Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

                                                                            KORONAVİRUS QƏLƏT ELƏYİR!

    “Bala Kirpi” səhər-səhər yatağından qalxdı. Vacib olan işlərini gördü, əllərini, ağzını, burnunu sabunla möhkəm-möhkəm yudu, yeməyini yedi, çayını içdi, bir də sabunlama əməliyyatı apardı, geyindi-kecindi, spirtləndi, hətta cib telefonunu, fotoaparatını spirtli pambıqla sildi, sonra “Bala Tutuquşu”na zəng elədi. O başdan gələn “Alo” sözünü eşidən kimi dedi:
    –Ə, Tutuquşu, bu koronavirusla neyniyirsən? Hələ səni yaxalamayıb ki?
    –İraq olsun! Ağzını bu sübh tezdən xeyirliyə aç da, ay kirpinin yöndəmsiz balası! 4 aydır evdəyəm, hara çıxıram ki, virusa da yoluxum? “Evdə qal” kampaniyası üzrə müsabiqə aparılsa, mən qalib olardım, canın üçün!
    –Yaxşı, yaxşı. Şəhərə çıxmaq istəyirəm, mənə qoşulursanmı? Ağzına-burnuna maska tax, spirtlən, gəl gedək, şəhər doludur adamnan. Karantin rejimini çoxu vecinə almır.

    –Ə, kirpi oğlu, kirpi! Sən məni bir o qədər qorxaq hesab eləyirsən?! O balaca virusdur, nə zibildir, mənə neyniyəndir, hə? Deyirlər heç gözlə də görünmür. Hara deyirsən gəlim.
    –Özündən çıxma, əllərini spirtli məhlulla yu, ağzına maska tax, əlcək geyin, gəl bazarın qabağına. Orda səni gözləyəcəm.
    “Bala Tutuquşu” ədəbazlandı:
    –Koronavirus qələt eləyir! Onun özü nədir ki, mənə də neyniyə? Həm də o pandemiyadır, nədir, deyirlər ki, hamısı yalandır, elə bir şey yoxdur.
    “Bala Kirpi” nə qədər çalışsa da “Bala Tutuquşunu” başa sala bilmədi.
    …Bazarın qarşısında görüşdülər. “Bala Kirpi” gördü ki, həmkarı ağzı-burnu açıq, əlcəksiz, heç nəyi, heç kimi vecinə almadan irişəirişə gəlib-gedənlərə baxır. Adamları göstərib dedi:
    –Ə, kirpi oğlu, kirpi! Gör səndən başqa maska, əlcək geyinən neçə nəfər var? Uzağı 5-10 nəfər. Nədir, hamıdan ağıllısan?
    –Yox, ey, qağa! Deyirlər ki, bu virus çox təhlükəli şeydir! Mən qorxuram!
    “Bala Tutuquşu” rişxəndlə güldü. Birdən soruşdu:
    –Ə, məndən niyə uzaqda dayanmısan?
    –Sosial məsafəni gözləyirəm.
    –O nə deməkdir, ay səy?
    –Adamlardan ən azı 1-2 metr uzaqda dayanmaq lazımdır. Buna da sosial məsafə deyirlər. Yoxsa yoluxma riski artar.
    –Mən ölüm, düz deyirsən? Vallah, sənin başın xarab olub! Get baş həkiminə. Camaatı özünə güldürmə, ay yazıq!
    Şəhəri gəzəndə “Bala Kirpi” baxdı gördü ki, bazarda, mağazalarda, banklar və bankomatların qarşısında adam əlindən tərpənmək mümkün deyil, necə deyərlər, iynə atsan yerə düşməz. Çoxu da maskasız, əlcəksiz, heç bir məsafə gözləmədən. Elə bil ki, bu adamların koronavirus pandemiyasından xəbərləri yoxdur. Öz-özümə fikirləşdim: “Bunlar ya qanmır, ya da qanmaq istəmirlər!”. “Bala Tutuquşu”dan soruşdu:
    –Ə, “igid”, o rəhmətlik Mirzə Ələkbər Sabir nətəhər deyib?
    “Bala Tutuquşu” gözlərini döydü, yəni, nə bilim?
    “Bala Kirpi” əlini izdihama tərəf uzadaraq, xüsusi pofosla bu şeiri söylədi:
    Cin görür, şeytan görürəm qorxmuram,
    Harda müsəlman görürəm, qorxuram.
    Sonra “Bala Tutuquşu”ya tərəf dönüb dedi:
    –Gəl bu ağacın altında bir çay içək.
    Əyləşdilər. Bir çaynik çay gəldi. Çayçının da nə maskası vardı nə əlcəyi, nə də xalatı.
    “Bala Kirpi”nin dərdi açıldı:
    –İndi mənə yaxşı qulaq as, ay yazıq! Farsların bir sözü var, deyirlər: “ Necəsən qanmayım, dədən yansın?!” İndi, ay Tutuquşunun “qorxmaz” balası, de görüm, bu televizora zada baxırsanmı? Sosial şəbəkələrlə maraqlanırsanmı? Ə, dünya dağılır, ey! Bu koronavirus epidemiyası var ha, dünyanın 220-dən çox ölkəsinə yayılıb. 10 milyona yaxın insan yoluxub, 100 minlərlə adam ölüb! Bunlar sənə çatmır?
    –Qələt eliyir o koronavirus! Hamısı yalandır! Yox da bir, tozdan da balaca bir zərrəcik bir o qədər adamı yoluxdurdu, bir o qədər də adamın canını aldı! Pah atonnan! Hamısı gopdur! Bəs Tərtərdə niyə bir nəfər də yoluxmayıb? Ə mən ölüm, get işinin dalınca. Başqasını tap həriflə!
    “Bala Kirpi” nə qədər çalışdı yenə bu tərs Tutuquşu balasını başa sala bilmədi. Naəlac qalıb kiridi.
    Sonra şəhərdə bir çox yerləri gəzdilər, çayxanalarda, yeməkxa-nalarda oldular, parklara, digər istirahət yerlərinə baxdılar. Şəhərlərarası avtobuslara, taksilərə, mindilər, poçta, idarələrə getdilər. Gördülər ki, hər kəs öz kefindədir. Bəzi yerlərdə nə karantin rejimini gözləyən var, nə bu rejimin qaydalarına əməl edən. Bəziləri nə maskadan istifadə edir, nə sosial məsafə gözləyir. “ Bala Kirpi mat-məəttəl qaldı. O bilirdi ki, rayon icra hakimiyyəti tərəfindən könüllülər vasitəsilə vətəndaşların maarifləndirilməsi məqsədi ilə əhali arasında vacib söhbətlər aparılır, prospektlərdə, meydanlarda, küçələrdə, yaşayış binalarında dezinfeksiyaprofilaktika tədbirləri görülür, vaxtaşırı hər yer dərmanlanır. Bu insanların şüuruna nə olub belə? Niyə bir çoxu bu ciddi təhlükəni anlamaq istəmir?! Dövlət onların sağlamlığı üçün bütün vacib tədbirləri görür, amma bəzi insanlar özləri-özlərinə ciddi təhlükə yaradırlar.
    Maska taxmamaq, məsafə gözləməmək, gigiyena qaydalarına əməl etməmək kişilik deyil ha! Kişilik pandemiya dövründə həm özünü, həm ailəsini, həm yaxınlarını, bütövlükdə öz xalqını bu təhlükədən qorumaqdır!
    “Bala Tutuquşu” öz dünyasında idi. Qarşısına çıxan dost-tanışla qucaqlaşıb öpüşür, ağız-ağıza söhbət edirdilər.
    Nəhayət, yoruldular və axşamtərəfi evə getməyi qərara aldılar.
    Aradan 1-2 həftə keçdi. “Bala Kirpi” yenə “Bala Tutuquşu”ya zəng etdi. Telefonu ana Tutuquşu götürdü. “Bala Kirpi” heç nə so-ruşmamış ana dəstəyin o biri başında ağlaya-ağlaya dedi.
    –Oğlum koronavirusa yoluxdu. Bakıya götürdülər. Bizi də bu gün karantinə aparacaqlar.
    Telefonun dəstəyi “Bala Kirpi”nin əlindən düşdü…
                                                                                                                                                                     Tofiq YUSİF

    Müəllif: Redaktor, 13:12

İsmarıclar bağlıdır.