Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Noy

    Əsgər məktubları
    Masanın üzərinə xeyli fotoşəkil, qəzet və məktublar düzülüb. Bir-bir nəzərdən keçirərək hər birinin haqqında ətraflı məlumat almağa çalışıram. Burada çoxlu xatirələr cəmləşib. Valideynlərlə, dostlarla çəkilmiş şəkillər, lap Böyük Vətən Müharibəsindəki kimi yazılmış məktublar insanın fikirlərini çəkib çox uzaqlara aparır. Yaşlanmış ata-ananın gözlərində yaş sellənir. Gah yanaqlarından üzü aşağı dayanmayıb axır, gah da kipriklərin arasında donub qalaraq ürəyə axır.
    Məktublardan 2-sini götürüb nəzərdən keçirirəm. Birini qat kəsib, qatlanmış hissənin yazıları pozulduğundan oxunması çətindir. O üz-bu üzə çevirirəm. Ana dillənir:
    “O məktubda Arifimin əl izi, nəfəsinin ətri var. Onlar mənim üçün çox əzizdir”.
    2-ci məktubu oxuyuram:
    “Əziz və hörmətli ailəmiz, necəsiniz? İşləriniz necə gedir? Yazın görüm məktəbi qurtardınız, ya yox? Mənim vəziyyətim lap yaxşıdır. Bütün qohumlara, qonşulara salam söyləyin. Mən özüm bölmə komandiriyəm. 2 gün bundan əvvəl avtomat atmağa getdim. Yaxşı oldu. Yazın görüm, Namiqi, Nazimi orduya apardılar, ya yox? Bu haqda mənə yazın. Mənim yanımdan ora uşaqlar gələcək. Onlara heç nə verməyin. Hər şeyim var. Pulum da var. Ancaq bir məktub yazın, verin gətirsin. Adresi Ramilgilə verin, qoyun məktub yazsınlar. Toğrul da yaxşıdır. Ancaq yemək yemir. Ürəyi bulanır. Anasına deyin, ona məktub yazsın. Sağ olun! Öpürəm sizi! Nasosnu, Muxtarov Arif, 4 sentyabr 1992. Özünüzdən muğayət olun”.
    Qısa yazılmış bir əsgər məktubu.
    Muxtarov Arif Aqil oğlu 1990-cı ildə Tərtər şəhər 5 nömrəli tam orta məktəbin onuncu sinfini bitirdikdən sonra elə həmin məktəbdə texniki işçi kimi fəaliyyətə başlayır. Həmin illərdə azğın ermənilər torpaqlarımızda tez-tez fitnə-fəsadlar törədirdi. 1992-ci ildə Arif Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yollanır. Əvvəlcə Bakıda xidmət edir, sonra isə qısa bir zamanda–sentyabrın 13-də Ağdərə bölgəsinə gətirilir. Sentyabrın 14-də ata, ana, nənə, əmi, qardaşları, hətta qonşuluqdakı qız da hərbi hissəyə Ariflə görüşə gəlirlər və doğmaların hərəsi öz sovqatı ilə onu sevindirməyə çalışır. Lakin komandirin əsgərlərin yanında olması Arifi bir az çəkindirir, hətta anasının gətirdiyi yemək və şirniyyatlardan da yemir. Gələnləri hər şeyin yaxşı olacağından arxayınlaşdırıb yola salır.
    Arif Ağdərəətrafı yaşayış məntəqələrinin ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə mübarizə aparır. 1992-ci il sentyabr ayının 29-u . Doğmaları ilə görüşdən 15 gün keçib. Çıldıran kəndi ətrafinda qanlı döyüş gedirdi. Ermənilər azğınlaşmışdılar.
    Dayanmadan həmin ərazilər güllə-baran edilirdi. Qəfləti atılmış güllə Arifin sinəsini parçalayır, arzularla dolu ürəyini susdurur. O ürəyi ki ata-anaya, vətənə istək, məhəbbət cəmləşmişdi, gələcəklə bağlı, qönçəsi çatlamamış arzularla dolu idi. Bu arzular qəfil güllə ilə darmadağın olmuşdu. Özü də anasına xəbər göndərdiyi dostu Toğrulla birgə.
    …Çox çəkmədi ki, qohum-əqrabaya, dost-tanışa Ariflə Toğrulun yaralanma xəbəri yayıldı. Hamı mərkəzi xəstəxanaya axnaşdı. Sənubər anaya isə təkcə Toğrulun yaralanmasını bildirdiklərindən gəlib onu xəstəxanada tapdı və başının üstündə dayanaraq fəryad edirdi. Xəstəxananın baş həkimi Məhəbbət Paşayeva anaya yaxınlaşıb söyləyir ki, gəl gedək Arifin yanına, o da yaralanıb. Ananın fikri qarışdığından Toğrulun yanından niyə çıxarıldığının fərqinə varmır. Onu həyətdəki maşının yanına gətirərək: “Oğlun Arif şəhid olub!”–deyirlər…
    Çox çəkmədi Arifin tabutu gətirilən maşın yaşadıqları binanın qarşısında dayandı. Elə bil şəhərdə adam qalmamışdı, hamı buraya toplaşmışdı. Arif yaşadığı evə dönmüşdü. Amma o, valideynlərini, qardaşlarını, doğmalarını sevindirə bilməmişdi, toplaşanlar göz-aydınlığa deyil, dərdlərinə, kədərlərinə şərik olmağa toplaşmışdılar. Elə həmin gün Arif dostu Toğrulla birgə uğrunda şəhid olduğu torpağın qoynunda daimi məskən saldı…
    …O gündən illər ötüb. Bu illər ərzində hər şey dəyişib. Yaşadıqları 2 otaqlı mənzildən ibarət olan bina evləri də həyət evi ilə əvəz olunub, qardaşları da yuva qurub, ailə, uşaq sahibi olublar. Ata-anasının da yaşının üstünə yaş gəlib. Təkcə dəyişməyən Arif və onun xatirələri olub.
    Ana oğluna ad günü keçirir, amma Arifsiz keçir. Doğmaları arasında Arifsiz Arif xatırlanır. Hətta qardaşı oğluna onun adını qoyublar, onu yaşatmaq istəyi ilə. Lakin şəhid Arif Muxtarovun atası Aqilin, anası Sənubərin qəlbini nə əsgər məktubu, nə də özünün xatirəsi ovundurur.
    80 yaşlı ata , 73 yaşlı ana
    Muxtarov Aqil Məmməd oğlu 1939-cu ildə Ağdam şəhərinin Füzuli küçəsində sadə bir ailədə doğulmuşdu. Atası çilingərliklə məşğul idi. Anası Lida isə evdar qadın idi. Ailənin 2 oğlu, 5 qızı varıydı–Aqil, Rafiq, Sara, Svetlana, Roza, Ramizə, Zümrüd. Aqil ailənin böyük övladı olub. O, Tərtər şəhər 1 nömrəli məktəbdə orta təhsil aldıqdan sonra atasının yanında “RTS”-də qaynaqçı peşəsinə yiyələnib. Qardaş və bacıları ali təhsil alsalar da, o, peşə öyrənməyə üstünlük verib. 1960-1963-cü illərdə Qərbi Azərbaycanın Leninakan şəhərində hərbi xidmət keçib. Əsgəri xidmətini başa vurduqdan sonra yenə də qayıdıb “RTS”-də öz peşəsini davam etdirib. 1988-ci ildən 1991-ci ilə kimi mərkəzi xəstəxanada sürücü, 1991-ci ildən 2012-ci ilə kimi 5 saylı məktəbdə təsərrüfat müdiri işləyib. Aqil Muxtarov 1969-cu ildə Tərtər şəhər sakini 3 qardaşın 1 bacısı Sadıqova Sənubər Zeynal qızı ilə ailə həyatı qurur. Sənubər 1963-cü ildə 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra rayon partiya komitəsində kitabxanaçı işləyib. O zamanki raykomun birinci katibi Salman Məlikov onu iki illik tibb bacısı kursuna göndərir. Onun Aqillə evliliyindən 4 oğlu dünyaya gəlib–Nazim, Namiq, Arif, Akif. Hər ikisi oğlanlarının tərbiyəli və zəhmətkeş böyümələri üçün çalışıblar. Gələcəkdə xoşbəxt olmalarına görə xəyallar qurublar. Öyrəndiyi tibb bacısı kursu onun karına çatıb. Sanitar–epidemiologiya stansiyasında dezinfektor işinə başlayıb, həyat yoldaşına kömək olub.
    Bu xoşbəxt ailənin sonrakı olacaqlardan xəbəri yoxuydu. Bilmirdilər ki, onları hansı faciə gözləyir. Heç fikirlərinə də gəlmirdi ki, nə vaxtsa qayğı ilə böyütdükləri övladlarının hansısa birinin acısını çəkə bilərlər. Ya da ananın özü ilə bərabər oğlunun biri mənfur düşmən gülləsinə tuş gəlib yaralana bilər.
    1992-ci il ölkəmiz və xalqımız üçün qan-qadalı illərdən olmuşdur. Elə Muxtarovlar ailəsi üçün də. Ermənilərin şəhərimizi top və qradlarla atəşə tutması səngimirdi. Hamı qadın və uşaqları müvəqqəti sığınacaq yerlərinə aparırdılar ki, salamat qalsınlar. Aqil də ailəsini– həyat yoldaşını və uşaqlarını bina evindən, həyət evinə–qaynı Kamalgilə göndərmişdi. Yəni Tərtərin bir tərəfindən digər tərəfinə. 1992-ci il iyun ayının 18-i idi “Qrad” mərmisinin qəlpələri qardaşıgilin həyətində Sənubəri və oğlu Namiqi yaraladı. Onların hər ikisi al-qan içində xəstəxanaya aparıldılar. Ananın ürəyi o biri övladlarından narahat idi. Bir müddət xəstəxanada qaldılar. Bəzi qəlpələr çıxarılsa da, bəziləri oğlunun da, özünün də bədənində qaldı. Hələ də o qəlpələri özləri ilə daşıyırlar. Yenicə xəstəxanadan çıxmışdılar ki, 1992-ci ilin avqust ayında Arifi hərbi xidmətə çağırdılar. O gündən ata-ananın narahatçılığ artdı. Oğlundan hər gün xəbər tutmağa çalışan valideynlər nə rahat yuxu yatırdılar nə də işləri ilə məşğul ola bildilər. Udduqları loxma, içdikləri çay boğazlarında qalırdı. Bütün narahatçılığın sonu Arifin şəhidliyi ilə bitdi. Vətənə bir oğul qurban verildi.
    Artıq Aqil ata da, Sənubər ana da yaşlanıblar. Hər ikisi ömrün ahıl çağlarını yaşayırlar–ürəklərində Arif niskili! Həyatlarının 50 ilini birgə yaşayan cütlük hazırda kiçik oğlanları Akiflə birgə qalırlar. Övladlarından 7 nəvələri var.
    Noyabrın 25-də Aqil atanın 80 yaşı, evliliklərinin 50 illiyi tamam olur.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.