Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Изображение 035Abbasqulu kişi redaksiyamıza Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu günlərdə ona verilmiş təptəzə maşında gəlmişdi. Maşını oğlu idarə edirdi. Elə qızı da arxada əyləşmişdi. Dedilər ki, veterana maşın veriləndən, daha əziyyət çəkmirik, ürəyi nə vaxt istəsə, onu şəhərə həkimlərin yanına gətiririk ki, müayinədən keç-sin.Yaşlı adamdır, hər zaman müalicəyə ehtiyacı var.
    Ağsaqqalla söhbət etdik. Abbasqulu kişi dedi:
    – Uşaqlıq və gənclik illərim o qədər də ürəkaçan olmayıb. Atamı tez itirdim. Bu dərdin ağırlığından özümə gəlməmiş, Böyük Vətən müharibəsi başladı. 1942-ci ildə məni də cəbhəyə apardılar. 3 körpə qardaş və bacılarım, anam köməksiz qaldılar. Geri qayıtmağım 1947-ci il yanvar ayının 17-nə çəkdi. Müharibədə minaya düşdüm, bu, Almaniyanın İnsinburq şəhərində baş vermişdi, ağır yaralandım, kontuziya aldım. Bir sözlə, müharibəyə gənc bir kənd uşağı kimi gedib, geri artıq dünyagörmüş, həyatdan hər cür zərbələr almış insan kimi döndüm. Bəlkə də ömrümün ahıl çağı elə o illərdən başladı.
    O dövrdə cəbhədən gələn bütün kişilər kimi Abbasqulu Babayevə də kənddə ən çətin işlər tapşırılırdı. Beləliklə də, o, Evoğluda ferma müdiri, pambıqçılıq briqadiri və s. vəzifələrdə çalışdı. Ən böyük vəzifəsi isə anasına qulluq göstərmək idi. Sanki bu oğul qayğısı ilə o, ötən illərin ağrı-acılarını unutdurmaq istəyirdi.
    – İndi bu qayğını siz də övladlarınızdan görürsünüzmü?– deyə soruşdum.
    Öyrəndim ki, ağsaqqalın 5 oğlu, 2 qızı var. Qürur hissi ilə dedi:
    –Oğlanlarımın 5-nə də ev-eşik tikdirmişəm, evləndirmişəm.
    Sonra zarafatla əlavə etdi:
    –Ev tikdirməsəm, 5 gəlinlə bir yerdə yaşamaqmı olar?
    –Bəs, biri ilə necə, Abbasqulu əmi?– deyə mən də onun sualına sualla cavab verdim.
    –Bir gəlinlə yaşamaq mümkündür, amma bu da sənin özündən asılıdır. Əgər oğlunun həyat yoldaşını gəlin yox, doğma balantək qəbul etsən, onda bizim ailədə olduğu kimi, gözün görməyəndə nəvələrin gözünün işığına, ayaqların taqətdən düşəndə, dayağına çevrilərlər.
    “Abbasqulu əmi, bəs necə oldu ki, sizə pulsuz minik maşını verdilər”– sualına isə o, belə cavab verdi:
    –Dil bilməmək həyatda adamı çox işlərdən geri qoyur. Belə ki, müharibə qurtarandan sonra məni bir müddət Rusiyada saxlayıb, orada işlətdilər. Evə qayıtmaq istədiyimi təkid edəndə, yenidən qarnizon tibbi komissiyasından keçdim və bu barədə mənə arayış verib, Azərbaycana göndərdilər. Rus dilində savadım olmadığına görə, o kağızları oxuya bilmədim, anamın sandığına qoyub ağzına da iri bir qıfıl vurdum. Yaşım çatanda, əmək pensiyasına çıxdım. Amma hərbi komissarlıqda mənim veteran olduğumu, yaralandığımı bilirdilər. Bu barədə sənəd istəyəndə, gəlib həmin sandığı açdım. Sən demə, sandıqdakı saralmış, artıq məhv olmaq dərəcəsinə çatmış həmin o arayış mənim əlillik dərəcəmi göstərən sənəd idi. Bundan sonra pensiyam artdı, əlil kimi bütün güzəştlərdən istifadə etmək imkanım oldu. Elə bu maşını da həmin sənəd tapılandan sonra aldım.
    Ömrün ahıl çağına gəlib çatmaq hər adama qismət deyil. Bəs, bu zirvədən həyat necə görünür? Veteran bu suala da səmimi cavab verdi:
    – Həyat hər zaman şirin olur. Yəni yaş çoxaldıqca həyata daha çox bağlanırsan. Bir zamanlar evimizdə anam, həyat yoldaşım və mən idim. Anam və yoldaşım dünyalarını dəyişiblər, amma ətrafımda 7 uşaq, 21 nəvə, 18 nəticə var. Uşaqlarımın toyunu elədim, nəvələrimin toyunu görmək istədim, indi artıq nəticələrim də böyüyüblər. Hərəsinin mənə göstərdiyi qayğı böyük bir sevincə çevrilir, məni yaşadır.
    Amma ən başlıca səbəb yaşadığımız cəmiyyətdir. Bizim ölkədə yaşlılara gözəl münasibət göstərilir. Başda möhtərəm Prezident İlham Əliyev olmaqla bütün məmurlar qayğı və ehtiyaclarımızla maraqlanır, bizə kömək edirlər. Ona görə də bu yaşda belə gümrahıq. Verilən maşın ailəmizə sevinc gətirdi. Buna görə bir daha dövlətimizə, onun başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirəm .
    Söhbətimiz başa çatır. Abbasqulu əmi maşınına əyləşib növbəti ünvana tələsir. Yolun uğurlu olsun, veteran!

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:33

    Teqlər:

İsmarıclar bağlıdır.