Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar
    Ömrün payızında qarşıma çıxdın,

    Daha çiçəyim yox, daha gülüm yox.

    Sönmüş gözlərimə heyrətlə baxdın–

    Daha alovum yox, daha külüm yox.

     

    Qurumuş dəryada mən–sınmış qayıq,

    Sən gülə, mən çürük kötüyə tayıq.

    Ürəyin Füzuli eşqinə layiq,

    Mənim o sevgiyə layiq könlüm yox.

     

    Sənə məhəbbətdir, mənə qəmdir yaz,

    Sənə layla, mənə dərd–ələmdir saz.

    Sənə bulaq qıyan mənə şeh qıymaz,

    Daha bundan betər qara günüm yox.

     

    Mən–xəzəl, sən isə yamyaşıl yarpaq,

    Bu dünya sənə eşq, mənə dağdır, dağ

    Qəlbim–susuzluqdan çatlamış torpaq,

    Daha yağışım yox, daha selim yox.

     

    Dərdimi deməyə deyim qalmayıb,

    Səni sevməyə də heyim qalmayıb.

    Kəfəndən savayı geyim qalmayıb,

    Bundan ağır sitəm, ötə zülüm yox.

     

    Gedir, yaşamağın həvəsi gedir,

    Gedir, bir şairin nəfəsi gedir.

    Allahın da məndən zəhləsi gedir–

    Min cür əzab verir, amma ölüm yox.

     

    Ağrılar yüküyəm mən Tofiq adda,

    Halıma göynəyir qohum da, yad da.

    Canlı kölgəymişəm mən bu həyatda–

    Bir izə dönəsi ayım, ilim yox.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.