Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    Dünyama dünya

    Bir dünyam varydı–könül dünyası,

    Əcəb ad vermişdim dünyama–Dünya.

    Saldı öz gününə, viranə qoydu,

    Yaman əl gəzdirdi dünyama dünya.

     

    Sənnən güclüydümü bir para qansız?

    Kim dedi qan ağla, kim dedi qan sız?

    Görəndə şad-xürrəm, görəndə qansız,

    Həsədmi apardın dünyama, dünya?!

     

    Dağıtdın , bələndi ömür-gün aha,

    Talıb sahib idi hansı günaha?

    İndi ha boylanım ötən günə, ha,

    Bir də abad olmaz dünyam, a dünya.

     

    Dəyən dəydimi

    Dağlar, o ləzətlər, yaylaq, o dəmlər

    Sıx alaçığında, dəyəndəydimi?

    Dərədə baldırğan baş qaldıranda,

    Döşdə dağ moruğu dəyəndəydimi?!

     

    Gəldi bədnəzərin yaman gözünə,

    Xəyanət də qatdı yaman gözünə.

    İti bir ox kimi yaman gözünə

    Alaçığın dəydi, dəyən dəydimi?

     

    Oldum o çağlar ki, qonaq mən sizə

    Doğmatək sarmaşan məndim, mən sizə.

    Mən sizsizə döndüm, siz də mənsizə,

    Talıbtək sizə də dəyən dəydimi?!

    Düzgünə Talıb

    Dövran avamlığa dönüşdü hələ,

    Nadana nizam nə, düzgü nə, Talıb?

    Deyinmə, dərd verən verib çəkməyə,

    Böl aya, həftəyə, düz günə, Talıb.

     

    Dərdə libas deyib ulu köhnələr,

    Mərdanə geyin ki, sən də köhnəl ər.

    Qüssədən nəm çəksə solar, köhnələr,

    Sər təmiz havaya, düz günə, Talıb.

     

    Nə qəza ötüşməz, nə qədər hələ,

    Nə qədər “bəlkə” var, nə qədər “hələ”.

    Hədəf olacaqsan nə qədər hələ,

    Bəşər əyri deyir düzgünə Talıb.

     

    Yetişdirməz çəmən sözü, düz sözü,

    Qəlbinnən dər bişmiş sözü, düz sözü.

    İnci kimi, sədəf kimi düz sözü,

    Qanan qiymət verər düzgünə Talıb.

     

    Acı var

    Təzadlıdı bu həyatda nə varsa,

    Həm şirin var, həm gərəkli acı var.

    Şirininə dodaq büzən toxları,

    Acısına möhtac olan acı var.

     

    “Tozdu” deyib, “çirkdi” deyib tox una,

    İstəyər ki, ac qəlbinə toxuna.

    Bu dünyanın vara həris toxuna

    Əziz cannan şirin oldu acı var.

     

     

     

    Qoy eşitsin qınayan da, yazan da,

    Dediyini de məqamda, yaz anda.

    Deməyin ki, Talıb haqlı yazanda

    Acıdildi, sözlərində acı var.

     

    Gözəli gözəl

    Qələmim, dövrana, filana uyma,

    Çirkini çirkin yaz, gözəli gözəl.

    Canlıdı, cansızdı, fərqinə varma,

    İlahi yaradıb gözəli gözəl.

     

    Şahid olsa belə göz oxşamağa,

    Gərək aldanmasın göz, oxşamağa.

    Könül oxşamağa, göz oxşamağa

    Quruca daşın da gözəli gözəl.

     

    Qələm qələm olmaz, billəm yazmadan,

    Günəşi Ay yazıb, Ayı yazma Dan.

    Saxta görülmədən, saxta yazmadan

    Qorusa əl gözü, göz əli, gözəl.

     

    Talıb, şeriyyəti bir gözəl yaz san,

    Gül sözlə özün də bir gözəl yazsan.

    Bir sadə, bir şirin, bir gözəl yazsan,

    Oxunar şerin də gözəli gözəl.

     

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.