Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    1990-cı illərin əvvəllərində xalqımıza–uşaqdan böyüyədək hamıya zərbə vuruldu. Mənfur ermənilərin təcavüzündən çox az ailə oldu ki, salamat qala bildi. Valideynini, övladını, doğmalarını, yaxınlarını itirənlərin sayı gündən-günə artırdı. İldırım kimi şaqqıldayan güllələrin ağzından ölüm kabusu tökülürdü evlərə, ocaqlara, insanların üstünə. Xəstəxanalar, hospitallar yaralılarla dolu idi. Qismətinə ölümdən keçərək yaralanmaq düşənlər şükür edirdilər ki, yaşamağa ümid var. Çox ata-analar övladlarını müharibədən qorumağa çalışırdılar. Lətif Məmmədovun ailəsi də belə idi. Onlar da dörd bacının yeganə qardaşını– Haqverdini müharibənin odalovundan uzaqlaşdırmaq istəyirdilər. Amma alın yazısı deyilən məhvum var ki, ondan heç cür uzaqda qalmaq olmur.
    Haqverdi Məmmədov Buruc kənd tam orta məktəbini müvəffəqiyyətlə biti-rib, 600-dən yuxarı balla Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakultəsinə qəbul olmuşdu. Haqverdinin ali məktəbə qəbul olması hamını sevindirirdi. Özü də sevinirdi. Lakin ürəyində Vətənin dar gündə olmasının dərdini çəkirdi. Hər şeydən öncə Vətənin müdafiəsinə qoşulmasını istəyirdi. Ürəyindəki qeyrət, təpər onu tez-tez döyüş bölgəsinə çəkirdi. Hətta birinci kursda oxuduğu zamandan bazar günləri evlərinə gələndə anasının
    doğulduğu İmarətqərvənd kəndindəki qohum-əqrabalarını bəhanə gətirərək döyüşçülərin yanına gedərdi, gücü çatan yardımı edərdi. Bəzən də silahlardan istifadə etməyi öyrənərdi.
    Haqverdi dəli-dolu oğlan idi. Lakin hamı ilə ünsiyyət qurmağı, mehribançılıq yaratmağı bacarırdı. Ona görə də hamı–istər təhsil aldığı akademiyada, istərsə də, kənd camaatı arasında xətir-hörməti varıydı. Evdə isə öz qayğıkeşliyi, yanımcıllığı ilə fərqlənirdi. Akademiyada oxuyanda bütün fikri ailəsinin yanında olardı, ata-anasına kömək durmağı, dörd ba-cısının təəssübünü çəkməyi düşünürdü. Dərslərinə xüsusi fikir verirdi. Birinci kursu müvəffəqiyyətlə başa vurmuşdu. Tətil müddətində bir aylıq tədris təcrübəsi keçməsi üçün dekanlıqdan ərizə ilə icazə almışdı ki, öz kəndlərində – “Şəfəq” kolxozunda təcrübə keçsin. İstəyirdi ki, həm ailəsinə kömək dursun, həm də ərazidəki döyüşçülərə baş çəksin. Hətta akademiyanın rəhbərliyi tərəfindən onun bu fikri bəyəniləndə çox sevinmişdi. Qəti qərara almışdı ki, cəbhə xəttindən hər gün xəbər tutsun. Odur ki, bir-iki saat tədris təcrübəsi keçib sonra isə döyüş bölgəsinə yollanırdı.
    Son vaxtlarda eşitdiyi xəbər Haqverdini çox narahat edirdi. Mənfur ermənilər azğınlaşaraq Ağdərə istiqamətindəki bütün kəndlərdən azərbaycanlıları qovmuş, mal-qaralarını əllərindən alaraq, ev-eşiklərini yandırmışdılar.
    Haqverdi artıq 2-ci kursda oxuyurdu. Oktyabr ayının əvvəliydi. Akademiyadan çıxaraq ailəsinə baş çəkməyə getmək fikri ilə evə yollanır. Düşünür ki, evə getməmiş Ağdərə bölgəsindəki kəndlərə baş çəksin, oradakı əsgərlərə öz köməkliyini eləsin. Bu fikirlə də bir başa döyüş bölgəsinə yollanır… Sanki ölüm kabusu bu vətənpərvər gənci ön cəbhədə gözləyirmiş. O Ağdərə rayonunun Çardaxlı kəndində minaya düşür…
    Dostu Ərşad Sarıyev şəhid olduğuna görə keçirilən yas mərasimindən evə gələndən sonra ona çox pis təsir etdiyini söyləyərək deyibmiş ki, mən yaşamaq istəmirəm, onun ailəsini, bacılarını necə gördümsə, bu itki məni çox sarsıtdı. Haqverdi düşünməmişdi ki nə vaxtsa onun özünə də belə bir faciə qismət ola bilər. Heç Haqverdinin atası Lətif kişi, anası Sosialist Əməyi Qəhrəmanı, sağıcı Fabiyyə Dadaşova, bacıları Ruhiyyə, Vüsalə, Təranə və Brilyant düşünmürdülər ki, evin yeganə oğlu şəhid olar…
    …Bir neçə maşının qəfləti həyət darvazasından içəri girməsi ailə üzvlərini təşvişə saldı. Lətif ata da Fabiyyə ana da tərəddüd içində maşınlardan düşən adamlara səmt yüyürdülər və Haqverdinin şəhid olma xəbərini eşitdilər…
    Dostunun ailəsinin başına gələn müsibət eynən Haqverdinin ailəsinin başına gəlmişdi. Yeganə oğlunun şəhid olması ailədə hər kəsi sarsıtmışdı.
    Günlər, aylar keçirdi. Lakin, nə oğul itirən ata-ananı, nə də qardaş itirən bacıları ovundurmaq mümkün deyildi. Sanki bir ocağın işığı sönmüşdü, hərarəti zəifləmişdi, ailə bir ümidsizliklə üzüzə qalmışdı. Ailənin yaxınları, doğmaları nə edəcəkləri barədə düşünürdülər…
    El-obaya bir xəbər yayıldı. 1992-ci il oktyabr ayının 8-də şəhid olmuş Haqverdi Məmmədovun evində 1993-cü il iyun ayının 1-də qardaşı doğulmuşdu və uşağa Surət adı qoymuşdular. Surət böyüdükcə ümidlər də böyüdü. Şəhid Haqverdi isə nə ailəsi tərəfindən unuduldu, nə də dövlətimiz tərəfindən. O, bir ocağın, kəndin, rayonun, hətta bütöv Azərbaycanın şəhidinə çevrildi.
    Artıq Haqverdinin ata ocağında bir qardaşı böyüyüb, bu gün-sabah toy etməyə hazırlaşırlar, nişanlıdır. Bacıları ailə qurub, xoşbəxtdirlər.
    Lətif ata ilə Fabiyyə ananın 7 nəvəsi var, 6-sı ali məktəbdə təhsil alırlar. Şəhid Haqverdinin isə xatirə üçün şəkilləri və tələbə bileti yadigar saxlanılır, hələ də ikinci kurs tələbəsidir.
                                                                                                                                                                           Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 14:04

İsmarıclar bağlıdır.