Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    DEYİLMİ?…

    Ömür başdan-başa, beşikdən-qəbrə

    Həyat sevinci, qəmi deyilmi ?

    Ölüm bir ömürlük iztirabların-

    Ağrının, acının cəmi deyilmi ?

     

    Mənəvi dünyaya qalxıb ucalmaq

    Qanadlı duyğuya qismətdir ancaq.

    Beləysə,  ömürdən, gündən kam almaq

    Hər kəsin arzusu, kamı deyilmi ?

     

    Keçir məqamlar  da   gündə  yüz  əldən

    Hansı gizli əldir pozan, düzəldən?

    Sənin güvəndiyin dünya əzəldən             

    Əkilən, biçilən zəmi deyilmi ?

    Ayaqlar altında yer  oldu tapdaq,      

    Sirrini, məğzini bilmədik ancaq.

    Tapdaq  etdiyimiz bu  qara torpaq

    Əbədi mənzilin damı deyilmi ?

     

    Damımız üstündə gəzər, hey gəzər,

    Hərə ürəyincə bir mənzil bəzər.

    Torpağı sormaqdan etmədik həzər,

    Bu da ağlımızın kəmi deyilmi ?

     

    Ötəri mənzildə qədər hökm edər,

    Kimimiz bal içər, kimimiz zəhər:

    Əbədi mənzildə hamı-bir nəfər,

    Bir nəfər özü də hamı deyilmi ?

     

                                     Bəxtiyar VAHABZADƏ

     

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.