Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin avtomobilində şəhid ailəsi ilə görüşə gedirik. Bir zaman daşlı-kəsəkli yollardan əsər-əlamət yoxdur. Asfalt döşənmiş, hər iki tərəfi səliqə-sahmanlı kənd yolu ilə maşınlar şütüyür. Heç bir məlumatım ol-mayan şəhidi və onun ailəsini dü-şünürəm. Xəyalımda suallar bir-birini əvəzləyir. Nəhayət, maşın yaraşıqlı bir evin həyət darvazası yanında dayandı. Ətrafda sakitçilik hökm sürürdü. Nümayəndə ilə birlikdə evə daxil oluruq. Bizi görcək qarşımıza gəlib görüşürlər. Şəhidin anası Atlas xala, nənəsi Maya xala, qardaşı Maxsud, evin gəlini və nəvə. Dedilər ki, bacısı gəlsin sizə məlumat versin. Az keçməmiş digər qardaşlar Murad, Ülfət və bacısı Zülfiyyə gəlir. Söhbət zamanı məlum oldu ki, Seymurun haqqında dasnışmasını məsləhət bildikləri bacısı –Zülfiyyə Xoruzlu kənd tam orta məktəbində müəllim işləyir. O şagirdlərinə tez-tez kəndin şəhid oğ-lanları haqqında danışır, onların qəhrəmanlıqlarından söz açır. Elə qardaşı Seymurdan da. Bu gün də bizə danışdı.
    –Seymur 1970-ci il avqustun 28-də rayonumuzun Bayandur kəndində doğulub. Ailənin üçüncü övladı olub. Xoruzlu kənd tam orta məktəbini bitirib. Sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnib. 1988-1990-cı illərdə Kamçatkada–sovet ordusu sırala-rında hərbi xidmətdə olub. Hərbi xidmətini qurtardıqdan sonra sürücü işləyib.
    Zülfiyyə müəllim danışdıqca gözlər dolub-boşalırdı. Xüsusilə ananın yanaqlarından yuvarlanan yaş gilələri selə dönürdü. Bacı qardaş haqqında–kövrələ-kövrələ, göz yaşları içində danışırdı… O biri qardaşlarım da o zaman yaradılan ilk özünümüdafiə batalyonlarına yazılmışdılar. 1993-cü ilin əvvəllərində könüllü olaraq orduya yollanır, Seymur.
    Şəhid Seymur Muradov haqqında ətraflı məlumat almağa çalışıram. Bacısı Zülfiyyə bildirdi ki, Seymur öz davranışı və tərbiyəsi ilə həm ailədə həm də qohum-əqraba arasında hörmət qazanmışdı. Heç bir ehtiyacını atama bildirməzdi. Hətta (o zamanlar mən ailəli idim) gəlib bizim həyətimizdən keçməzdi ki, deyərlər nədənsə ötrü keçir.
    Söhbətimizə Maya nənə qarışır.
    Seymur əsgərlikdən gələndə qız sevirdi. Onunla görüşə getmək üçün, gəlib gizlicə mənə bildirirdi ki, nənə atama de maşını versin, bir yer var ora gedim. Mən də atasına dedim. Atası etiraz etmədən maşının açarlarını Seymura verdi və o gedib qızla görüşdükdən sonra gəlib məni öpdü və dedi:
    –Nənə, özümə ev tikdirib, evlənəcəm, səni də özümlə aparacam. Nənə kövrələrək dedi:
    İndi nə qədər gözləyirəm ki, Seymur gəlib məni evlərinə aparacaq, amma gəlmir…
    Seymurun döyüş yolu Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərə və Kəlbəcər rayonları istiqamətində, aparılan qanlı savaşlardan keçib. O, düşmənə qarşı mərdliklə döyüşüb. Axırıncı gün –1993-cü il dekabrın 29-u Seymurun son döyüşü olur. Kəlbəcər uğrunda şiddətli döyüş gedirdi. Məlumata əsasən döyüşçülərimiz 16 saat qarlı, buzlu cığırlarla irəliləyərək Murovdağa çatırlar və düşməni 20 km geri oturdaraq 11 kəndi mənfurlardan təmizləyirlər. Bu əməliyyat asanlıqla başa gəlmir. Xeyli şəhidimiz və yaralımız olur. Onların arasında Seymur da vardır. Qardaşı Murad Seymurun arxasınca getsə də məlumatsız geri qayıdır. Çox çəkmir ki, Seymurun şəhid olması barədə kəndə xəbər yayılır. Bu xəbəri kəndin hörmətli şəxsiyyətlərindən olan İdris müəllim Seymurun şəhid olmasını ailəsinə bildirir…
    Bacı sözünə davam edir:
    – Mənim evimdə bir çanta var. Onun içində də Seymurun darağı, və məktubları…
    …İllər keçdi. Qarabağ müharibəsindən əzab çəkən ailələrdən biri də Muradovlar ailəsi oldu. Lakin bu ağrının Vətən naminə olması ailəyə bir təsginlik, qürur gətirdi. Seymur nəinki ailənin, hətta doğulduğu kəndin, doğma rayonumuzun fəxrinə çevrildi. Ailənin böyüyü, ağsaqqalı ata – Mobil Muradov oğlu ilə qürur-lansa da onun itkisinə dözə bilmədi. Və 2004-cü ildə ata dünyasını dəyişdi. Onun ruhu ruhlar dünyasındakı,şəhidlər arasındakı oğlunun ruhuna qovuşdu…
    İndi bu ailədə balaca Seymur böyüyür. Qardaşı Maxsudun oğlu. O, ikinci sinifdə oxuyur.
    Yola saldığımız 2019-cu il dekabrın 29-da şəhid Seymur Muradovun anım gününün 26 ili idi. Ailə hər il olduğu kimi bu il də həmin gün qəbrini ziyarətə getdilər. Ziyarətə gələnlər arasında Tərtər İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rəhbər orqanların nümayəndələri də vardı. Sonra rayon rəhbəri şəhid Seymur Muradovun anası Atlas xanımın evində qonaq olmuş və şəhidin ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında səmimi söhbət etmişlər, şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır. Bu isə onu bir daha təsdiq edir ki, ölkə-mizdə şəhid ailələrinə dövlət tərəfindən böyük diqqət və qayğı var. Bunu ailə üzvləri öz fikirlərini söyləyərkən bildirdilər. Ölkə Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bu gün də hər an yanlarında olan rayon rəhbərliyinə öz sonsuz minnətdarlıqlarını bildirdilər.
    Seymurun uyuduğu qəbristanlıqdakı “Ələm”ocağını və Seymurun qəbrini ziyarət edib geri qayıdırıq. Düşünürəm ki, şəhidlər ölməzdir, onlar xatirələrdə əbədi yaşayırlar.
                                                                                                                                                                                                Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.