Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    ERMƏNİ RİYAKARLIĞI

    DAHA BİR GÜCLÜ SİYASİ ZƏRBƏ

    “Qarabağ Azərbaycandır və nida işarəsi”

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Daxili auditoriyaya hesablanmış, papulist, sərsəm çıxışları ilə öz ölkəsindəki ağır iqtisadi və sosial vəziyyəti örtbasdır etməyə çalışan, xalqının diqqətini yayındırmaq məqsədini güdən avantürist və naşı siyasətbaz Nikol Paşinyan küçədən birbaşa Ermənistanın baş nazir postuna gələndən sonra millətin ona bəslədiyi ümidlər puça çıxdı. Atalar demiş: “Uzaqdan döyüş asan görünər”. Dövlət başçısı olmaq küçə yürüşlərinə rəhbərlik etmək deyil ki? Ölkə idarə etmək, problemlər içində boğulan millətin güzəranını yaxşılaşdırmaq, aclıq, səfalət, miqrasiya, işsizlik, korrupsiya, rüşvətxorluq tüğyan edən bir məmləkətdə islahatlar aparıb, vəziyyəti sahmana salmaq əvəzinə sabiq prezidentlərlə və onların yaxın silahdaşları ilə qərəzli mübarizə yolunu seçmək Paşinyanın elə ilk vaxtlardan bacarıqsızlığını üzə çıxardı.
    O, Dağlıq Qarabağ məsələsinin də sülh yolu ilə həlli üçün deyil, bir-birinə zidd bəyanatlar verməklə erməni xislətinə uyğun danışıqları əngəlləmək yolu ilə getdi. Görün iş hansı həddə çatıb ki, son vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən danışarkən Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözünü yenidən təkrar edib.
    Nikol Paşinyan deyib ki, Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü çərçivəsində aparmaq istəyir: “Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır”.
    Bəlkə Nikol Paşinyan müvəqqəti işğal etdikləri Azərbaycanın tacı olan Şuşada (indi ölkənin “Şuşi” adlandırdıqları şəhər də) sabiq prezident Serj Sarkisyanla şərab içib, Azərbaycan “Yallı”sı oynadığına görə elə bilir ki, bu şəhər onlarındı və onlara qalacaq?! Və yaxud Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nişanlısı Mane Minasyanla Şuşada toy edib, orada kəbin kəsdirdiklərinə görə elə düşünürlər ki, bu şəhər Ermənistanındır?! Əsla yox! Bu, onların xam xəyallarıdır!
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikol Paşinyanın yuxarıdakı sayıqlamalarına çox tutarlı və sərrast cavab verib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin.
    …Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.
    Həqiqət budur!
    Nə vaxtdan Xocalı, Şuşa, Xankəndi, Əsgəran, Şahbulaq və Qarabağın digər əraziləri Ermənistan olub?!

    TARİXİ FAKTLAR

    Xocalı. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.
    Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir.
    Bu faktlar sübut edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir.
    Təəssüf ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Sovet qoşunlarının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalını yerlə-yeksan edərək, şəhəri işğal etmiş, dinc əhaliyə amansız divan tutmuşlar. Bu qırğının nəticəsində 613 nəfər qoca, gənc, uşaq vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
    Xankəndi. Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın müstəqil feodal dövlətlərindən biri olan Qarabağ xanlığının mülkü, eyni zamanda istirahət məskəni olmuşdur. Bu şəhər el arasında əvvəllər “Xanın kəndi” kimi tanınmış, sonralar Xankəndi adını almışdır.
    1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki yerə bölünməsi və Şimali Azərbaycanın Rusiyanın tabeçiliyinə keçməsi ilə Xankəndinin də tarixi taleyində ciddi dəyişikliklərin baş verməsinə səbəb oldu. Qacar İranından köçürülən erməni ailələrinin bir hissəsi Xankəndində yerləşdirildi. Rəsmi məlumatlara görə 1847-ci ildə Xankəndində 80 erməni, 52 rus ailəsi yaşamışdır. Çarizm dövrünün xəritələrində (1847-ci il) bu yaşayış yeri Xankəndi kimi göstərilmişdir. 1900-cü ildə Xankəndində artıq 3 min əhali yaşadığı bildirilir. XX əsrin əvvəllərində Xankəndində erməni və rus mənşəli əhalinin sayı artsa da, şəhərdə xeyli sayda Qarabağ xanlarının nəslindən olan azərbaycanlı ziyalılar yaşayırdılar.
    XX əsrin əvvəllərindən başlanan erməni separatizmi azərbaycanlılara qarşı 1905-1906-cı illərin kütləvi qırğını və 1918-ci il mart soyqırımı Şimali Azərbaycanın Qarabağ bölgəsini, o cümlədən, Xankəndini də əhatə etmişdir.
    Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekretdə Xankəndi vilayətin mərkəzi elan olundu. Az sonra şəhər bolşevik (həm də daşnak) Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı.
    Şuşa. Şəhərin təməli 1752-ci il-də Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.
    XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.
    XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.
    Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilib.
    Şahbulaq qalası və ya Tərnəküt qalası—Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.
    Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri üçün nəzərdə tutulsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı yerləşirdi.
    Əsgəran qalası. Qarabağ xanı İbrahim xanın 1787-ci ildə tikdirdiyi Əsgəran qalası Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşir. Şuşadan 24 km məsafədə olan Əsgəran qalasının dağlıq relyefə və Qarqar çayının enli yatağına uyğun iki hissəli quruluşu var. Əsgəran qalasının sol sahil relyefinin ən uca yerində tikilmiş düzbucaqlı hissəsi iç qalaya bənzəyir. İç qaladan ayrılan iki divar sahilə endikcə bir-birindən aralanır. Onları aşağıda sahil xəttinə paralel uzanan qala divarı birləşdirir. Bu ikiqat divar-sədd sahil yamacının ətəyində və zirvəsində olan qalaçaları və ortadakı iki bürcü vahid, möhkəm müdafiə sistemində birləşdirir. Şuşaya—xanlığın mərkəzinə açılan darvaza bu səddədir. Səddin paralel iki divar kimi olması düşmən çay yatağını keçdiyi zaman qala içində olan əsgərlərin bir-biri ilə əlaqəsinə və yaxşı müdafiə olunmasına imkan verirdi. Əsgəran qalasının dairəvi və kvadrat planlı bürcləri içəridə iki və üç mərtəbəli olub daş günbəzlərlə örtülü imiş. Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.
    Qarabağın digər ərazilərinin də Azərbaycanın qədim torpaqları olduğunu sübuta yetirən belə tarixi gerçəkliklər çoxdur.
    Bu və digər tarixi faktlar sübut edir ki, Qarabağ əzəli, qədim-qaim Azərbaycan torpağı olub.

    ERMƏNİ İDDİASI

    Ermənilər “Böyük Ermənistan” yaratmaq iddiası ilə zaman-zaman tarixi Azərbaycan torpaqlarında vandalizm aktları törədərək, yerli əhalini soyqırıma məruz qoymuş, qanlı cinayətlərə, terrorizmə, qırğınlara, fəlakətlərə, faciələrə səbəb olmuş, azərbaycanlıları öz doğma yurdlarından didərgin salaraq etnik təmizləmə aparmışlar. Son iki əsrdə bəşəriyyətin ən qanlı və qəddar günahlarını işlədən erməni cəlladları indi də öz məkrli niyyətlərindən əl çəkmirlər. Əbəs yerə dünyanın tanınmış tarixi şəxsiyyətləri, o cümlədən, fateh-hökmdar Əmir Teymur, fransız yazıçısı və səyyah Aleksandr Düma, fransız səyyahı Qraf De Şole, isveç səyyahı Adam Mets, yazıçılar Temçuynikov, Olqa Smurova, alman səyyahı Alferd Kerte, məşhur fars şairi Sədi Şirazi, ingilis səyahətçi Vilson, marksizm nəzəriyyəsinin banisi Karl Marks, onun yaxın dostu Fridrix Engels və digərləri ermənilərin xain, riyakar, oğru, alçaq, hiyləgər, abırsız, vəhşi, şərbaz, acgöz, namussuz olmaları haqqında fikirlər söyləməmişlər.

    ƏQRƏB XİSLƏTİ

    Hekayə. Bir əqrəb suda boğulurmuş. Tısbağa bunu görüb əqrəbə yazığı gəlir və onu xilas etmək fikrinə düşür. Bu düşüncə ilə əqrəbə yaxınlaşır. O deyir:
    –Mən səni xilas edəcəyəm. Amma sən söz ver ki, məni sancmayacaqsan. Əqrəb tısbağanı sancmayacağına söz verir. Onda tısbağa əqrəbi öz belinə qoyur və çaydan keçirir. Əqrəb bütün yol boyu sakit dayanır, lakin çayı keçib sahilə çatan kimi tısbağanı sancır.
    – Heç utanırsan, əqrəb? Axı, sən söz vermişdin ki, məni sancmayacaqsan! –deyə, tısbağa qışqırır.
    – Nə olsun?–deyə, əqrəb soyuqqanlılıqla cavab verir. –Bəs sən xasiyyətimi bildiyin halda nəyə görə məni boğulmaqdan xilas etdin?
    –Mən hər zaman hamıya kömək etməyə çalışıram, –deyə, tısbağa cavab verir.
    –Sənin təbiətin elədir ki, hamıya kömək edirsən, mənim isə təbiətim elədir ki, hamını sancıram. Mən hər zaman etdiyimi etdim, səni sancdım!
    Bu ermənilər də əqrəb xislətli varlıqlardır. Biz hər zaman onlara qucaq açmışıq, qoynumuzda yer vermişik, son tikəmizi yarı bölmüşük, onlar isə bunların əvəzində daim bizə düşmənçilik ediblər, kürəyimizə bıçaq sancıblar. Torpaqlarımızı, doğma yurd-yuvamızı əlimizdən alıblar, bunlar azmış kimi, bizi dədə-baba ellərimizdən didərgin salıblar. Müqəddəs ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı, mədəniyyət ocaqlarımızı, tarixi məkanlarımızı darmadağın ediblər, milli musiqimizi, geyimlərimizi, mətbəximizi oğurlayıb erməniləşdiriblər, doğma yurdlarımız kimi, başımıza ağıla-gəlməyən müsibətlər gətiriblər. Sonra da dünyaya haray-həşir salıblar ki, biz fağır millətik, bizi soyqırıma uğradıblar. Həyasızlığa bax!!!
    Azərbaycan dövlətinin başçısı İlham Əliyev demiş: “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun!” .

    SON

    Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın ərazisi 124 min kvadrat kilometr idisə, son işğala qədər (1988-1993-cü illər) erməni xəyanətinin nəticəsində cəmi 86 min kvadrat kilometr ərazi qalmışdır. Qazağın, Gədəbəyin, Kəlbəcərin, Laçının ən bərəkətli və gözəl 28 min kvadrat kilometr torpaqlarını ermənilər min-bir hiylə ilə qamarlayıb ələ keçirmişlər. 1988-1993-cü illər ərzində isə Azərbaycanın 20 % ərazisi erməni quldurları tərəfindən işğal olunmuşdur. Hal-hazırda Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik 7 rayonu erməni əsarəti altındadır. Dünyanın super gücləri isə bu reallığa ikili standartlar prizmasından baxaraq, həlli vacib olan bir məsələni müşkül problemə çevirmişlər. Lakin Azərbaycanın öz torpaqlarını azad etməyə qadir şanlı ordusu və güclü siyasi iradəyə malik dövlət başçısı vardır və QƏLƏBƏ GÜNÜ uzaqda deyil!

    Tofiq YUSİF
    (Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.