Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Avq

                                                                 KİŞİ TƏPƏRLİ QADIN

    Bu qadını 80-ci illərdən tanıyırdım. Elə beləcə dilli-dilavər, qoçaq, işgüzar, üzündən mehribançılığı əskik olmayan, sadə, təvazökar. Əvvəllər tez-tez rastlaşardıq. Görünür bu işimizin xüsusiyyətindən irəli gəlirdi. Mən rayon icraiyyə komitəsində yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın məsul katibi, o isə kənd sovetinin katibi işləyirdi. O, illər hər birimiz üçün məsuliyyətli və qayğısız illəriydi. İşləməkdən yorulmazdıq, əksinə, işimizdən zövq alardıq. Çünki gənciydik, gördüyümüz hər bir işi gənclik enerjisi ilə yerinə yetirərdik. Artıq o illər arxada qalıb. Ömrün payızına doğru aparan illər bizi də dəyişdirib, bir az həlimləşmişik, bir az da yorğunlaşmışıq.
    Redaksiyanın iş planına əsasən bir fermerdən yazmaq istəyirdim. Məsləhət oldu ki, çox kişinin bacarmadığı işin öhdəsindən gələn bir qadın var, ondan yazım. Bu qadın Əskinaz Məmmədovadır. Kişi hünərli Əskinaz arı təsərrüfatı ilə məşğuldur. Elə ondan yazmaq üçün fotomüxbirimiz Kənan Hüseynzadə ilə birlikdə Əskinaz xanımın qonağı olduq. Həm dost kimi görüşüb hal-əhval tutduq, həm də onun təsərrüfatı ilə tanış olduq.
    Gəlişimizi bildiyi üçün bizi həyət darvazasının yanında qarşıladı. Hiss olunurdu ki, evində təmir işləri gedir. Həyət qapısından içəri girəndə rəngbərəng güllərin ovsununa düşdüm. Çiçəkdən-çiçəyə uçan arılar sayağı güllərin hər birini qoxlamaq istədim. Xeyli vaxt bu gözəlliyin əsrarəngliyinə tamaşa etdim. Müsahibimiz qonaqpərvərcəsinə bizi içəri-evə dəvət etdi. Ən yaxın qonşuları olan iki qadınla bizi tanış edərək dedi:
    –Kifayət müəllimlə və Südabə bacı mənim ailə üzvlərim kimidir. Onlar mənə ana-bacı qədər doğmadırlar. Hər anımda yanımda olurlar. İstədim ki, bu gün də bu insanlar burda olsunlar.
    Çay süfrəsi arxasında bu qadınlar da bi-zimlə birlikdə söhbətə qoşuldular…
    Əskinaz Məmmədovadan özü haqqında danışmasını xahiş etdim. Elə əvvəlki kimi sifətindəki təbəssümlə özü haqqında məlumat verdi. Dedi ki, mən 1961-ci ildə elə həmin bu Söylən kəndində kolxozçu ailəsində doğulmuşam. Elə yaşadığım bu kənddəki orta məktəbi bitirmişəm. Atam uzun illər təsərrüfat briqadiri işləyib, sonra da özünə şəxsi mağaza açıb. Anam isə kolxozçu olub.
    Hələ uşaq yaşlarımdan ata-anamla birlikdə pambıq tarlalarına getmişəm, zəhmətin nə olduğunu onlardan öyrənmişəm. Orta məktəbi bitirdikdən sonra 1982-ci ilə qədər qabaqcıl pambıqçılarla birgə çalışmışam. Hətta bu illərdə 3 nömrəli pambıqçılıq briqadasında manqa başçısı seçilmişəm. Mövsüm zamanı gündə əllə 120-130 kiloqram pambıq yığırdım. Həm də pambığın becərilməsində çalışardım. Bu sahəyə gündən-günə marağım artdığı üçün Bərdə rayonundakı pambıqçılıq texnikumunu bitirdim. Sonralar, yəni 1982-ci ildən 1996-cı ilə kimi kənd sovetinin katibi vəzifəsində çalışmışam. 1996-cı ildən 2012-ci ilə kimi isə Söylən kənd icra nümayəndəliyində baş mühasib vəzifəsini icra etmişəm. 1998-ci ildə Bakı İqtisad Universitetində ixtisasımı artırmaq məqsədi ilə 2 il maliyyə işinin uçotu fakültəsində təhsil almışam. Kolxozda çalışdığım bu illərdə dəfələrlə rayon partiya komitəsi tərəfindən “Fəxri fərman”larla təltif olunmuşam.
    Əskinaz xanım, arıçılıq təsərrüfatı ağır sahədir, özü də mənim bildiyim qədər bu sahədə əsasən kişi əməyindən çox istifadə olunur. Necə oldu ki, sizdə bu sahəyə maraq yarandı?
    Bu sizin üçün çətin deyil ki? – deyə, soruşdum.
    –1990-cı ildə arıçılıqla məşğul olmağı qərara aldım. İlk olaraq 2 arı ailəsi alıb həmkəndlimiz Bəhlul dayının yanında qoydum və xahiş etdim ki, bu peşəni mənə öyrətsin. Bəhlul dayı da, sağ olsun, marağımı görüb arıçılığın sirlərini mənə öyrətdi. Artıq arıya necə qulluq etmək, onu bəzi ziyanvericilərdən necə qorumaq lazımdır bilirəm. Hazır-da təsərrüfatımda 130 arı ailəsi var. Özü də çiçək vaxtı heç yerə aparmıram. Gördüyü-nüz kimi hamısı burda öz həyətimizdədir. Hər il 500 kiloqramdan cox bal alıram.
    Bu anda söhbətimizə qonşuları Kifayət Behbudova müdaxilə etdi. O bildirdi ki, Əskinaz çox zəhmətkeş qadındır. O bütün çətin işlərin öhdəsindən gəlməyi bacarır.
    Söhbət zamanı Əskinazın həyatında baş verən ailə problemlərini də öyrəndim. Daha doğrusu həyat yoldaşından ayrıldığını, və uşaqları olmadığı üçün bacısı qızını götürərək böyütdüyünü, ona analıq edib, hətta hazırda 3 nəvəsi də olduğunu açıqladı. Həyatın sərt üzü ilə qarşılaşsa da, ayaqda durmağı bacardı, Odur ki, Əskinaz özünü xoşbəxt ana və nənə hesab edir. Hazırda onun böyütdüyü Sevinc öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Kürəkəni Zamin Həsənov həmin şəhərdə Nizami Rayon Polis Şöbəsində baş tədqiqatçı vəzifəsində işləyir, polis mayorudur. Nəvələri Novruz, Raul və Ramillə tez-tez telefon əlaqəsi saxlayır.
    Qonşusu Südabə deməli Əskinaz ana kimi gözəl ana, gözəl nənə, gözəl qadın, həm də gözəl qonşudur.
    Əskinaz söylədi ki, rayon rəhbərliyinin qayğısını həmişə öz üzərində hiss edib. Ona verilən pay torpağındakı əkin-biçin işlərini də arı təssərrüfatı ilə birgə inkişaf elətdirib. Həmin sahədə arpa, yonca əkdirib.
    Görüşümüzdən sonra belə səmimi hələ cavan yaşlarından həyatın sərt üzünü görmüş, bütün çətinliklərdən mətinliklə çıxmış, öz zəhməti ilə xətir-hörmət qazanmış, kişi tə-pərli bu qadını tanıdığıma görə fəxr etdim. İstədim deyim ki, çox sağ ol, kişi təpərli qadın! Lakin nədənsə bu sözləri ona deyə bilmədim.
                                                                                                                     Elfuzə VƏLİYEVA

     

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.