Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Yay son günlərini başa vurmaqda idi. Hamı isti ayların qurtarmasını, payızın gəlişini səbirsizliklə gözləyirdi. Maya ana da sevinc içində idi. Tezliklə onun övladı olacaqdı. Nəhayət, o gün gəlib çatdı. Bəhruz ataya oğlu olduğunu xəbər verdilər. Ata öz oğluna Nicat adını qoydu və dedi:
    –Qoy mənim oğlum böyüyüb, Vətəninə, xalqına layiqli igid olsun.
    İllər sürətlə keçdi. Nicat məktəbə getdi, müəllimlərinin, məktəbin sevimlisi oldu. Anası ondan: “Oğlum, böyüyəndə kim olacaqsan?”–deyə, soruşanda:
    –Mən hərbçi olacağam və torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm–deyə, cavab verərdi.
    Vaxt gəlib çatdı. Artıq Nicat hərbi xidmətə yollanırdı. O, bu günü çoxdan arzulayırdı. Maya ana intizarla oğlunun qayıtmasını gözləyirdi. Amma Nicat hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində dayandı. Torpaqlarımızın azad olacağı günü yaxınlaşdırmağa çalışırdı.
    Günorta çağı idi. Nicat sevdiyi qızı düşünür, gələcək həyatı haqqında xəyal qururdu. Telefon zəng çaldı. Ana ona nişan aparacaqlarını söylədi. Nicat icazə alıb evə gəldi. Hamı sevinc içində idi. Nişan günü ana oğlunu qucaqlayıb: “Bir daha səni orduya qoymayacam, artıq evə dönmək zamanıdır. Sənin kəşfiyyatçı olmağın məni qorxudur”–dedi. Ni-cat anasını qucaqlayıb: “Ana, torpağım azad olmayınca, mən geriyə qayıda bilmərəm”–dedi.
    O, dostları ilə söhbət edərkən belə deyərdi:
    –Vətən elə bizik, ailəmiz, şəhərimiz, Azərbaycanımızdır. Mən sizin hamınızı–analarımızı, körpələri qoruyacağam! Şəhid olanların qisasını alacağam!
    Bir gün Nicat Lələ təpədən anasına zəng elədi və dedi:
    –Ana, inan, macal tapa bilmirəm. Qurbanın olum, həm sizin üçün, həm də onun üçün darıxmışam. Sənə söz verirəm, aprelin 2-si mütləq gələcəyəm. O günə bir şey qalmayıb, səbrli ol. Və gözlə…!
    Bu, Lələ təpə fatehinin son zəngi oldu.
    Aprelin 1-dən 2-nə keçən gecə ermənilərlə şiddətli döyüş başladı. Hamı bir nəfər kimi Vətənin müdafiəsinə qalxdı. Döyüş Fizuli istiqamətində gedirdi. Hər tərəfdən güllə yağışı yağırdı, qəlpələr ətrafa səpələnirdi. Kəşfiyyatçı Nicat son döyüşə gedəndə yoldaşlarına bu sözləri dedi:
    –Şəhid olmağa gedirəm!
    Ağır döyüş getdi, düşmən xeyli itki verdi. Bizim də əsgərlərdən çoxu şəhid oldu.
    Dostu yaralanmış Nicata çatanda, artıq, o, son anlarını yaşayırdı. Nicat bir anlığa xəyala daldı, uşaqlıq illərini, sevgilisi ilə birgə olduğu anları xatırladı. Dərindən köks ötürdü.
    Çavuş Emin Məmmədov onun başını qolları arasına aldı: “Sən yaşayacaqsan, dostum!”–deyib, onu qucaqladı. Nicat son dəfə əlini dağlara uzadıb: “Ay dağlar, ay dağlar”,–deyə səsləndi. Bu, onun son sözləri idi. O, aprel döyüşlərinin ilk şəhidi oldu.
    Aprel ayının gözəl günü idi. Maya ana oğlunun gəlişini həsrətlə gözləyirdi. Qapıya qırmızı lent bağlayan ana: “Ay insanlar, toy eləyirəm”–deyib, ah-nalə çəkirdi. Azərbaycan ordusunun kəşfiyyatçı giziri Nicat İsgəndərov, anasına söz verdiyi kimi, aprelin 2-si evlərinə gəldi. Aldatmadı gözü yolda qalmış anasını. Özü də dediyi kimi gəlişi də möhtəşəm olur. Ana öz şəhid oğluna laylay çaldı:
    Göz yaşım selə döndü,
    Durnalar gölə döndü.
    Sən getdin qayıtmadın,
    Aylarım ilə döndü.
    Nicat elə möhtəşəm qayıtdı, hərbi formada yox, uğrunda həlak olduğu dövlət bayrağına bürünərək öz ayaqları ilə deyil, yolunda canından keçdiyi xalqının çiyinlərində.
    İndi Nicatın ruhu özünün son sözündə dediyi kimi Qarabağ dağlarındadır və həsrətlə Vətən torpağının azad olunacağı günü gözləyir. Başın sağ olsun, Vətən! Sənin qoynunda minlərlə Nicat, Mübariz, Elman, Vəzir, Rafiq, İnqilab kimi oğullar yetişir.
    Hekayəm Tərtərin Lələ təpə uğrunda gedən döyüşlərdə ilk şəhid olan Nicat İsgəndərova həsr olunmuşdur.
                                                                                                                       Lalə BAYRAMLI,
                                                                                        Tərtər şəhər Rafiq Nuriyev adına

                                                                         6 №-li tam orta məktəbin X sinif şagirdi

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.