Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

                                                                                    (Hekayə)

    Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi.
    –Ay oğul, Zərbəli, üç-dörd günə dağa çıxacağıq, çobanlara xəbər elə hazırlıq görsünlər, özün də evin kö-çünü hazırla birisi gün tezdən yola çıxsınlar.
    Zərbəli duruxdu. Nəsir ağa elə bildi Zərbəli onu başa düşmədi. Ona görə soruşdu:
    –Niyə duruxdun?
    Zərbəli çiyinlərini qısdı:
    –Ağa, başına dönüm, istədim soruşam niyə tez çı-xırıq dağa, hələ on beş- iyirmi gün var dağın vaxtına. Ürək eləmədim.
    Nəsir ağa qımışdı:
    –Yaxşı, dediklərimi elə, yolda deyərəm niyə tez çıxırıq yaylağa.
    Zərbəli:
    –Baş üstə:-deyib, uzaqlaşdı.
    İki gün sonra evin köçü iki nökər və ağanın bacısı oğlu Mürşüdün müşayiəti ilə çıxdı yola.
    Hər il evin köçü heyvanlardan bir-iki gün qabaq çıxardı yaylağa, alaçıqları qurar, heyvanların ağılını rahatlayardılar.
    Ertəsi gün çobanlar da yol tədarükü görüb, götürməli olduqlarını götürüb sürünü hayladılar. Nəsir ağanın tapşırığı ilə Zərbəli kəhər ayğırı yəhərləmişdi. Çərkəzi yəhər kəhərə çox yaraşırdı. Ağanın özü də vəznəli çuxasını geyindi, başına gümüşü qaragül dərisindən tikdirdiyi buxara papağı qoydu, beşaçılanı yəhərə keçirib qalxdı atın belinə. Üzəngini basan Zərbəli çiyinlərini qısıb durmuşdu. Ağa bildi ki, Zərbəlidə söz var.
    –Niyə durdun? Yenə nə oldu?–Ağa soruşdu.
    –Acıqlanma, başına dö-nüm, ay ağa! Özün deyirdin sən də yetim olmusan, cavanlığın kasıbçılıqla keçib. İndi maşallah dövlətin, varın… Mən iyirmi ildir bu qara damdan çıxa bilmirəm. Kəndin ayağında Gülxanım oğlu Əli muzdurluqdan gəlib bəy oldu.
    Ağa bildi Zərbəli hansı simə vurur. Soruşdu:
    –Zərbəli, ac qalmırsan ki?
    Zərbəli dedi:
    –Yox.
    –Başına yağış yağmır ki?
    Zərbəli dedi:
    –Yox.
    –Bir halda ki, ac qalmırsan, başına yağış yağmır, onda özündən yuxarı baxıb dərd çəkmə, özündən aşağı baxıb şükür elə.
    Zərbəli əlini sinəsinə qoyub:
    –Baş üstə!–dedi.
    Ağa Zərbəlini yaxşı ta-nıyırdı, bilirdi ki, hərdən yersiz danışmağı olsa da, etibarlı, çörəyə sadiq adamdır. Ona görə də əhəmiyyətli işlərdə onu çağırıb buyururdu.
    Söhbəti bitmiş hesab et-miş ağa istədi tərpənsin. Zərbəli bir də soruşdu:
    –Ay ağa, bir şeyi də soruşmaq istəyirəm, icazə versən.
    –Ağa dedi:
    –Bir az tez elə!
    Bu gedişnən qalacağıq mal ayağına.
    Zərbəli dedi:
    –Ağa, bu geyim-kecimlə toya gedənə oxşayırsan, əyin-başından heç dağa gedənə oxşamırsan.
    Nəsir ağa başını buladı:
    –Sən belə şeyləri bilməzsən Zərbəli, kənddə dost var, düşmən var adamın üst-başına baxırlar.
    Zərbəli yenə məzlum bir görkəm alıb:
    –Qandım, ay ağa!–dedi.
    Nəsir ağa kəhərin yüyənini boşaltdı. Zərbəli də atını qamçılayıb çatdılar köçə. Bir mənzil gedib durdular. Ağa Zərbəlini səslədi:
    –Deginən çobanlara sürünün başını yığsınlar, bir az dincələk, bir qismət də çörək yeyək.
    Süfrə açıldı, yağ, pendir, qışdan qalma qovurma gəldi süfrəyə. Yeyib-içib yığışdırdılar. Nəsir ağa yəhərə dirsəklənib qəlyanını doldurdu, dərin bir qullab alıb tüstünü havaya buraxdı. Zərbəli bir də soruşdu:
    –Ağa, demişdin yolda deyəcəm niyə tez çıxırıq yaylağa.
    Nəsir ağa dedi:
    –İnşaallah, çatarıq yaylağa, deyərəm.
    Zərbəli bir az duruxub, təzə söhbətə mövzu verdi:
    –Ağa, sən həmişə de-yirsən ki, Allah istəsə varı adama oturduğu yerdə də verər. Oturduğun yerdə necə varlanmaq olar?
    Nəsir ağa söhbətinə belə başladı:
    –Uzun zaman əvvəl, yeniyetmə vaxtım idi. Kənddə bir neçə cavan yığışıb məsləhətləşdik ki, şəhərə gedib kərpicdən-zaddan kəsib pul qazanaq. Kənddən elə çıxmalıydıq ki, işıqlaşana mənzil başına çataq. Üzü qaranlığa kənddən çıxdıq. Bir xeyli getmişdik, mən yoldaşlarıma:
    –Siz gedin, mən sizə çataram–deyib, keçdim qaratikan kolunun arxasına. Ay işığında oturduğum yerdə əlimə keçən bir çubuqla ye-ri eşməyə başladım. Əvvəl cingilti eşitdim, sonra ay işığında parıltı gördüm. Götürüb baxdım, qızıl idi. Yerinə qoyub manşırladım. Qaçıb yoldaşlarıma çatdım:
    –Mən gedəsi olmadım, siz gedin–dedim.
    Səbəbini soruşdular. Dedim:
    –Allah istəsə adama oturduğu yerdə də varı verər.
    Heç nə başa düşməyib getdilər. Mən geri qayıdıb qızılları çıxarıb gəldim evə. Oldum Nəsir ağa…
    –Axı, həmişə belə olmur, ay ağa!–Zərbəli mı-zıldadı.
    –Allah istəyəndə olur.
    Ağa söhbəti qurtarıb durdu.
    –Sürünü yellədin, hələ axşama çox var, bir xeyli gedə bilərik.
    Beləliklə, gecələri dincəlib, gündüzləri yol getdilər. Bir neçə gündən sonra çatdılar “Qırmızıdağ”ın ətəyinə.
    “Taxta düzü”, “Sarı yer”, “Qara arxac”, “Qırmızı dağ”, “Ayı çınqılı”, “Ala göllər”… Bu yaylaqlar aran ellərimizin yaylaq yerləri olub.
    Ağanın gəlişinə Zərbəli bir öyəc kəsdi. Qazan asıl-dı, samovar qaynadı. Tava-da pörtləyən erkək ətinin ətri yayıldı düzlərə. Qul-luqçular süfrə açdılar. Ço-banlar da gəlib, hərə öz ye-rində əyləşdi. Süfrəyə çay-çörək gəldi, yeyib-içdilər.
    Zərbəli yenə sual elədi:
    –Ağa, indi deyəcəksənmi niyə vaxtından tez çıxdıq yaylağa?
    Nəsir ağa baxdı ki, Zərbəli əl çəkmir, dedi:
    –De görüm, o yamaca yayılıb otlayan ağ sürünü görürsənmi?
    Zərbəli dedi:
    –Görürəm.
    –Sürünün içindəki qara-boz eşşəkləri də görürsənmi?
    Dedi:
    –Görürəm.
    –Sürünün başına do-lanan çənbərquyruq itləri də görürsənmi?
    Dedi:
    –Görürəm.
    –Elə isə, Zərbəli, mənə aranda qalıb sürtülmüş qırmızı sifətlərə tamaşa etməkdənsə, bu dağın başında otlayan ağ sürüyə, o qara-boz eşşəklərə, çənbər-quyruq itlərə baxmaq daha xoşdur.
    –Başına dönüm, ay ağa, indi başa düşdüm.
    –Çox gec başa düşürsən, Zərbəli! Səni başa salınca adam az qalır öz başından olsun.
                                                                                                       Qərib QAMANOĞLU

    Müəllif: Redaktor, 09:55

İsmarıclar bağlıdır.