Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

                                                      ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ

                                                               (əvvəli keçən sayımızda)

    (OÇERK)

    Validə müəllimin bu dərsi VIII sinifdə idi. Onlar sinfə daxil oldular. Validə müəllim qonağı təqdim etdi. İfadə yazının mətnini oxudu. Uşaqlar ifadənin planı ilə tanış edildi. Əlavə izahat da verildi. Arada şagirdlərin sualları da cavablandırıldı. Arxada oturan qonaq bütün bunları sakitçə seyr edirdi. 45 dəqiqə tez keçdi, dəftərlər yığıldı. Hər ikisi direktorun otağına gəldilər. Müəllimlər otağı ilə bu otaq yanaşı idi. Müəllimlərin gözü hörmətli alimdə idi. O isə hələ heç nə demirdi. Az sonra fikrini açıqladı və Validə müəllimi təriflədi, ifadə mətnləri oradaca yoxlanıldı, uşaqların müstəqil mühakimələri onu razı salmışdı. Gənc müəllimin uğurları qonağı da sevindirdi. O müəllimə öz tövsiyələrini verdi. Üzünü direktora və inspektora tutaraq müəllimin təltif olunması məsələsini qaldırdı. Artıq əvvəlki həyacanı ötüb keçmiş Validə müəllim özünə məxsus ifadə tərzi ilə bir az zarafatyana, bir az ciddi bir beyt şer dedi:
    Farsın Xəyyamı var, Firdovsisi var
    Nə çoxdur onlarda böyük sənətkar.
    Sual dolu gözlərə baxaraq, mən gəncəm, cəmi 5-6 ildir işləyirəm, -dedi. Məktəbimizdə Əsəd müəllim kimi təcrübəli müəllimlər var. Təltiflər ilk növbədə on-lara, mənim müəllimlərimə düşür.
    Bu hərəkətləri ilə Validə müəllim Ə.Qarabağlının gözündə daha da ucaldı. Cavan müəllim bu hərəkəti ilə özünün alicənablığını bir daha biruzə verdi.
    Yadımdadır, bir dəfə Azərbaycan MTİ-də ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kursunda Ə.Qarabağlı biz müdavimlərə bu əhvalatı olduğu kimi danışdı. Onda mən dedim ki, Validə İsfəndiyarova mənim tələbə yol-daşımdır. 125 nəfərin içərisində 8 nəfər fərqlənmə diplomu alanların biri də odur. Həm də o fərqlənmə diplomu alan yeganə qız idi,- dedim. Gözümün qarşısında qürurlu, savadlı və təmkinli Validə canlandı. Gözəl nitqi, muncuq kimi xətti olan bədii əsərlər haqqında dolğun mühakimələr yürüdən Validə İsfəndiyarova. O, ən yaxşı romanları hamıdan əvvəl tapıb oxuyar və yoldaşlarını da bunları oxumağa sövq edərdi. Hüqonun, Drayzerin, Balzakın, Şeksprin, Şillerin əsərlərindən həvəslə danışardı. Bəzi monoloqları əzbər deyirdi. Ancaq bir dəfə də bədii axşamlarda, yığıncaqlarda çıxış etməzdi. Onun tutduğu böyük yolun başlanğıcı belə idi.
    1979-cu ilin fevral ayı idi. Ədəbiyyat müəllimlərinin yaxın dostu professor Ş.Mikayılov Tərtərə gəlmişdi. Ona Validənin dərsində iştirak etməyi məsləhət bildilər. Dərsin mövzusu Qoqolun “Müfəttiş” komediyasının təhlili idi. Validə müəllimin bə-dii əsəri təhlil etmək bacarığı, mövzunun müasirliklə, Azərbaycan ədəbiyyatı ilə məharətlə əlaqələndirməsi, bəzi məqamların izahına şagirdlərin cəlbi və s. məsələlər Şəmistan müəllimin ürəyindən oldu. Dərs haqqında təəssüratını o “Azərbaycan müəllimi” qəzetində dərc etdirdi. Validə müəllim özü də ara-sıra mətbuatda çıxış edirdi.
    Bu uğurlarının əsas səbəblə-rindən biri o idi ki, Validə orta məktəbdə də, ali məktəbdə də, əla qiymətlərlə oxumuşdu. O müha-zirələrdə, seminarlarda tələbələ-rə qulaq asmaqda hədsiz səbrli idi. Mütaliəsinə isə söz ola bil-məzdi.
    Validə müəllim hər bir şagirdini əsl vətəndaş kimi görmək istəyirdi, onun yetirmələrinin sorağı bu gün ölkəmizin müxtəlif yerlərindən gəlir. Çox sevdiyi şagirdlərindən Nəcibə Teymurova, Tünzalə Həsənova, Qönçə Musayeva, Arzu Yusifova, Kəmalə Rzayeva onun yolunu davam et-dirərək müəllim oldular və bir məktəbdə çalışmağa başladılar. Onlar indi də Validə müəllimi əvəz edirlər.
    Haşiyə: Gəncə Pedaqoji İnstitutunun tarix-filologiya fakultəsinin dekanı, mərhum professor Davud Hacıyev məzunlarının so-rağı ilə bir gün yolunu Tərtərə salır. Davud müəllim əlaçı tələbələri sevir, onların qayğısına qalırdı.
    Bir qayda olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirənlərə xüsusi hörmətlə yanaşır, onların taleyi ilə maraqlanırdı. Hətta la-zım gəlsə onların ardınca ucqar kəndlərə gedirdi. Şamaxıda uzaq bir kənddə işləyəndə o məni də axtarmışdı. Tərtərə isə onu 1959-cu ildə İnstitutu qırmızı diplomla bitirən Validə İsfəndiyarovanın sorağı gətirmişdi. O öz tələbəsinin iki dərsini dinləyir, ona öz məsləhətlərini verir. Tərifdə çox xəsis olan Davud müəllim öz təəssüratını “Deyəsən, işləyə bilirik” sözləri ilə ifadə etmişdir. Beləliklə, Davud müəllimin “can” dəftərinə Validənin də adı düşür. Professor auditoriyalarda belə tələbələr haqqında dönə-dönə söhbət salır, onları gələcək iş yerinə hazırlayırdı. Bu o Davud müəllim idi ki, bizə Qərbi Avropa ədəbiyyatından mühazirələr oxuyar, Aristoteli, Veqanı, Şekspiri, Rus-sonu, Bayronu özünəməxsus coşqunluqla sevdirərdi. Tələbələr onun bir dərsini belə buraxmazdı. İş elə gətirdi ki, 1957-ci ilin ya-yında Gəncə komsomolçu gənclər briqadasının rəhbəri kimi mən Qazağıstana xam torpaqlara getmişdim. Məhsul yığımı başa çatanda artıq sentyabrın axırı idi. Ona görə də, bir ay dərsə geçikmişdik. Bu barədə İnstituta mə-lumat verilmişdi. Buraxılan mühazirələrdən, xüsusən Qərbi Av-ropa ədəbiyyatından çox nigaran idim. Ancaq qayıdanda gördüm ki, Validə mənim üçün bu müha-zirələri öz xətti ilə köçürüb sax-lamışdı. Bu mühazirələrin mənə hava və su kimi lazım olduğunu o da bilirdi.
    Validə xanımın orta məktəbdə dərs dediyi şagirdlərindən biri təhsil Nazirliyi kadrlar şöbəsinin baş məsləhətçisi Kəmalə Mirzəyevanın dediklərindən:-Validə müəllim bizə ədəbiyyat dərsi deyirdi. Onun hər dərsində bizim üçün yeni bir aləm açılırdı. O, bizi öz nitqi ilə valeh edərdi. Gülərüz, mehriban çöhrəsi şagirdləri üçün çox doğma idi. O, uşaqları sevdiyi kimi, onu da hamı sevirdi. Valideynlərim onu hər an mənim gözümdə ucaldırdılar. Onu mənə nümunə göstərirdilər. Öl-çülü-biçili danışığı, hərəkətləri, həqiqətən, hamı üçün örnək idi. Onun təsiri ilə mən də ədəbiyyat müəllimi olmaq istəyirdim, lakin sonra müəyyən səbəblərdən fikrimi dəyişdim və kimya elminə meyl saldım. Lakin o vaxt ədəbiyyatdan öyrəndiklərimi bu gün də unutmamışam. Ədəbiyyatı indi də sevirəm və bunun üçün öz müəllimimə minnətdaram.
    Validə xanım haqqında danı-şanda bir hadisəni də xatırlayı-ram. 1954-cü ildə Gəncə Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin birinci kursunda oxuyurduq. Qrupumuz 25 nəfər idi. Onların bəziləri yaşlı, stajlı müəllimlər idi. Mən də Pedaqoji məktəbi bitirib, bir il müəllim iş-lədikdən sonra İnstituta daxil ol-muşdum. Qrupumuz həqiqətən seçmə bir qrup idi. Qızlar da, oğ-lanlar da çox həvəslə oxuyurdular. Mirbəşirdən-Tərtərdən gələn Validə isə öz təmkini, təvazökarlığı və güclü mühakimələri ilə həmyaşıdlarından seçilirdi. Elə oldu ki, bizi pambıq yığımına apardılar. Bir ay Bərdədə qaldıq. İş prosesində tələbələr bir-birini daha yaxşı tanımağa başladılar. Məhsul yığımı başa çatdı və tələbələr İnstituta qayıtdılar. Bir neçə gün sonra fakültə komsomol komitəsinin katibi bizim qrupa gəldi və bildirdi ki, bizdə komsomol təşkilatçısı seçilməlidir. O, xeyli söhbətdən sonra öz namizədinin – Validənin adını çəkdi və onun komsomol işindəki təcrübəsini vurğuladı. Buna heç kəs etiraz et-mədi. Çünki o buna layiq idi. Elə bu zaman Validə söz aldı, onun namizədliyini irəli sürdüyünə gö-rə katibə, bizə təşəkkür etdi və təklifə münasibətini də bildirdi. Validə bu işə daha münasib hesab etdiyi qrup yoldaşlarından birinin adını çəkdi. Öz fikirlərini əsaslandırdı və hamını buna inandır-dı. Katib də, qrup da onun fikri ilə razılaşdı və mən İnstitutda ilk dəfə içtimai işə qoşularaq məhz Validənin təklifi ilə qrup təşkilatçısı seçildim.
    İşlədiyi müddətdə də həmişə öz yaxşı işi və hərəkətləri ilə fərqlənmişdir. 1982-ci ildə attestasiyanın nəticələrinə görə ona “baş müəllim” adı verilmişdir. O zaman bu adlar ən yaxşı müəllimlərə verilirdi. Həmin il nümunəvi ədəbiyyat kabineti yaratdığına görə ona bir televizor da hədiyyə edilmişdir.
    Tərtər RTŞ müdiri Fazil Müseyibovun dediklərindən: “Rayonumuzun ən nüfuzlu müəllimlərindən biri kimi Validə müəllimin məsləhət və tövsiyələrindən indi də faydalanırıq”.
    Tərtər RTŞ metodkabinetinin direktoru Maarif İbrahimovun dediklərindən: “Validə müəllim təhsil şöbəsinin ştatdankənar me-todisti olmuşdur. Rayonda keçirilən aylıq seminarların ən fəal iştirakçısı idi. Müəllimləri maraqlan-dıran suallara ən dolğun cavabları o verirdi. Onun çıxışları hər dəfə maraqla qarşılanırdı”.
    Tərtər şəhərindəki 1 nömrəli orta məktəbin direktoru Vahid Əhmədovun dediklərindən: “Validə müəllim təqaüddə olsa da, məktəb pedaqoji şuramızın üzvüdür. Onun haqqında həmişə məktəbdən xoş sözlər danışırlar. Biz bütün tədbirlərimizə onu da dəvət edirik. O böyük hörmət və nüfuz sahibi kimi tanınır. Çox tə-əssüf ki, o, bizdən təqaüd yaşına çatan kimi ayrılmışdır.
    Validə müəllimin dediklərindən: “Pedaqoji fəaliyyətim dövründə çəkdiyim zəhmət mənə heç də qeyri adi görünmür. Müəllimlik mənim illərlə arzuladığım və çətinliklə nail olduğum şərəfli peşəm olmuşdur. Şagirdlərimdən, onların valideynlərindən, işlədiyim pedaqoji kollektivlərdən hə-mişə özümə qarşı hörmət və ehtiram görürəm. Bunu mənə verilən ən yüksək mükafat hesab edi-rəm”.
    Bəli, vətənin ləyaqətli oğulları, qızları gəncliyini, enerjisini, öz gözünün nurunu gənc nəslə verməkdən həmişə mənəvi zövq al-mışlar. Onlar əsl mükafatı xalqa, vətənə xidmətdə görmüşlər–Bizim Validə xanım kimi.
    HAŞİYƏ: Böyük şairimiz Səməd Vurğun Üzeyr Hacıbəyovun səhhətindən narahatlıq keçirərək bir gün akademik M.Topçubaşovla bərabər onun yanına gedir. Bir qədər söhbətdən sonra M. Topçubaşov ona:–Üzeyr bəy, gözünüz sürətlə zəifləyir, bir qə-dər az işləyin,–deyir, Ü. Hacıbəyov isə cavabında: – Mustafa bəy, mənim gözüm zəiflədikcə, kiminsə gözü işıqlanır, – deyir.
    Ümummilli liderimiz Heydər Əliyevin tez-tez öz müəllimlərini yada salması, müəllim əməyinə yüksək qiymət verməsi bizim üçün örnək olmuşdur. Müəllim əməyinə belə qiymət verməyi hamı bacarmalıdır. Biz bu bayram günündə Validə müəllimə can sağlığı və ailə səadəti arzulayırıq.

     

                                                              Nəcəf NƏCƏFOV,
    filologiya elmləri namizədi,

                                                              akademik Mehdi Mehdizadə mükafatı laureatı
    “Azərbaycan müəllimi”qəzeti,
    5-11 mart 2004-cü il

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.