Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Mar

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi…
    Azərbaycan uğrunda həlak olan şəhidlərimiz hər bir evin, ailənin şəhididir. Onlar bizim dünənimiz, bu günümüz və gələcəyimizdir, qürurumuzdur. Bunu söyləməyi özümə borc bilirəm: –Vəzir Orucovdur, Elman Hüseynovdur, Mübariz İbrahimovdur, Aydın Abdullayevdir və onlarla Tərtər rayonunun ərazisin-də canını-qanını qoyan hər bir igidimizi Tərtərin Şəhidi adlandırmağa haqqımız var. Onlar bizim yaşadığımız yurdun havasını udub, suyunu içiblər, məhz bu torpaqda can veriblər. İgidlik və şücaət göstərmiş Mübarizlərin, Aydınların ruhu Elmanların, Vəzirlərin və başqa oğullarımızın ruhu ilə birgə bizim başımızın üzərində dolanır. Doğum məkanları ayrı olsa da qanları Tərtər torpağına qarışıb. O torpağa ki, orada otlar gö-yərir, çiçəklər, güllər açır, Aydın kimi qoxusuyla.

    YARIMÇIQ ÖMÜR
    Redaksiyamıza poçt vasitəsilə kiçik bir bağlama daxil oldu, şəxsən redaktor Tofiq Yusifin adına. Adəti üzrə Tofiq müəllim zərfi açdı. İçindəki 2 ədəd kitabları və şəhidlərin şəkillərini nə-zərdən keçirib dedi:
    –İstərdim ki, bu barədə yaxşı bir məqalə yazılsın. Əvvəlki illərdə bizim qəzetin səhifələrində yazılmasına baxmayaraq, bu igid şəhidimiz haqqında təkrarən yazılmağa layiqdir. O, bizim igidimizdir, Tərtərdə şəhid olub,–söylədi…
    İndi həmin kitabı vərəq-vərəq oxuyuram. Sarıyeva İradə Murad qızının (İradə Kövrək) “Gözlə, gələcəyəm” sənədli povesti şəhid gizir Aydın Abdullayevin qəhrəmanlığına və ailəsinin intizar dolu nigarançılığına, həsrətinə həsr olunub. Zülfüqar Şahsevənlinin “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var” sərlövhəsi ilə fikir yazdığı bu kitab “Şəhid gizir Aydın Abdullayevin yarımçıq ömrünün dastanı…” ilə başlayır. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın təqdimatı ilə başlayan bu kitab gələcəkdə nəşr olunacaq bu silsilədən nəfis kitabların müjdəçisi kimidir.
    “Vətən gözdür, biz kirpik,
    Gözümüzün keşiyini çəkirik.”
    Kirpiklər çitəmə çəpər kimi düşmən qarşısını kəsən oğullardır, qanlı köynəklərini bayraq edən, ölümüylə ölümü ucaldan, ölümsüzlüyə, əbədiyyətə qovuşan oğullar! Gözümüz isə doğma, ulu Azərbaycandır!
    Dərd heykəli qoyulsa, anaların yol çəkən gözlərinə heykəl qoyardım.
                                                                       Qara dərdim,
    Ağ sərdim, qara dərdim.
    Dağlarda qarmı qalar
    Söyləsəm qara dərdim?”
    Kitabın ilk sətirləri olan bu sözlər düşmən çəpəri oğullarımızın, əbədiyyəti qanları, şəhidlikləri ilə qazanan oğullarımızdan biri Aydın Abdullayevdir.
    Aydın Abdullayev Bakıda doğulmuşdu. Alın yazısı da elə orada–Bakıda yazılmışdı. Amma, özünün xəbəri yoxuydu ki alın yazısında bir kənd rayonu, müharibə, düşmən gülləsi də var. Heç ata-anası Əmirsoltan müəllimlə Sevil xanımın da xəbərləri bu tale yazısından yoxuydu. Yoxsa, ölümün qarşısını kəsərdilər, bir ömrün yarımçıq qalmasına aman verməzdilər. Aydın savadlı, sağlam düşüncəli və idmançı bir oğlanıydı. Hərbi xidmətdə olan zaman da idmanla məşğul olardı. O, həm idman yarışlarında iştirak edərək uğurlar qazanırdı, həm də hərbi xidmətini layiqincə yerinə yetirirdi.
    Rayonumuzun Qapanlı kəndində xidmət edirdi. Çox az bir müddətdə həm hərbiçilər, həm də kənd sakinləri arasında xətir-hörmət qazanmışdı. Hələ uşaq yaşlarından ötkəm sözlü idi, sayılıb-seçilirdi. Atası Əmirsoltan müəllim də sayılıb-seçilən kişilərdəndir. Ailədə bir sözü iki olmaz. Həm də ailə üzvləri arasında bir-birinə qarşı gözəl səmimiyyət varıydı. Aydın isə atasına çox bağlı idi. Uşaq yaşlarından ürək dostuna çevrilmişdi atası. Atasının məsləhətləri ilə böyüyən Aydın qorxmaz, vətənpərvər bir oğul olmuşdu. Elə bu vətənpərvərliyi döyüş bölgəsində–hərbi hissədə də özünü büruzə verirdi. Bu xüsusiyyətləri– böyük-kiçik yeri bilməsi, ağıllı danışığı, cəsarətliliyi, ən başlıcası vətənpərvərliyi onu xidmət etdiyi hərbi hissənin, həm də kənd əhalisinin sevimlisinə çevirmişdi. Hətta, hələ uşaq yaşlarında atasının ermənilər haqqında söylədiyi fikirlər–erməni-lərin azərbaycanlılara qarşı törətdiyi fitnəkarlıqlar, soy-qırımlar Aydının qisas his-sini artırırdı. Hər an kənd camaatının güllə altında ya-şamasından, işləməsindən çox narahat olurdu.
    2013 il, oktyabr ayının 26-sı idi. Kəşfiyyat taborunun yarısı səngərdə idi. Aydın Abdullayev də həmin əsgərlərin arasındaydı. Onun cəsurluğu nəticəsində dəfələrlə ermənilərin diversiya törətmək cəhdlərinin qarşısı alınmışdı. Aydın çox vaxt səngərdəki əsgərlərin yanında olardı. Həmin gün də səngərdə idi. Qəfləti iriçaplı silahdan açılan güllə bu cəsur, vətənpərvər igidimizin həyatına son qoydu. Hələ yaşanacaq, davam edəcək bir ömrü yarımçıq sona çatdırdı. Həm Aydının özünün, həm də Aydınsevər ürəklərin arzularını puç et-di. Lakin bu yarımçıq ömür şərəfli bir ölümlə tamamlandı, bitdi. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin sırasına Aydın Abdullayevin də adı ya-zıldı…

    BAŞ UCALDAR
    MƏRD OĞUL
    “Gözlə, gələcəyəm” kitabının müəllifi İradə xanım Sarıyeva bu kitabda ürə-yimdən keçənləri çox köv-rək duyğularla qələmə alıb. “Yaz gəlmişdi, təbiət üzə gülürdü. Dünya təzədən doğulurdu. Ağacların puçur-puçur tumurcuqları düymədüymə çiçəklərə dönürdü. Çayların, bulaqların dilinin kilidi açılmışdı, coşur, çağlayırdı. Ana ürəyi isə ağlayırdı. Elə Aydın da bahar yaşındaydı…”
    Aydın Abdullayev 1990-cı il sentyabr ayının 29-da dünyaya gəlmişdi. Ailənin sonbeşik övladıydı. Yaşa dolduqca ağlı, zəkası, cə-sarəti ilə fərqlənir, seçilirdi. Boks əlcəklərini geyib məşqlərdə, yarışlarda özünü sınayardı. Geri dönəndə isə medalsız dönməzdi. Elə kəşfiyyatçı-snayper kimi təmas xəttində olanda da düş-mənə qan uddururdu. Ay-dının qazandığı uğurlar ailəni–ata-ananı çox qürurlandırırdı. İtkisi isə hər iki-sini inanılmaz dərəcədə əymişdi. Əmirsoltan kişi də, Sevil ana da oğullarının qəfil ölümünə inanmaq istə-mirdilər. Bu qəfil acı xəbər ananı ağır xəstə saldı. Oğlunu xatırladıqca bu dünyadan ananın ümidləri kəsilirdi. Ata isə için-için göynəyirdi, sarsıntı keçirirdi.
    Aydının dostu Elməddin şəhid olanda onun nəşini minalanmış ərazidən çıxarmışdı. Bunu biləndə Elməddinin atası Cəfər kişi Aydına öz razılığını bildir-mişdi ki, şükürlər olsun, meyit düşmən əlinə keç-məyib. Bu zaman Əmirsoltan kişi oğlu ilə qürur duymuşdu. Kitabın müəllifi bildirir ki, o zaman el ağbir-çəklərindən biri bu bayatını söyləyibmiş:
    Mərd atadan mərd oğul,
    Yada ağa, mərdə qul.
    Qorxaq töhmət gətirər,
    Baş ucaldar mərd oğul.
    Aydın da, Elməddin də Vətənin, elin şəhidi kimi valideynlərinə baş ucalığı gətirdilər. Onlar təkcə ata-analarının deyil, elin-obanın başını ucaltdı öz mərdlikləri, şücaətləri ilə. Bu gün onların qəhrəmanlıqları haqqında məqalələr, kitablar yazılır, filmlər, video-çarxlar çəkilir. Mən də ça-lışdım ki, qəhrəman oğlumuz Aydın Abdullayevin böyük qəhrəmanlığından bu qısa yazını işləyib, oxuculara çatdırım. “Gözlə, gələcəyəm” kitabının müəllifi İradə Sarıyevaya isə şəhid-lərin valideynləri və şəxsən öz adımdan təşəkkür edirəm, ona yeniyeni yaradıcılıq uğurları arzulayıram!
                                                                                                                                                                                      Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.