Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Çətin qış günlərindən sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu fevrala, Rusiyada martın əvvəllərinə, Sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə biliblər. Beynəlxalq astronomik il xalqımızın Novruz bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saat olur.
    Novruzun kökü haradadır?
    Dahi Azərbaycan şairi Məhəmməd Füzuli fars divanındakı qəzəldə deyir
     Vəslin mənə Novruz gecəsi oldu müyəssər,
       Sanki, gecəm gündüz ilə oldu bərabər.
    İldə iki dəfə gecə-gündüz bərabər olur; Novruzda və sentyabrın 21-də. Zərdüştilər “Mihran” adlandırdıqları bu günü böyük təntənə ilə keçirərdilər. Azərbaycanın şimal-qərb zonasında isə Mihran günü yenə də bayram kimi qarşılanır.
    Gecə ilə gündüzün bərabər olmasını babalarımız nə üçün bayram kimi keçiriblər? Uca yaradanın işıq rəmzi gündüzə, qaranlıq rəmzi gecəyə fərq qoymadan eyni səviyyədə, bərabər tutması həm də cəmiyyətin təbəqələri arasındakı fərqləri də bayram günlərində aradan götürürdü. Kasıblar ildə iki gün özlərini komplekssiz hiss edə bilirdi.
    Novruz ərəbi aylardan fərqli olaraq ayın hərəkətinə yox, Günəşin dövr etməsinə görə təyin olunur. XIX əsrin tanınmış şairi Qasım bəy Zakir bu məsələdə bir qədər yanlışlığa yol verib:
    Nola nəzzareyi-ruxsarına el cəm olsa,
    Eydi-Novruz gələn dəmdə kişi Ayə baxar.
    “Novruzun tarixi nə vaxtdan başlayır?” sualına cavab vermək üçün əldə tutarlı faktlar yoxdur. Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur. Bəs bayramın əsl vətəni haradır? Bu suala cavab vermək üçün tarıxi əsərlərə müraciət edək…
    Hicri-qəməri təqviminin 430-cu ilində vəfat etmiş Əbu Reyhan Məhəmməd Biruni “Əl asarül-bağiyyə, ən əl ğurunülxaliyyə” (Ötən qərinələrdən qalan ölümsüz əsərlər) kitabında yazır ki, əfsanəvi hökmdar olan Cəmşid Azərbaycana, atəşgahlarda ibadət etmək üçün gələrkən, insanlar onun qızıldan olan taxtta-cını Günəş hesab ediblər, Günəşin çıxma anında oxunan duanı ona sarı dönərək səsləndiriblər. Bu Cəmşidin xoşuna gəlib və həmin günü təqvimə yazdırıb. Bununla da hər il bayram keçirməyi əmr edib.
    Novruz bayramının mənşəyi haqqında hələ ki, bu ən qədim və yeganə tarixi mənbədir. Orta Asiya türkü olan Əbu Reyhan azərbaycanlı deyildi, ancaq bu tarixi faktı əsərində mühafizə etməklə xalqımız üçün fəxr yeri qoyub. Biruninin müasiri olan Ömər Xəyyam “Novruznamə” risaləsində Novruzun ilk dəfə Cəmşid tərəfindən bayram edildiyini yazır. Bu risalə Novruza həsr olunmuş ən qiymətli və tarixi faktlarla zəngin bir əsərdir.
    Artıq Novruzu bütün dünya bayram kimi tanıyır. Bu bayram azərbaycanlıların, Yaxın və Orta Şərqin əziz günü olmaq çərçivəsindən çıxaraq indi bütün dünya xalqlarına şamil olunur.

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.