Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genefondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
    Azərbaycan ailəsi hər şeydən əvvəl milli-adət ənənələrimizi özündə yaşatmalıdır. Son illərdə Qərbdən daxil olan adətlər bizim milli adətlərimizə öz mənfi təsirini göstərməkdə davam edir. Açıq etiraf etmək lazımdır ki, ailələrdə hərkə-hərkəlik, böyük-kiçik, qadın-kişi saymazlığı milli-mentalitetimizə uyğun olmayan tərbiyə metodları ailələrimizin dağılmasına gətirib çıxarır. Bu dağınıqlıq uşaqlarımızı nəzarətdən, böyüklərimizi  qayğıdan uzaq salır. Ona görə də qarşıya çox ciddi sual çıxır. Necə etmək lazımdır ki, dədə-baba adətlərimiz, sayılıb-seçilən ailə dəyərlərimiz unudulmasın, yaddan çıxmasın?
    Keçmişlə bu günümüz arasında xeyli müqayisə yaranır. Bu, o demək deyil ki, elə yerimizdə oturub keçmişin fikri-düşüncəsi ilə ömrümüzü başa vuraq, uşaqlarımızı da bu ruhda tərbiyələndirək. Gördüklərim və eşitdiklərimlə müqayisə yaratmaq fikrim də yoxdur. Amma, bu gün müşahidə etdiklərim məni narahat edən faktlardır. Yaxşı bilirəm ki, əsrimiz, eləcə də günümüz, saatımız, hətta dəqiqələrimiz elektronlaşıb, xəbər dairəmiz genişlənib, məlumat toplama gücümüz sanki saniyələrlə ölçülür. Beyinlər, şüurlar öz sferasından daha çox yüklənir. Doğrunu-yanlışı ayırd etmək çətinləşir. Köhnə fikirlə-təzə fikirlilik üz-üzə dayanıb. Bəs, bunun hansını seçək ki, sabah çətin vəziyyətlə üzləşilməsin? Bu gün cəmiyyət arasında baş alıb gedən pozğunluq, zorakılıq, alkoqolizm , narkomanlıq, cinayətkarlıq və sair mənfi halları törədənlər axı, ailələrimizdən tərbiyə alaraq yetişmiş şəxslərdir. Heç bir valideyn övladına yanlış tərbiyə verib cinayətkar, cani, narkoman və ya pozğunluq edən şəxs kimi tərbiyə etməz. Milli dəyərlərimiz Quranımızda və dövlət qanunlarımızda da təbliğ olunmaqdadır. Belə olan halda bəs, son?… Biz cəmiyyət üçün faydalı in-sanı necə yetişdirməliyik ?
    Ta uşaqlığımdan yaxşı tanıdığım ailə vardı. Burada qadının qadın kimi, kişininin kişi kimi, öz yeri varıydı. Uşaqların nənəyə, babaya, ata-anaya hörməti, sayğısı öz qaydasında idi. Hətta ailə üzvləri arasındakı mehribançılığı nümunə də göstərirdilər. Məsələn, ailədə böyüklər ucadan danışmazdılar, bir-birinə qarşı kobudluq edilməz, təhqiredici sözlər işlənilməzdi, görülən hər bir iş məsləhətlə edilərdi. Ailə üzvləri arasında qarşılıqlı anlaşma varıydı. Burada uşaqlar da beləcə tərbiyə alıb böyüyürdülər. O zamanlar əksər ailələr belə idi. Bugünkü nəsil isə o mentaliteti qoruyub saxlamağı görək bacarırmı?
    Evdə baba-nənə, ata-ana, oğul-qız var. Kənardan bu ailəni müşahidə etmək fikrinə düşdüm. Kişilər qadınları kobud sözlərlə təhqir edir, qadınlar qarşılığında əsəbi, qeyri-etik sözlərlə cavab verir. Hətta hələ məktəb yaşı olmayan körpə uşaqlar da bir-biri ilə qışqıra-qışqıra danışırlar. Demək olar ki, hər kəs sözünü, öz dediyini həyata keçirməyə çalışır. Belə vəziyyətdə hansı tərbiyədən söz açmağa dəyər?!
    Yaxşı yadımdadır, bir zamanlar evə qonaq gələndə süfrəyə hər cür təamlar qoyulardı. Hətta spirtli içki də. Amma o süfrədə qadın, uşaq əyləşməzdi. İndi, yerli-yersiz, süfrəyə spirtli içki dü-zülür, azyaşlı uşaq da böyüklə bərabər həmin süfrədə əyləşir. Doğrudur, böyüklər: “Olmaz!”–deyir, amma gəl görək bu azyaşlını inadından döndərmək mümkündürmü? Bax, elə hər şey də buradan başlayır. Naəlac qalıb, uşaqdır deyə susuruq və böyüməyini gözləyirik. Yanlışı ayırd etmək əvəzinə dolayısı ilə onu dəstəkləyirik. Böyüyəndə isə necə olacağını Allah bilər.
    Keçmişlərdə belə bir rəvayət söylənilirdi: “Bir gün Peyğəmbər (s) əshabələrini başına yığıb deyir ki, mən elə evə qonaq getmək istəyirəm ki, orada məndən böyük olmasın. Əshabələr düşünüb elə bir ailəni tapırlar. Həmin ailəyə xəbər göndərirlər ki, bəs Peyğəmbər filan vaxtı sizin qonağınız olacaq, orada gərək ondan böyük heç kəs olmasın. Ailədə Peyğəmbəri gözəl qarşılamaq üçün əldən-ayaqdan gedirlər və qonağı ehtiramla qarşılayırlar. Bu zaman Peyğəmbər bir uşağın inadkarcasına ağlamasını və qışqırığını eşidir. Uşaq böyüklərdən qatıqla südün qarışdırılmasını və sonra onların bir-birindən ayırmalarını tələb edir. Bunu görən Peyğəmbər əshabələrinə müraciət edir: “Sizə demədimmi ki, məni elə bir yerə aparın orda məndən böyük olmasın? Bu ailədə uşaq məndən böyükdür, onun dediyi hökmən olmalıdır”.
    Sözün qısası, ailələrimizdə elə bir mühit yaradılmalıdır ki, uşaq o mühitdən yaxşı mənada yararlana bilsin. İllər öncə heç bir psixoloq, filan yoxuydu, amma uşaqlar indikindən daha tərbiyəli idilər.
    Ailələrimiz elə bir mühit yaratmalıdır ki, uşaq öz istədiyini inadkarlıqla deyil, etdiyini anlayaraq, şüurlu surətdə, ailəyə, özünə, cəmiyyətə ləkə gətirmədən, milli dəyərlərimizi qoruyaraq həyata keçirsin. Nahaqdan ata-babalarımız uşaqları ailənin güzgüsü adlandırmayıblar. Bax, bu güzgüyə baxanda özünü gözəl görmək üçün gözəl övlad tərbiyə etmək lazımdır. Axı, hər bir ailə bizim milli dəyərlərimizin daşıyıcısıdır.
    Bu gün qürurlandığımız ailələrimiz daha çoxdur. Ailə dəyərlərini qoruyan, tərbiyəli, savadlı övladlar böyüdən ailələrimiz yüzlərlədir. Cəmiyyətimizin gələcəyini gözəl görmək məqsədi ilə gözəl ailə qurulmasına nail olmaq lazımdır.
                                                                                                                     Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.