Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy
    Изображение 076

    Sağdan: (əyləşənlər) Qaçaq Şahmalının kürəkəni Əli, qızı Brilyant, gəlini Xədicə, (ayaq üstə) oğlu Əli, oğlunun qaynı Şərif

    Hələ gənclik illərim idi. Anamla bərabər Kolanı kəndinə (indiki Hacıqərvənd) yas mərasiminə getmişdik. Bir yaşlı qadın anamı görcək hündürdən “ay əmi qızı” deyib ağlamağa başladı. Dediyi ağının içərisində babamla bərabər Şahmalı adını da çəkdi. Mərasimə toplaşan qonaqlar getdikdən sonra yenidən doğmalar kimi görüşüb hal-əhval tutdular. Anamla o qadının bu mü-nasibəti marağıma səbəb oldu. Evə gələndə onun kimliyini anamdan soruşdum. Anam dedi: “Əmiqızıyıq, bir-birimizi tez-tez yoxlaya bilmirik, xeyirdə-şərdə görüşürük”.
    Aradan xeyli illər ötmüşdü, vətənimizdə Qarabağ müharibəsi başlamışdı. Qeyrət çəkən kişilər səfərbər olub torpaqlarımızın müdafiəsinə qalxmışdılar. Bütün analar kimi anam da narahatçılığını gizlədə bilmirdi. Söhbət zamanı qeyri-ixtiyari: “Bu murdarlara Şahmalı əmim kimi kişilər lazımdır ki, onları yerlərində oturda, yoxsa bu erməni kökükəsilmişlər xalqın balalarını qırğına verəcəklər”,-dedi. Şahmalı əminin kimliyi ilə maraqlandım. Anam onun haqqında belə danışdı:
    –Ağdərə tərəfdən gələn “Daş arxı”nın suyunu zəlil olmuşlar tez-tez kəsirdilər. Camaatın həyət-bacası susuzluqdan qovrulurdu. Bir gün atam atı minib gedir ermənilərin üstünə. Elə həmin gündən “Daş arxı”nın suyu kəsilmir. Bu xəbər Şahmalı əmimə çatır. Gecə iki nəfər yaraqlı ilə gəlir atamın üstünə. O zamanlar hər tərəf çal-çəpər idi. “Ay ev yiyəsi”,– deyə atamı səsləyir. Atam heç zaman arvad-uşağı irəli verməzdi. Həmişə kəhər atı yanında, aynalı tüfəngi çiynində, gümüşü xançalı dizdən aşağı geydiyi uzun-boğaz çəkməsinə taxılı olardı. Bu dəfə yaraqların heç biri üstündə yox idi. Əliyalın çağıranları qarşılayır və evə dəvət edir. Qonağın Qaçaq Şahmalı olduğunu bilib adına qoç kəs-dirir. Süfrəyə çay-çörək, kabab gətiriləndə Qaçaq Şahmalı gəlişinin səbəbini bildirib: “Cəfərqulu, sorağın mənə gəlib çatdı ki, sən ermənilərlə su üstündə cəng etmisən, dedim görüm o qoçaq kimdir məni basıb o dığaların üstünə gedib. İndi səni tanıdım, mərdliyini, kişiliyini gördüm. Mən başqa fikirlə bura gəlmişdim. Amma bu gündən səninlə oldum qardaş…” O gündən atamla Şahmalı əmim doğma qardaşdan artıq oldular. Ermənilər Qaçaq Şahmalının adını eşidəndə geri çəkilirdilər.
    Bu xatirə yaddaşımda qalmışdı. Köhnə kişilər mövzusunda düşünəndə Qarabağ camaatının Qaçaq Şahmalısını xatırladım. Xeyli axtarışdan sonra öyrəndim ki, bizim Hacıqərvənd kəndində onun nəvələri yaşayırlar. Qaçaq Şahmalının nəticəsi Rühanə müəllim Hacıqərvənd kənd tam orta məktəbində tarix dərsini tədris edir. İnternet saytından və Rühanə müəllimin nənəsinin söylədiklərindən belə məlum oldu ki, Qaçaq Şahmalı qədim Qarabağ tor- pağının ən məhşur, igid oğullarından biri olubdur. Xalq arasında yenilməzliyi, ədalətin tərəfində dayanması, yoxsulların haqqını müdafiə etməsi, erməni quldurlarına qarşı barışmaz olması ona böyük şöhrət və xalq məhəbbəti qazandırıb.
    Qaçaq Şahmalı 1875-ci ildə Cavanşir qəzasında dünyaya gəlmişdir. Tərtər, Ağdərə, Ağdam rayonlarının bir sıra kəndlərində onun böyük torpaq mülkləri olub. Ağdərə rayonunun ərazisində yerləşən “Şahmalılar” adlı yurd yeri və “Şahmalı bulağı” indi də xalq arasında məhşurdur. O, Asya adlı xanımla ailə qurmuş və iki övladı dünyaya gəl-mişdi. Qızı Brilyant xanım, oğlu Əli bəy.
    Şahmalı Qurban oğlu 1905-1907-ci illərdə erməni vəhşiliklərinə qarşı amansız mübarizə aparanlardan olub, çar hökumətinin erməniləri bu ərazilərdə yerləşdirməsinə qarşı inadlı müqavimət göstərib. Qızı Brilyant xanımın və onu tanıyan-ların xatirələrindən məlum olur ki, Qarabağ ellərinin bu mərd oğlu çar Rusiyasının xalqın mənafeyinə zidd qərarlarına qarşı çıxmağı bacarardı. Təkcə öz mahalında deyil, qonşu mahallardan kəndlilər onun yanına gələr, haqsızlıqlara qarşı kömək istəyərdilər. O isə heç kəsi naümid qaytarmazdı. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulur və bol-şeviklər öz hakimiyyətlərini silah gücünə bütün ərazilərdə yaymağa başlayırlar. Qaçaq Şahmalı bu höku-mətin xalqa zidd siyasətini anlayır və onu tanımaqdan imtina edir. Eyni zamanda ömrünün sonuna qədər Qarabağda erməni vəhşiliyinə qarşı dayanmadan mübarizə aparır.
    1920-ci ilin iyununda Sovet hakimiyyətinə qarşı baş verən Qarabağ üsyanının iştirakçılarından və bu üs-yana maddi dəstək verənlərdən biri olur. Yaranmış yeni hökumət Qaçaq Şahmalının nüfuz sahibi olmasını nəzərə alaraq onunla danışıqlar aparıb razılığa gəlməsinə çalışır. Hüsü Hacıyev başda olmaqla bolşevik-lərin nümayəndə heyəti 2 dəfə Tərtərdə onunla görüş keçirir. Birinci görüş dayısı Zülfiqar bəyin (İsmayıl Kərimovun atası), ikinci görüş isə Məşədi Fərhadın (Rübabə həkimin atası) evində olur. Lakin aparılan danışıqlar heç bir nəticə vermir. O, Sovet hakimiyyətini qə-bul etmir.
    Nəhayət, 1925-ci ildə gecənin birində öz evində olarkən üzərinə bö-yük dəstə göndərilir. Şiddətli döyüş nəticəsində Qaçaq Şahmalı ölümcül yaralanır. Düşmənlərin əlinə sağ keçməsin deyə gizli saxladığı zəhəri içərək şüşəni odun üstünə atır, özü isə dünyasını dəyişir. Bolşeviklər tərəfindən onun meyidi aparılsa da, Asya xanımın əmisi oğlanları Əmir bəyin və Mirzə bəyin köməkliyi ilə gizlincə gətirilib Şotlanlı qəbiristanlığında dəfn olunur. Ailənin şəxsi əmlakı Sovet hökuməti tərəfindən müsadirə olunur, ailə üzvləri amansız təzyiqlərə məruz qalırlar. Buna görə onun şəklini və heç bir əşyasını tapa bilmədik.
    Qaçaq Şahmalı ölümündən əvvəl qızı Brilyantın baldızı oğlu Əli ilə ailə qurmasını məsləhət bilir. Sonralar onlar ailə qururlar və yeganə övladları Elxan dünyaya gəlir. Brilyant xanım ömrünün sonunadək Hacıqərvənd kəndində yaşayıb.
    1934-cü ildə Azərbaycanda hakimiyyətə gələn Mircəfər Bağırov Qaçaq Şahmalının böyük nüfuz sahibi olduğunu nəzərə alaraq onun ailəsini sürgün etdirməmiş və oğlu Əlinin təhsilini bitirməsinə mane olmamışdır. Ağdamdakı ikiillik məktəbi bitirən Əli sonradan hüquqşünas ixtisasına yiyələnmişdi və Gürcüstanın Qarayazı mahalında prokuror işləyirdi. İkinci dünya müharibəsində ona “bron” verilsə də, anonim yazılan məktubların nəticəsində Əlini 1944-cü ildə müharibəyə aparırlar. Sonrakı taleyi haqqında bu günə kimi heç bir məlumat yoxdur.
    Əli Şahmalı oğlu çox zəngin biliyə malik olan bir şəxs olub. Bir neçə dil bilib. Öz nəslinin həyatı haqqında bildiklərini və gördüklərini kitab halına salaraq ona “Qartallar yuvası” adı verib. Həmin əlyazmanı çap edilməsinə kömək məqsədilə Cəfər Cabbarlıya göndərib. Böyük yazıçı onunla görüşməyə söz vermişdi. Lakin iki aydan sonra dünyasını dəyişib. Əlyazmanın sonrakı taleyi məlum deyil.
    Qaçaq Şahmalının ölümündən uzun illər keçsə də, o, xalqın yaddaşından silinməyərək böyük məhəbbətlə xatırlanır.
    Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov Qaçaq Şahmalı haqqında eşitdiklərini belə xatırlayır:
    –O zaman ermənilər Tərtər rayonunun Bəyimsarov kəndinə köçəndə Qaçaq Şahmalı başının dəstəsi ilə yolu kəsib, Umudlu camaatının sağ-salamat çıxarılaraq ona təhvil verilməsini tələb edir. Məlumdur ki, Umudlu kəndi hazırda da ermənilərin əhatəsindədir. Umudlu kəndinin camaatını–uşaqdan-böyüyə hamısını sağ-salamat Qaçaq Şahmalıya təhvil verdikdən sonra o, dəstəsini Bəyimsarovdan çıxarır.
    Qarabağın Qaçaq Şahmalısının mərdliyi, vətənpərvərliyi bu günümüzə gəlib çatan kişilik təcəssümüdür. Ərənlər yetirən bu odlar yurdu həmişə mərd kişiləri ilə yaşamış, fəxr etmiş, bu gün də yaşayır, fəxr edir və qürur duyur.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:08

    Teqlər:

İsmarıclar bağlıdır.