Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

                 SAVABLA GÜNAHIN, HALALLA  HARAMIN QARIŞDIĞI İNSAN ÖMRÜ                           Hər çiynimizdə bir mələk oturur. İnsan bu dünyaya gələndən o biri dünyaya gedənə qədər etdiyi savab əməlləri biri, günah əməlləri isə digəri yazır və Tanrı bu əməllərə baxıb, həmin adamın Cənnətlik, yaxud Cəhənnəmlik olduğu haqqında hökm verir. Orda pul işləmir, qohumbazlıq olmur, yaltaqlıq keçmir…
    İndiki zamanda haramla halal, günahla savab biri-birinə necə qatışıbsa, bəzən onları ayırd etmək olmur, adam məəttəl qalır. Necə ki, hədislərdə buyrulub: vaxt gələcək ki, insanlar bilməyəcəklər yedikləri şeylər halaldır, yoxsa haramdır. Savabla günahın da sərhədləri itib. Bax indi həmin zaman gəlib, günahla savabın, halalla haramın qatışdığı zaman. Lakin burda bir cəhətə xüsusi fikir vermək lazımdır, bir var bilə-bilə günah işlədəsən, haram yeyəsən, bir var bilməyə-bilməyə. Bunların da Tanrı Dərgahında qiymətləri fərqlidir.
    Əsil mətləbə keçək.
    Əlbəttə, dinlə xurafatı, cəhalətlə kamilliyi qarışdırmaq olmaz.
    Hər bir müsəlman Allah yanında ən böyük sayılan günahları bilməlidir və onu da bilməlidir ki, ən böyük günahlar bağışlanmır.
    Mənbələrdə göstərilir ki, bağışlanılmayan günahların cərgəsində ən birinci yerdə olanı Allaha şərik qoşmaqdır(şirk). Sonra adam öldürmək, yalan danışmaq, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq və s. gəlir.
    Əgər bir müsəlman bunları lağa qoymadan, ürəyində təsdiq etdiyi halda, böyük günah törətsə, dindən xaric olub kafir halına gəlməz.
    “Allah şirki bağışlamaz. Onun xaricindəkiləri bağışlanmağa layiq olan şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, Ona böyük bir böhtan atmış olar.” (Nisa, 4/48)
    Günahların böyük və kiçik kimi 2 qrupa bölünməsi Quran ayələri və peyğəmbər hədisləri ilə sabitdir.
    “Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik.” (Nisa, 4/31)
    “Onlar (möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinirlər. Hirsləndikləri vaxt da eyibləri bağışlayırlar.” (Şura, 42/37)
    “Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır. O sizi torpaqdan yaratdığı vaxt və siz analarınızın qarınlarında olduğunuz vaxtda da sizi ən yaxşı tanıyandır. Bunun üçün özünüzü təmizə çıxartmayın. Çünki O, pis işlərdən uzaq durub çəkinəni yaxşı bilir.”(Nəcm, 53/32)
    “Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın”. (Ənam surəsi)
    “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
    Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
    Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri bağışlayandır.
    Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.
    Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.
    Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.
    Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.
    Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.
    Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək–bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.
    Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.
    Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir”. (İcra surəsi)
    Həmçinin, hədislərdə yalan danışmağın böyük günah olduğu qeyd olunur. Peyğəmbər demişdir: “Doğruçuluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan isə adamı günah işlərə yönəldir. Günah işlər də adamı Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, axırda Allah yanında yalançı sayılır” (Səhih əl-Buxari, 6094).
    Burda bəzi şəxsi fikirlərimi bildirmək istəyirəm. Tutaq ki, bir nəfər Orucu düzgün tutmağın və yaxud namaz qılmağın qaydalarına əməl edir. Yəni ki, oruc tutarkən nəinki yeyib-içmir, heç siqaret də çəkmir, dişi ağrısa belə dərman atmır, iynə vurdurmur, hətta çimmir ki, başını yuyarkən ağzına su gedər, ağız suyunu belə udmur və ümumiyyətlə, orucun bütün şərtlərinə əməl edir.
    Və yaxud namaz qılarkən onun tələblərini tam yerinə yetirir. Yəni ki, islamdadır, ağıl sahibidir, həddi-büluğa çatıb, dəstəmazlı olur, üç yerdən (paltardan, bədəndən, olduğu məkandan) nəcəssəti aradan qaldırır, vaxtın daxil olmasını gözləyir, qibləni düz təyin edir, niyyət tutur və s.
    Bu şərtlərdən biri pozulduqda oruc da, namaz da pozulmuş hesab olunur.
    Belə bir sual meydana çıxır: “Orucun və namazın bütün şərtlərinə əməl edən adam əgər valideynlərinə əziyyət verirsə və ya yalançıdırsa və ya oğrudursa və ya zina edirsə, yəni Allah yanında ən böyük günah sayılan əməllərdən biri və ya bir neçəsi ilə məşğul olursa, onda necə? (Əslində belə adamlar az deyil və tanıdıqlarım da var). Atasını, anasını təhqir edir, onlara yaxşı baxmır, imkanı olduğu halda ehtiyaclarını ödəmir, amma camaat içində sözünü Allahla başlayır, Allahla qurtarır.
    Adam tanıyıram ki, hər addımbaşı yalan danışır, amma namaz qılır, oruc tutur. Yalançı Allahın düşməni hesab olunursa, onda onun namazının və yaxud orucunun nə faydası olar ki? O, özünümü aldadır, Allahımı aldatmaq istəyir Axı, Uca Yaradan hər şeydən xəbərdardır, ürəkləri bilir, Ondan gizli heç nə yoxdur.
    Bir də görürsən birisi 40 ildir pozğun həyat tərzi yaşayan, gedir Məşhədə və yaxud Kərbəlaya, olur “Məşhədi Filankəs xanım” və ya “Hacı Filankəs”. Halbuki, o müqəddəs ziyarət yerlərinə də halal yox, haram yolla əldə etdiyi pulla gedir. Gələndən sonra da günah sayılan əməllərini davam elətdirir. Özünü elə göstərir ki, güya bu təmiz adamdır, “xalis müsəlman”dır. Kimə lazımdır?
    İndiki bazar iqtisadiyyatı dövründə ərzaq sarıdan heç bir qıtlıq və qəhətlik yoxdur, hər şey var və hər şey satılır. Biz də bunları mağazalardan və yaxud bazarlardan alıb istifadə etməyə məhkumuq. Nə bilək ki, bu ərzaq məhsullarının hansı halaldır, hansı haram? Ona görə deyirəm ki, halalla haramın sərhəddi qalmayıb, qarışıb biri-birinə.
    Molla var ki, möminliyini hər an qorumağa çalışır, molla da var ki, qazanc xətrinə hər əmələ əl atır, pis yola gedir, amma hər ikisinə də molla deyirlər.
    Cindarlıqla, sehrlə məşğul olan, dua yazan, fala baxan “əldəqayırma mollalar” da var ki, Quranın surə və ayələrini höccələyə-höccələyə, qələtlə oxuyur, İslam dininə hörmətsizlik gətirirlər. Tərtərdə də belələri var və onları şəxsən tanıyıram. Mənim fikrimcə, elə “mollacığazlar” Tanrı qarşısında böyük günah sahibləri kimi cavab verəcəklər.
    Ümumiyyətlə, bu gün hər addımbaşı günah işlədirik, haram sayılan əməllərlə məşğul oluruq. Çünki dünyanın özü böyük günahların içindədir. Müharibələr, qırğınlar, qanlar-qadalar dünyanın hər yerini bürüyüb, ələlxüsus da, müsəlman ölkələrini. Halbuki, bir adamı haqsız yerə öldürməyin nə qədər böyük və ağır günah olduğu “Qurani-Kərim”də Allah-Taala tərəfindən açıq-aydın göstərilib.
    Ey müsəlmanlar!
    Bu fitnə fəsadlardan, Rəbbimizin yanında böyük və bağışlanılmaz olan günahlardan, haram əməllərdən əl çəkin! Düz yola gəlin! Yoxsa dünya dağılacaq!!!
                                                                                                                                                                                                       Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.