Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09May

    Haqqında yazacağım insan rayonumuzda və respublikamızda tanınmış bir insandır. Hələ gənclik illərindən özünə maraqlı bir ləqəb də qazanıb, demək olar ki, qazandığı bu ləqəblə onu tanımayan yoxdur. “Fiqur Sabir” deyiləndə hamı bilir ki, söhbət kimdən gedir. Bu insan çoxlu yetirmələri olan, idmançılar yetişdirən Zeynalov Sabir Səlim oğludur.
    Sabir müəllim redaksiyamıza gələndə özü ilə bərabər “Fəxri Fərman” və medal gətirdi. Bildirdi ki, onu Azərbaycanda Kyokuşin Karatenin əsasını qoyan sensey Ələddin Mirzəyevin xatirəsinə həsr olunmuş KWU-nun açıq respublika turnirinə Fəxri Qonaq qismində dəvət olunarkən təqdim edilib. Həm də onun üçün bu təqdimat çox əziz və unudulmaz oldu. Dünya şöhrətli idmançı Ələddin Mirzəyev Sabir müəllimin yetirməsi olub. Kyokuşin karateni ölkəmizə gəlib çıxmasının ilk səbəbkarı elə Ələddin Mirzəyevdir. Bu gün də gənclər arasında idmanın bu növünə böyük maraq var. Ümumiyyətlə, rayonumuzda idmanın inkişafında Sabir müəllimin danılmaz zəhməti vardır.
    Sabir müəllimlə söbətimiz zamanı özü haqqında danışaraq bildirdi ki, onun idman ustası kimi yetişməsində qardaşı alim, dekan işləyən “ZİS” ləqəbli İbrahim müəllimin təsiri və qayğısı olub. Belə ki, Sabir müəllimin hələ yeniyetmə yaşlarından idmana marağını görən böyük qardaşı İbrahim müəllim onu Gəncə şəhər Bədən Tərbiyəsi texnikumuna aparır. Sabir müəllim texnikumda SSRİ-nin əməkdar məşqçisi İsax Cəfərovun rəhbərliyi ilə sərbəst güləşlə məşğul olmağa başlayır. İdmana artan həvəsi gənc oğlanı ağırlıqqaldırma və gimnastika növləri ilə də məşğul olmağa sövq edir. Çox çəkmir ki, respublika əhəmiyyətli yarışlara qatılır və birinci yeri tutaraq çempion adını qazanır. Yarışlardakı uğurları Sabir müəllimin gündən-günə idmana olan həvəsini artırır Be-ləliklə, “Sanbo”, “Açıq döyüş” yarışlarında iştirak etməli olur. Bu yarışlar isə daha böyük uğurlar gətirir. İdman ustası normasını yerinə yetirdiyi üçün ikiqat “SSRİ İdman Ustası” adına layiq görülür.
    İllər gənc idmançı üçün bir-birindən uğurlu gəlir. İdmanın hər üç növü üzrə yarışlarda iştirakı və qalibiyyəti Sabir müəllimə təkrarən “SSRİ İdman Ustası” adını qazandırır. Sabir müəllimin əmək fəaliyyəti də elə idmana bağlı olur. O, 1960-cı ildən 1970-ci ilə kimi Gəncə Şəhər Polis Şöbəsində çalışıb. Respublika İdman Komitəsinin rəhbərliyi tərəfindən Tərtərdə idmanın inkişafı ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbə göndərilir və uzun illər bu təhsil ocağında çalışmalı olur. Artıq 60 ildən çoxdur ki, bu missiya ilə çalışan Sabir müəllim on-larla Tərtərli gəncin dərəcəli id-mançı kimi yetişməsinə və dünya səviyyəsində tanınmasına nail olub. “Fiqur Sabir” ləqəbini isə ona idman komitəsinin rəhbərliyi verib. Buna səbəb isə atletik bədən quruluşuna sahib olması olub. Sabir müəllim ömrünün ahıl yaşlarındadır, 83 yaşının astanasındadır. Bu gün Sabir müəllim geriyə nəzər yetirəndə həm özünün keçdiyi ömür yolundan, həm də idmançı yetirmələrinin uğurundan qürur hissi duyur.
    Sabir müəllim öz yetirmələrinin–Ələddin Mirzəyevin, Fəxrəddin Məmmədovun, Fəxrəddin Sultanovun, Malik Şahbazinin, İlham Cabbarovun, Zakir Məmmədovun, Nicat Xosrovzadənin, Nicat İsmayılzadənin və bir çoxlarının adlarını fəxrlə çəkdi. Bəzi idmançılarının adlarını isə dünyalarını dəyişdikləri üçün təəssüf hissi ilə qeyd etdi. Yaponiya kralı Masud-Tasu Oyama tərəfindən 3-cü “Qara kəmər” “Beynəlxalq Usta” adına layiq görülmüş, Bakı şəhərində ilk “Kokşinka” məşqçisi kimi fəaliyyət göstərən Ələddin Mirzəyevin adını isə xüsusi qeyd etdi.
    Sabir müəllimə cansağlığı, bol-bol uğurlar və yetişdirdiyi yeniyetmə idmançıların bol-bol uğurlarını arzulayırıq!
                                                                                                                                                                                    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:11

İsmarıclar bağlıdır.