Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May

    Mart ayının əvvəllərində iş otağının qapısı döyüldü.
    Gəl – dedim. İçəri bir əlində çəlik, bir əlində isə selofan torba olan bir nurani kişi yanındakı cavan oğlanla daxil oldu. Yer göstərdim, əyləşdi. Danışmağa başladı:
    –Bala, mənim başıma bu günə kimi çox işlər gəlib. Yerimdən-yurdumdan didərgin düşmüşəm, neçə ildir köçkünlük həyatı yaşayıram. Bir igid oğlum şəhid olub. Bu ay mənim qara günlərimin başlanğıcıdır. Martın 12-si həm didərgin düşdüyümüz, həm də oğlumun şəhid olduğu gündür. Bu gün sizin yanınıza dərdlərimi götürüb gəlmişəm, – dedi və əlindəki selofan torbadan səliqəli formada qəzetlə üzlənmiş qalın dəftər və kiçik bir kitab çıxartdı:
    –Bax, mənim başıma gələn bütün işlər hamısı burada yazılıb, – deyə kövrəldi.
    Bu dərdli insanı bir az ovundurmağa çalışaraq sorğu-sual etdim, kim olduğunu, haradan gəldiyini öyrənməyə çalışdım. Məlum oldu ki, sinəsi dərdlə dolu olan bu ağsaqqal Ağdərə rayonunun Baş Güney kəndinin sakini olmuş Göyüşov Ramazan Qurban oğludur. Bildirdi ki, 1935-ci ildə doğulub. Talenin ilk zərbəsini hələ kiçik yaşlarından alıb. 7 yaşında olarkən anasını itirib. Atasının himayəsində böyüyüb. Baş Güney kənd 8 illik məktəbini bitirib. Ailə vəziyyətinin çətinliyinə görə təhsilini davam etdirə bilməyib, işləməyə məcbur olub. Lakin təhsil ala bilməsə də, xoş güzəranını zəhməti sayəsində qura bilib.
    Yaşadığı kənddən uzaqlaşmayan Ramazan Göyüşov ailə həyatı qurub. Bu evlilikdən 8 övladı olub: – 4 qız, 4 oğlan. Ata-ananın qol-qanadına çevrilib bu övladlar. Oğlanlarından biri kiçik yaşında dünyasını dəyişsə də, qalan uşaq-ları böyüyüb ata-analarına arxa-dayaq olublar. Sərin bulaqların suyundan içərək birgə sevincli günlər yaşayıblar. Təəssüf ki, mənfur ermənilərin vandallığı, torpaqlarımıza təcavüzü hamı kimi Ramazanın da xoşbəxt günlərini əlindən alıb. Vətəninin müdafiəsinə qalxan oğullarla bərabər o da 2 oğlu ilə birlikdə mübarizəyə qoşulub. Ağdərədən Kəlbəcərə kimi ərazilərin mənfur ermənilərdən təmizlənməsində mərdliklə döyüşüb, gecəsi-gündüzü olmayıb. Lakin düşmənin hücumu kənd camaatını qeyri-bərabər döyüşlə üz-üzə qoymuşdu. Nə qədər çalışsalar da, martın 12-də Ramazangilin yaşadığı kənd və qonşu kəndlər işğal altına alınmış, igidlərin bəzisi şəhid olmuş, bəzisi itkin düşmüşdür. Bunların arasında onun oğlu Qurban da var idi. Ramazan kişinin özü isə ailəsi ilə birlikdə qaçqınlıq həyatı yaşamağa məcbur olmuşdu.
    O gündən 28 il ötür. Ramazan Göyüşovun yaraları hələ də sağalmayıb. O günləri xatırladıqca qaysaq bağlamış yaraları yenidən qövr eləyir. Hələ də gözləri kö-nüllü olaraq doğma yurdunu qorumaq üçün müharibəyə yollanan 18 yaşlı oğlu Qurbanı axtarır, erməni tanklarının mühasirəsində qalmış kəndlərini, qarlı şaxtalı qış gecəsində canını qurtarmağa çalışan ayaqyalın, yarıçılpaq insanları xatırlayır. Bu zaman onun köməyinə sadə bir qələm, bir də bizə təqdim etdiyi bu çoxvərəqli dəftər gəlir. Qübardan dolmuş ürəyini şeirlərə köçürərək bu dəftərə boşaldır. Həmin dəftərdə Ramazan Göyüşovun qaçqınlıq həyatı ilə bərabər bütün dərdləri şeirləşib. Onu da bildirim ki, 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən oğlu Qurbana həsr olunmuş “Qurban olduğum” adlı şeirlər kitabı nəşr olunub. Onun “Tərtərin” və “Kəndimdə qaldı” şeirlərini oxuculara təqdim edirik.
                                                                                                                                                                                       Elfuzə Camalqızı

     

    TƏRTƏRİN

    Gəzib dolanmışam hər bucağını,

    Cənnətdi  çəməni, çölü Tərtərin.

    Düşmən qarşısında qalaya dönüb,

    Hiddətdən çoşubdu seli Tərtərin.

     

    Gecə-gündüz keşiyində duran var,

    Düşmənlərə ağır zərbə vuran var.

    Vətənə canını qurban verən var,

    Qələbə çalandı eli Tərtərin.

    Məğrur dayanıbdı, qorxusuz durub,

    Ordumuz düşmənə zərbələr vurub.

    İndi qucağında toy-büsat qurub,

    Çələngə hörülüb gülü Tərtərin.

     

    Ramazanam, bulud  kimi dolmuşam,

    Qəriblikdə saralmışam, solmuşam.

    Vətənə həmişə qurban olmuşam,

    Gözəldi havası, yeli Tərtərin.

    KƏNDİMDƏ QALDI

    Qəfil hücum etdi xain düşmənlər,

    İnsanları oda yaxdı kəndimdə.

    Oğulun, uşağın, ahılın qanı

    Su kimi, sel kimi axdı kəndimdə.

     

    Xain düşmən  bizi aldı araya,

    Yetişən olmadı haya-haraya.

    Güllələr çevrildi qanlı  yaraya,

    Nalələr göylərə qalxdı kəndimdə.

     

    Mərmilər yağırdı göydən yağış tək,

    Dəhşətdən çırpınıb dözmürdü ürək.

    Neçə igidlərin gödək ömrü tək

    Kəm oldu taleyi, bəxti kəndimdə.

     

    Uzaq düşdüm  mən obamdan, elimdən,

    Bağ-bağçamdan, çiçəyimdən, gülümdən.

    Vətən sözü düşməyəcək dilimdən,

    Qaldı sultanlığın taxtı kəndimdə

     

    Car çəkdi qayalar, hay verdi daşlar,

    Bir yerdə doğrandı bacı-qardaşlar

    Sel kimi gözlərdən axırdı yaşlar,

    Şimşəklər oynayıb, çaxdı kəndimdə.

     

    Qırıldı qanadım, üzüldü qolum,

    Ağlama, a kəndim, qurbanın olum!

    Nə yaman dərd oldu, nə böyük zülüm,

    İgidlərim itib-batdı kəndimdə!

     

    Ramazan, ağla sən, saxla yasını,

    Dəyişmə əynindən qəm libasını.

    Eşit el səsini, el duasını,

    Gələr qələbəmin vaxtı kəndimdə!

     

    Ramazan GÖYÜŞOV

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 09:04

İsmarıclar bağlıdır.