Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    POEZİYAMIZI  AĞLAR  GÜNƏ  QOYANLAR

    новый-1Yazıq poeziya! Bədbəxt poeziya! Gör səni necə ağlar günlərə qoyublar!
    Qələmin biri 20 qəpik, dəftər vərəqi də ki, çox, döşə ki, döşəyəcəksən! Amma nədir döşədiyin? Nə özü bilir, nə də başqaları. Eləsi var təzə başlayıb, eləsi var 50 ildir ki, yazır. Nə yazır? Nə bilək, vallah!
    O nəhənglikdə Bəxtiyar Vahabzadə yazı masasının üzərinə qoyduğu Füzulinin büstünə müraciətlə deyib: “Bu kişinin zəhmi qoymadı da bir düzəməlli şair olaq.” Təvazökarlığın zirvəsinə bax! Əgər Bəxtiyar Vahabzadə özünü “düzəməlli şair” hesab eləmirsə, onda yazıq yerdə qalanların halına!
    Mən də aradabir şeir yazıram. Amma… Klassiklərimizi demirəm hələ, Məmməd Arazı oxuyanda, bəzən öz yaz-dıqlarıma yazığım gəlir, əlimə qələm aldığıma görə utanıram, xəcalət çəkirəm. Halbuki rəhmətlik Məmməd Arazın şəxsən özü şeirlərimi oxuyub, Məmməd Aslanın yanında üzümə demişdi: “Tofiq yaxşı şairdir”.
    Əlinə qələm götürüb ilk dəfə şeir yazmaq istəyənlərdən (istər uşaq olsun, istər 70 yaşdan o tərəfə keçən) bir xahişim var: “Əvvəlcə öyrənin şeir nədir, sonra yazın.” Ya da Mirzə Ələkbər Sabirin bircə şeirini oxuyun. Ondan sonra nə vaxt yazsanız, gəlin mənə nə deyirsiz deyin.
    Bunları qoyaq bir tərəfə.
    “Şeirlərinə” onlarla, hətta yüzə yaxın “mahnı” bəstələnmiş elə “şairlər” var ki, onları dinləyəndə, inanın, adamın əti tökülür, əsəbləri oyanır. Görəsən, onları yazan heç, bəstələyən və yaxud oxuyan niyə bunun fərqinə varmır? “Bəstəkarcığazları” deyə bilmərəm, amma oxuyanların çoxu əməkdar və ya xalq artistləridir. Bir xalqın ki, artisti oxuduğu sözlərin hərcayılığını bilmir, daha bunun harası oldu xalq artisti?! Biabırçılıqdır!
    Mən ad çəkmək istəmirəm. Çünki son zamanlar oxunan mahnıların əksəriyyətinin sözləri belədir.
    Bilirsiniz, adamı ağrıdan odur ki, şeirin heç bir qayda-qanununu, vəznlərini, növlərini bilməyənlər, fitrən heç nəyi olmayanlar, mənəviyyatca çox cılız və kasıb savadsızlar da “şeir” yazır və iddiaları da özlərindən böyük olur. Ayıbdır! Respublikamızın bütün bölgələrində bu tendensiya ağcaqanad kimi hər tərəfə yayılıb və onların yazdıqlarını oxuyub dinləmək ağcaqanadın səni sancıb ağrıtması, qaşındırması və dilxor etməsı kimi bir şeydir. Mən belə hallarda ya Füzulini, ya Məmməd Arazı, ya da yaradıcılığından ləzzət aldığım bir şairdən bir-iki şeir oxuyuram, bəs edir, yəni “ağcaqanadın sancdığı yerə” məlhəm qoyulur.
    Şeir yox ey, “üç badam bir qoz” dolu cild-cild, qalaq-qalaq kitablar (müəlliflərinə bərəkallah!) itinə tök, sayi-hesabı bilinmir. Nəşriyyatların nə vecinədir ki? Pulunu alır, babat qazanc götürür, işini görür. İçində nə var, nə yox, naşirin çox vecinədir ki? Ona pul lazımdır. Mənim bu sayaq kitablara sərf olunmuş kağızlara heyfim gəlir. Bəlkə ayrı bir məq-sədə işlənsəydi daha yaxşı olardı. İnsanların, bütövlükdə cəmiyyətin bədii zövqünü və əsəblərini korlayan musiqi və sözlərin, ümumiyyətlə, buna oxşar hər şeyin millət üçün böyük xatası var. İlk nəzərdən bunun ictimai mühitə təsiri hiss olunmasa da, sonda qarşısıalınmaz fəsadlar yaratdığı qaçılmazdır. İnsanın duyğuları və hissləri korlanırsa, onun cəmiyyət üçün hansı fəsadlara gətirib çıxaracağını sakit və soyuq başla siz də düşünün.
    Mən rayonumuzun qəzetində işlədiyim müddət ərzində redaksiyaya bədii yazı adı altında xeyli məktublar daxil olur. İndi də yekə bir qovluq yalnız həmin yazılarla doludur. Redaksiyanın iş planına əsasən bu günlərdə “Poeziya guşəsi” vermək üçün həmin qovluqdakı yüzlərlə yazını nəzərdən keçirdim. İnanırsınız, oxuculara təqdim olunası bir urvatlı şeir tapmadım.
    Bundan əlavə, bir də görürsən kimsə bir ümumi dəftəri və ya bir qovluğu, vurub qoltuğuna gəlir redaksiyaya: “Mən şeir yazıram, onları qəzetinizdə dərc eləyin”.
    Deyirik:
    –Oxu,görək nə yazmısan?
    Başlayır oxumağa (bəzən höccələyə-höccələyə, bəzən kəkələyə-kəkələyə.)
    Deyirik:
    –Gedin bir ayrı işlə məşğul olun.Yazılarınız çox zəifdir, qüsurludur, söz oyunbazlığıdır.
    Acığına gəlir. İnciyir. Gedir. Bir müddətdən sonra gəlir. Əlindəki qalın (və ya nazik) bir kitabı, ya da bir neçə qəzeti göstərib kinayə ilə deyir:
    –Bəs deyirdiniz ki, mənim şeirlərim zəifdir? Necə olur ki, bu boyda kitabımı nəşr eləyirlər, respublika qəzetlərində çap olunur, amma sizin qəzetə yaramır? Deməli siz özünüz zəifsiniz.
    İş orasındadır ki, uşaqları və cavanları demirəm, bizim rayonumuzda elə bil 60-70 yaşdan sonra bəzi adamlara “vergi” verilir, İlahi tərəfindən onlara “təb və yaxud vəh gəlir” belələri də ya “şair” olur, ya da “baxıcı”. Adam on-ların yerinə tər tökür.
    Anormal haldır ki, həmin ağsaqqallar evdə-eşikdə nəyə gümanları gəlirsə satır, pensiyasından qəpik-qəpik yığır və nəşriyyatlara verib heç nəyə və heç kimə lazım olmayan, özlərini biabır edən kitablar çap elətdirirlər, ona-buna göstərərək fəxrlə qürrələnirlər. Lakin əksinə olmalıdır, yəni “şeir” ayıblarını gizlətməlidirlər. Qəribədir ki, belələri nə övlad nə də qohum-əqraba sözünə baxır, nəticədə onların özləri yox, yaxınları başıaşağı olurlar.
    Zornan şair olmaq mümkün deyil! İstər 10 ali təhsil al, istər dünyaya səs salan alim ol, istərsə də Nobel mükafatına layiq görül, səndə anadangəlmə fitri isdedad yoxdursa, poeziya qanınla, əmdiyin südlə varlığına hopmayıbsa, yüz il də yazsan, vallah-billah, səndən şair olan deyil. Özünü havayıdan yorma, get sərfəli bir işlə məşğul ol.
    Şairin necəliyi onun bir misra şeirindən də bilinər. Elə şairlər olub ki, bir şeiri ilə tarixdə qalıb, klassikə çevrilib, Azərbaycanın görkəmli şairi Həsənoğlu kimi.
    Bu dediklərimi sübut etmək üçün sevilən bir neçə şairimizin hər birindən bircə beyit sitat gətirməyi kifayət bilirəm. Bu misralar onların şairlik istedadlarını şərtləndirən nümunələrdir.
    Əgər sevirsənsə ayaq səsimdən
    Gərək biləsən ki, Bəxtiyar gəlir.
    Bəxtiyar Vahabzadə

    Vətən mənə oğul desə, nə dərdim,
    Mamır olub qayasında bitərdim.
    Məmməd Araz

    Qış günü də çiçəkləyər Dağlar mənim ürəyimdə.
    Məmməd Aslan

    Tütək neyləyibsə canavarı da
    Sürüdən aralı yuxu tutubdu.
    Vahid Əziz

    Bu yaşıl ağacın üstü Allahın,
    Bu yaşıl ağacın altı bizimdi.
    Zəlimxan Yaqub

    Unudulmaq yaman dərddi,
    Gülüm, başına gəlməsin.
    Əlibala Hacızadə

    Nə səndə məhəbbət qara pul deyil,
    Nə mən dilənçiyəm əl açım sənə.
    Nüsrət Kəsəmənli

    Daha məndən sevgi umma, əzizim,
    Bu dünyanın qara daşı göyərməz.
    Musa Yaqub

    Gələrəm, üstündə bitən otları
    Gözümün yaşıyla əmizdirməyə.
    Şahmar Əkbərzadə

    Heç olmasa icazə ver Ölüm sənin qucağında.
    Bəhmən Vətənoğlu

    Addım-addım o dağları dolanıb,
    Yoxlayıram, yatmıram ki, gecələr
    Sücaət
    Bu şeir parçalarının sayını çoxaltmaq da olar. Amma lüzum görmürəm.
    “Şeir” dedikləri hərcayı söz yıgını yazan adamların adlarını qəsdən çəkmədim. Çünki Tərtərdə rayon sakinlərinin hamısı, demək olar ki, bir-birini tanıyır, kimlərləsə qohumluq əlaqələrini belə bilirlər. Dingiş yazı müəlliflərinin adlarını çəksək, əlbəttə, özləri yox, qohum-əqrabası xiffət çəkəcək, məndən incik düşəcəklər. Mən də istəmirəm ki, bir qarışqanın da xətrinə dəyim. Amma o “şairlər” gərək bu yazıdan bir ibrət dərsi götürələr.Yoxsa bu güzəştimdən peşiman olacağam.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:09

    Teqlər:

İsmarıclar bağlıdır.