Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    Tofiq Yusif(Hüseynov Tofiq Yusif oğlu) 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. İki ali təhsil alıb.15 ildir ki, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.“Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub. “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. 8 kitabın müəllifidir.

    (Tofiq Yusifin anadan olmasının 70 illlik yubileyi münasibəti ilə qəzetimiz üçün müsahibə verməsini ondan xahiş etdim. Razılaşdı).
    –Salam, Tofiq müəllim.
    –Salam.
    –Necəsiniz?
    –Sağ olun! Ötən illər öz sözünü deyir. Səhhətimdə müəyyən problemlər yaranıb. Neyləyək, dünya da belədir–təlatümlü və narahat.
    –Tofiq müəllim, zəhmət olmasa, bir az valideynlərinizdən və uşaqlıq dövrünüzdən danışın.
    –Gənc vaxtlarımda nəsil şəcərəmi öyrənməyə çalışdım. Müəyyən sənədlər tapmasam da, köhnə adamların dediyinə görə, mənim ulu babam və nənəm keçmiş zamanlarda Türkiyədən Qazağa, oradan isə Dərələyəz mahalının Arınc kəndinə köçüblər. 1949-cu il ermənilərin növbəti təcavüzü və vəhşiliyi nəticəsində ailəmiz Tərtər rayonunun Xoruzlu kəndinə gəlib. Müəyyən səbəblərdən 1961-ci ildə yenidən Dərələyəz mahalının Arınc kəndinə qayıtmışıq. Lakin erməni quldurları həmin kəndi yerlə yeksan etdiyi və bir salamat ev qalmadığı üçün Terp(Saravan) kəndinə köçüb orada məskunlaşmağa məcbur olmuşuq. 1978-ci ildə yenidən ailəmizlə birlikdə Mirbəşir(Tərtər) rayonuna köçmüşük.
    Uşaqlığım kənd uşaqlarının həyatından elə də fərqlənməyib. 3-cü sinfi Xoruzlu, 7-ci sinfi Saravan, 8-ci sinfi Köçbək, 9-10-cu sinifləri Qovuşuq kəndlərində oxumuşam. İki ali təhsil almı-şam.
    –Əmək fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
    –1967-ci ildə bu redaksiyada yerli radio verilişlərinin müxbiri kimi fəaliyyətə başlamışam. Sonralar təhsil, partiya və sovet orqanları sistemində, hərbi sənayedə və xalq nəzarət komitəsində işləmişəm. Daha sonra yenə mətbuata qayıtmışam–“Salam” və “Fədai” qəzetlərində ça-lışmışam. 2005-ci ildən isə “Yeni Tərtər” qəzetinin baş redaktoruyam.
    –Tofiq müəllim, yaradıcılığınız barədə nə deyə bilərsiniz?
    –Bayaq dediyim kimi, 1967-ci ildən yazı-pozu işləri ilə məşğulam. O vaxtdan müxtəlif səpkili şeirlər, poemalar, publisist və satirik mövzuda yazılar yazmışam, “Qan iyi” sənədli povestim çap olunub. Yaradıcılığımın əsas qayəsini Qarabağ mövzusu təşkil edir. Qarabağ yarası öləndə də məndən silinməyəcək. Bu, çox dəhşətli ağrıdır. Son iki əsrdə bütöv Azərbaycan tikə-tikə doğranıb, param-parça olub, mənim ürəyim kimi. 410 min kvadratkilometr Azərbaycan torpaqlarından indiyə cəmi heç 60 min kvadratkilometri qalmayıb. Bu, bir xalqın faciəsidir.
    İndi də yaradıcılığım davam edir. Əsasən publisist və satirik yazılar yazıram. İndiyədək onlarla yerli, mərkəzi və xarici mətbuat orqanlarında dərc olunmuşam. Haqqımda çoxlu yazılar yazılıb, rəylər və fikirlər söylənilib. Hüseyn Arif, Məmməd Araz, Məmməd Aslan və digər çağdaş Azərbaycan ədəbiyyatının az-manları mənim yaradıcılığım haqqında dəfələrlə müsbət rəylər söyləyiblər, yazılar yazıblar. Bunlardan bir könül rahatlığı tapmışam.
    –Tofiq müəllim, ailənizlə bağlı nəsə demək istəyərdiniz?
    –Gəl, bu mövzuya toxunmayaq.
    –70 yaş elə də az yaş deyil. Bu illər ərzində nə qazandınız, nə itirdiniz? Təəssüfləndiyiniz aylar, illər olubmu?
    –Bu illər ərzində itirdiklərim qazandıqlarımdan qat-qat çoxdur. Bəzən 70 il mənə çox uzun görünür. Bəzən isə elə bilirəm bir anda ötüb-keçib.
    Bir dəfə yazmışdım:
    Can taqətdən düşüb, ürək dözümdən,
    Daha sevgidə də sınanmaq olmur.
    Dünən 15 yaşın içindəydim mən,
    Bu günsə 70-dir, inanmaq olmur!
    Hələ 30 yaşında ikən “Hardasan ay cavanlığım, hardasan?!” şeirini yazmışdım.(Sonralar bu şeir dillər əzbəri oldu).
    Və yaxud:
    “100 yaşlı qocayam 45 yaşında” bunlar mənim ovqatımın tə-zahürləri idi.
    Bir sözdə deyim: Bəxtiyar Va-habzadə yazırdı:
    Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək.
    Bu prizmadan baxsaq, mənim 70 ildə yaşadığım illər barmaqla sayılasıdır.
    Ömrün indiki qarlı zirvəsindən dönüb arxaya baxanda, demək olar ki, qazandığım gözümə görünmür, elə hey itirə-itirə gəldiyimi görürəm. Mən ömrümdə “Ad günü” deyilən təmtəraqlı bir məclis keçirməmişəm, buna ehtiyac da duymamışam. O gün ki, səni ölümə daha da yaxınlaşdırır, bunun üçün şadlanmağa dəyərmi?!
    Bilirsiniz, Nübar xanım ömür dediyimiz bir anlıq zaman kəsiyidir. Nə qədər çalışsan da, itirdiyin qazancına bərabər ola bilməz. Çünki İslam dinində də buyrulur: İnsan bu dünyaya əzab-əziyyət çəkmək üçün gətirilib. Bu baxımdan bir insan ömrünü ömür kimi yaşamırıq ha! Biz ömrümüzü anadan olandan ölənə qədər yük kimi daşıyırıq.
    –Tofiq müəllim, bəlkə də bu sual sizə yersiz görünər, amma yenə də soruşacağam: ən çox nə xoşunuza gəlir?
    –Gözəllik. Mən Allahın yaratdığı hər bir şeydə gözəllik görürəm. Bu, adi qarışqadan tutmuş gülə, çiçəyə, hətta qaratikan ko-luna da aiddir. İnsanın gözəlliyi isə tamamilə ayrı bir ovsundur. Ümumiyyətlə, təbiətdə nə varsa çınqılından tutmuş palıdına, vələsinə qədər, dərəsindən tutmuş zirvəsinə qədər, bulağından tutmuş çaylağına, dəryalarına qədər, yer, göy, duman, çən, yağış, külək, bir sözlə, hər şey gözəl yaradılıb. Bircə o qalır ki, bu gözəlliyi görüb-duyasan. Onda əhval-ruhiyyən daha da xoş olur.
    –İşinizdən razısınızmı?
    –Qətiyyən yox! Belə işləmək olmaz! Mətbuat üzərindən senzuranı götürmək o demək deyildir ki, mətbuatı Allah ümidinə buraxasan, yəni yiyəsiz-sahibsiz qoyasan. Bəhanə də odur ki, reklam bazarıdır, get öz başını saxla. Rayon yerində nə reklam ba-zarı?! Bir dənə elan verən də yoxdur. Dövlət tərəfindən isə 1 manat da olsun pul ayrılmır. Qa-lır abunə hesabına yaşamaq. İndiki zamanda, yəni radionun, te-leviziyanın, internetin və sosial şəbəkələrin tüğyan etdiyi bir vaxtda kimdir 10 gündən bir nəşr olunan rayon qəzetinə abunə ya-zılan?! Yaxşı ki, bu məsələdə ra-yon icra hakimiyyəti bizə yaxından köməklik göstərir, yoxsa redaksiyanın qapıları çoxdan bağlanmışdır. Bu, işləmək deyil, “şapalaqla üz qızartmaq”dır.
    –Tofiq müəllim, bundan sonrakı yaradıcılığınız barədə nə düşünürsünüz?
    –O asılıdır ömrümün qalan günlərindən və ovqatımdan. Əgər imkanım olsa, yeni şeirlərimi və son publisist yazılarımı ayrı-ayrılıqda kitab şəklində dərc elətdirərdim. Qalanı isə taleyin işidir.
    –Oxucularımıza nə demək istəyirsiniz?
    –Nəinki oxuculara, bütün insanlara sağlam can və mənalı ömür arzulayıram.
    –Müsahibə üçün çox sağ olun!
    –Siz də çox sağ olun!
                                                                                                                                                                                  Müsahibəni apardı:
                                                                                                                                                                                  Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.