba yurdlarından soydaşlarımızı zorla qovub çıxardır, qırğınlar, talanlar törədir, silahsız, köməksiz insanları qanlarına qaltan edir, misli görünməyən, ağla gəlməyən işgəncə üsulları ilə uşağa, qarıya, qocaya baxmadan əzab verərək öldürür, vəhşiləri belə heyrətdə qoyan vandalizmə əl atırdılar. Bu, onların zaman-zaman əxz etdikləri və qanlarına, canlarına hopmuş məkrlərinin növbəti təzahürü idi. Sağ qalanlar canlarını götürüb
    bu qaniçənlərin əlindən hara gəldi qaçırdılar.
    1949-cu ildə bizim ailə də bir çox ailələr kimi Dərələyəz mahalından Tərtər (o zamankı Mirbəşir) rayonuna pənah gətirmişdi. Surxay və Mahı Orucovların ailəsi də bizimlə birlikdə Xoruzlu kəndinə sığınmalı olduq. Atam Yusif Hüseynov həmin kənddə çiy kərpicdən kürsülü bir ev almışdı. (Görünür Astan adlı bir nəfərdən almışdı ki, “Astanın evi” deyirdilər o evə). Geniş həyəti vardı. Və o həyətdə də torpağı qazıb, dərin və iri bir daxma düzəltmişdilər, yəni yekə qəbir, 3-4 metr dərinliyində, elə torpağın özündən də pilləkən hazırlamışdılar, üstünü qara tikanla örtüb, torpaqlamışdılar və qaçqınların çoxu belə şəraitdə yaşayırdılar. Surxay Orucovun ailəsi də o cümlədən. Gecələr hisli çıraq və ya pambıqdan düzəlmə piltə
    yandırardılar, ya da yandırmazdılar.
    Surxay Orucov və Mahı Orucova kolxozun mal fermasında işləyirdilər. (Atam o vaxt yeddi kəndi özündə bir

    ləşdirən bir sovetliyin sədri (isbalkom işləyirdi və bir çox ailələr kimi bu ailəyə də hər cür köməklik göstərirdi).
    Onlar sonralar Azərbaycanın Milli Qəhrəmanı olmuş, igid, qorxmaz, comərd, indi adı dillərdə dastanlaşan, əfsanəyə çevrilən Vəzir Orucovun valideynləri idi. Sadə zəhmət adamları olan bu insanlar halal və təmiz ruzi ilə öz ailələrini dolandırırdılar. Əlbət bu halal bərəkətin nəticəsiydi ki, həmin ocaqda Vəzir, Əlyar kimi igid ərənlər yetişdi.(Əlyar Vəzirin kiçik qardaşı idi. Böyük qardaşlarının adı isə Dadaşdır). Əlyar da qardaşı kimi erməni quldurları ilə döyüşə qalxmış və şücaətlər göstərmişdi. Sonralar ağır müharibə günlərinin sarsıntıları Əlyar Surxay oğlu Orucovun bu dünyadan vaxtsız getməsinə səbəb oldu…
    Daş heykəlin önündə qurumuşdum. Ağlıma da gətirə bilməzdim ki, Vəzir kimi qurd ürəyi yemiş “oğlanın həyatına” bircə güllə son qoya bilər. Buna siftələr inanmırdım. Adi bir düşmən gülləsinə belə bu ərən oğul asanlıqla can versin. Bir güllə nəydi ki?! Amma… Fələyin belə-belə işləri varmış!!!
    Vəzirlə dost deyildik. Amma bizi bir-birimizə bağlayan gizli tellər vardı. Bu əlbət təəssübkeşlikdən və doğmalıqdan irəli gəlirdi. Çünki əvvəllər bizim ailələr bir ailə kimi olmuşdular, bir həyətdə yaşamışdıq, bir təndirin çörəyini yemişdik…
    Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. 1975-ci ildə hərbi xidmətə çağrılıb, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirib. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb.
    1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olub. Sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxıb. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını öz razılığı ilə ondan alıb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılıb. Həmin axşam bir erməni döyüşçüsü əsir alır, onun silahını götürüb, geri qayıdıb. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, nigaran qalmasın.
    2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib: “Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi”.
    Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng Su Anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmiş, xeyli canlı qüv-vəsini və texnikasını sıradan çıxarmışdır.
    1992-ci ilin avqust ayında, Vəzir Orucov Sərsəng Su Anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər “PK” pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Orucov kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın “Arabo” batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
    1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tan-kını vurmaq istəyərkən ağır yaralanmışdır. Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır.
    Mən “Ölümlə üz-üzə” kitabını Qarabağ müharibəsində qəhrəmancasına vuruşan igid oğullarımıza həsr etmişəm və bu kitab Vəzir Orucovla başlayır: “Əfsanəvi qəhrəman”.
    Həmin yazıda bəzi döyüş dostlarının Vəzir haqqında unudulmaz və çox maraqlı xatirələri var. Onları xatırla-dıqca bu vətən fədaisinin heç kimə bənzəməyən necə həyat eşqi ilə dolu, torpağına, yurduna necə bir sevgi bəslədiyini duyursan. Başa düşürsən ki, bu cəngavərin alnına gülləni sıxsaydılar, yenə kipriklərini çalmazdı.
    İndi daşdan baxan qəhrəmanımız haqqında dostla-rının dediklərindən bəzi sözlər yadıma düşür.
    Zahid İmanov:
    O vaxt ermənilər Vəzirin başına 30-40 min pul ayırmışdılar.
    Əyyub Əhmədov:
    «UAZ» dayanan kimi Vəzir erməni komandirini gö-zündən atdı.
    Döyüşlərin birində ermənilər bizə hücum etdi, çəkildik geriyə. Vəzir vaxtında gəlib çıxmasaydı, ermənilər bizi mühasirəyə salıb ya qıracaq, ya da əsir götürəcəkdilər.
    …Bir az sonra ermənilərin texnikası üstümüzə hücuma keçdi. Deməyəsən, aşağıda gizləniblərmiş. Patronumuz qurtarmışdı, köməyimizsə yox idi. Vəzir vaxtında gəldi. Bizə çatan kimi qışqırdı:
    –Qorxmayın!
    Həyəcanımız bir anda yox oldu. Döyüşdük və qalib gəldik.
    Vaqif Abdullayev:
    Vəzir Orucov çox çevik hərəkətləri ilə və yaxşı düşünülmüş əməliyyatlarıyla özünü tez bir zamanda tanıtdı. O, çox ürəkli oğlan idi.
    «Uqolnik» deyilən yüksəklikdən ermənilər texnikadan istifadə edirdilər. Verdikləri kəndi geri almaq planları var idi. Bu baş tutmadı. Vəzirin və kəşfiyyatçı yoldaşlarının səyi nəticəsində onların planları alt-üst oldu. Ümumiyyətlə, Vəzirin kəşfiyyat qrupunun döyüşdən əvvəlki fəaliyyəti hə-mişə qələbəmizin yarısını təmin etmiş olurdu.
    Suliddin Yusibov:
    Vəzir göstəriş verdi ki, onu vuraq. Biz maşını vurduq, başladı yanmağa, «Kamaz»la birlikdə gələn «UAZ» markalı maşın geri qayıtdı, Vəzir «PK» ilə yolu kəsdi və «UAZ»-ı da vurdu.
    Tərtərin torpağı Vəzir kimi, Elman müəllim kimi oğulların hesabına qoru-nub saxlandı.

    Nizami Heydərov:
    –1993-cü ilin mart ayının 22-də Vəzirlə döyüşə ge-dəsi idik. Paprəvəndin üs-tündə Ağdərə tərəfdə «Qlo-bus» deyilən yüksəkliyə hücum etməli idik. Vəzir bizim komandirimiz idi.
    Vəzirin ölümündən sonra hamı avtomatı tulladı ki, Vəzir yoxdursa, biz gedirik, qələbə olmayacaq. Uşaq-larda belə inam vardı.
    Pənah Məmmədov:
    Müharibənin ən çətin günü mənim üçün Vəzirin ölüm günü olub–1993-cü ilin mart ayının 22-si. Bu mənim ən ağrılı günümdür. Mən onun ölümünü eşidəndə, rabitə xəttində ağladım.
    Müharibəni Ağdərə istiqamətində Vəzir aparırdı.
    Vəzir bir arzusunu tez-tez dilinə gətirərdi: «Kaş ölüm azacıq möhlət verəydi, Xankəndində bayrağı-mızı dalğalandıraydım…» Lakin vətənin dar günündə əsl vətənpərvər oğul kimi öz qəlbinin diktəsi ilə torpaq uğrunda, xalq uğrunda döyüşlərə qatılan və savaş meydanını əsl qəhrəman kimi tərk edərək, ömrünü vətən torpağına qurban verən Vəzirin arzusu kimi ömrü də yarımçıq qaldı…
    Vəzir Orucov Bakı şəhərinin “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.
    1993-cü il mart ayının 27-də ölümündən beş gün sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq gö-rülüb.
    2015-ci ildə Tərtər şəhərindəki “Veteranlar bağı”nda Vəzir Orucovun büstü ucaldılıb. Həmin il 3 iyulda isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilib.
    ***
    Məmməd Arazın təbirincə desək, indi vətəndaşına çevrilən, Vətənin bir sal daşından bizə baxan Vəzir Surxay oğlu Orucov əsl VƏTƏNDAŞ idi, Azərbaycan xalqının QEYRƏTLİ OĞLUYDU!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.