Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    MÜƏLLİM ÖMRÜ

    AFAQBu günlərdə Söylən kənd tam orta məktəbinin riyaziyyat müəllimi Afaq Xəlilova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsil sahəsində qazandığı uğurlara görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu münasibətlə Afaq müəllimi təbrik edir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər, arzulayırıq. 
    ***

    YÜKSƏKLİYƏ QOVUŞMAQ ARZUSU
    Elm öyrədən müəllim ilk növbədə tərbiyəçidir. Onun necə tərbiyəçi olması isə ailəsindən bilinir. Afaq müəllimin ailəsində üç oğul böyüyüb. Hər üçü Azərbaycan Milli Aviasiyası Akademiyasının müxtəlif fakültələrini bitirib. Ramil beynəlxalq hüquq, Emil mühəndis-mexanik, Toğrul isə təhlükəsizlik mühəndisi ixtisasını alıb. Söylən kənd tam orta məktəbinin məzunları olan bu gənclər hazırda Heydər Əliyev adına hava limanında işləyirlər. Onlardan ikisi növbə rəisidir.
    Rayonumuzun ucqar bir kəndində doğulub boya-başa çatan bu gənclərdə aviasiya sahəsinə maraq necə oyanıb?
    Bu sualın cavabı yenə də Afaq müəllimin gözəl tərbiyəçi və bacarıqlı pedaqoq olmasındadır. Söhbət zamanı öyrəndik ki, onun şagirdləri hal-hazırda elmin müxtəlif sahələrində çalışırlar. Belə məzunlardan biri də texnika elmləri doktoru Rasim Nəbiyevdir. Ölkəmizdə Milli Aviasiya Akademiyası təşkil olunanda bu sahəni gözəl bilən alim kimi Rasim müəllimi də Akademiyaya işə dəvət etdilər. O isə öz növbəsində doğma kəndinin gənclərini bu peşəyə həvəsləndirdi. Beləliklə də, qabiliyyət və test imtahanlarını müvəffəqiyyətlə verən Ramil, Emil və Toğrul həyatlarını aviasiyaya həsr etdilər. Kənddən daha iki nəfər Akademiyanı müvəffəqiyyətlə bitirib və bu ənənə davam edir.
    Afaq müəllim keçmiş şagidlərindən Bakı Dövlət Universitetinin müəllimi, elmlər namizədi Zəhra Səmədovanın, rayonumuzdakı Bölgə Təcrübə stansiyasının direktoru, elmlər namizədi Mehman Babayevin, həkim kardioloq Ofeliya Hüseynovanın adlarını qürur hissi ilə çəkdi. Söylən kənd məktəbinin şagirdləri indi də təhsilə böyük maraq göstərirlər. Müəllim kollektivinin gərgin əməyinin və bu marağın bəhrəsidir ki, cari ildə Afaq Xəlilovanın rəhbəri olduğu sinifdən 16 nəfərdən 6-sı universitetlərə, 2-si isə texnikumlara daxil olub.

    ADƏT-ƏNƏNƏLƏRƏ BAĞLILIQ
    DSC_0798Bu ailədə birincilik, yüksəkliyə qovuşmaq arzusu Afaq müəllimin atası Mərdan Məm-mədovdan başlayıb. 34 il məktəb direktoru işləyən, bu məktəbi ibtidaidən tam orta məktəbə çevirən Mərdan müəllim uşaqları çox sevir, doğma kəndinin gələcəyini savadlı, xoşbəxt görmək istəyirdi. Ona görə də 1968-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Afaq sənədlərini öz arzusu ilə universitetin jurnalistika fakültəsinə deyil, atasının istəyi ilə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə verdi və həyat özü Mərdan müəllimin seçiminin düzgün olduğunu sübut etdi. Amma Afaq müəllim eyni zamanda gözəl jurnalist də ola bilərdi, başqa peşənin sahibi də. Çünki o, ən əvvəl soykö-künə, adət-ənənələrinə bağlı əsil azərbaycanlıdır. Bunu məktəbdə işlədiyi fəaliyyəti ilə, yaşadığı həyat tərzi ilə hər an təsdiqləyir.
    Yəqin ki, tərtərlilər rayonumuzda keçirilən bayram şənliklərində Söylən kənd tam orta məktəbinin “Yallı” rəqs qrupunun çıxışlarını xatırlayır və qrupun bədii rəhbərini yaxşı tanıyırlar. Bəli, həmin bədii rəhbər məhz riyaziyyatçı Afaq müəllimdir. O deyir:
    – “Yallı” rəqsinə maraq məndə uşaq yaşlarımdan olub. O zaman kəndimizdəki toy məclislərinin heç biri “Yallı”sız ötüşməzdi. Bu rəqs bir növ birliyimizin simvoludur. Kəndin ağsaqqalları, ağbirçəkləri dünyalarını dəyişdikcə hiss elədim ki, “yallı” unudulur. Bu, tək rəqsin unudulması deyildi, həm də xalqın adət-ənənələrinin unutdurulmasına Sovet rejimi tərəfindən göstərilən cəhdlər idi. Odur ki, 1972-ci ildə kəndimizdə müəllim kimi fəaliyyətə baş- layanda ilk işim qədim rəqslərimizin yaşadılması oldu. İndi “yallı”nı təkcə məktəbimizin uşaqları deyil, kəndimizin, ətraf kəndlərin sakinləri də oynayırlar və ənənə nəsildən-nəsilə ötürülür. Afaq müəllim məktəbin digər ictimai işlərində də yaxından iştirak edir. Ancaq ictimai vəzifələr öz yerində, əlbəttə ki, onun əsas işi şagirdlərə riyaziyyatın sevdirilməsi və öyrə-dilməsidir. Bu vəzifənin öhdəsindən isə necə gəldiyini aldığı şərəfli ad  – “Əməkdar müəllim” adı təsdiqləyir.
    Sonda Afaq müəllim dedi:
    – Həyatdakı hər bir uğurum atamın arzularının gerçək-ləşməsi deməkdir. Buna görə özümü xoşbəxt hesab edirəm. Məni fəxri ada layiq görən möhtərəm Prezidentimiz İlham Əliyevə, rayon rəhbərliyinə, iş yoldaşlarıma dərin təşək-kürümü bildirirəm.

                                                                                                                                       Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.