Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

                                                                “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ VETERAN

    Rayonumuzun Qazyan kəndində yaşayan Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Əhliman Məstalı oğlu Nəzərovla görüş zamanı təşkilatçılarla birlikdə mən də iştirak edirdim.
    Veteranımızla görüş mənim üçün çox maraqlıydı. Əvvəla haqqında heç bir məlumatım olmayan igid, vətənpərvər eloğlumuzu tanıyacaqdım. Sonra isə şərəf işi bilirdim onun haqqında yazmağı. Düşünürdüm ki, onu tanımasam da bu insan torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşüb.
    Maşın Qazyan kənd tam orta məktəbinə gedən yolda dayandı. Bizdən əvvəl bura gələnlər artıq əllərində gül-çiçək şəhidlərin adlarına ucaldılmış abidənin önünə gedirdilər. Maraq məni götürdü. Buradakı hər kəsə diqqət etdim. Məndə bir sual yarandı: görəsən veteranımız bunların hansıdır? Elə bu sualla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtər Regional bölməsinin sədri Vidadi Məmmədzadəyə müraciət etdim. O, görüşünə gəldiyimiz qəhrəmanı tanıdıb, haqqında qısa məlumat verdi…
    Abidənin önünə gülqoyma oldu və burdakı çəkiliş bitəndən sonra hamı gəldiyi avtomobilə əyləşdi. Çox çəkmədi ki, gələn maşınlar kənd evlərinin birinin həyət qapısının yanında dayandı. Bu II Qarabağ müharibəsindən əvvəl regionlarımızın sürətlə inkişafı zamanında vaqondan quraşdırılmış evin bir nəfərin belə güclə keçə biləcəyi, taxtadan düzəldilmiş “darvaza”sından içəri keçdik. Hamı çay süfrəsinə dəvət olundu. Yerbəyerdən suallar verildi. Fürsət tapıb mən də öz suallarımı verirdim ki, onun haqqında yaza bilim…
    Öyrəndim ki, Əhliman Nəzərov Qazyan kəndində doğulub, uşaq-lığı elə bu kənddə kecib, orta təhsilini də burada alıb. Onun gəncliyi həmyaşıdları kimi Ermənistan-Azərbaycan –Dağlıq Qarabağ müharibəsi illərinə təsadüf edib. Yaşadığı kənd erməni yaşayış məntəqələrinə yaxın olduğu üçün tez-tez bu mənfurların riyakar əməllərinin şahidi olurdu.
    Artıq gənc Əhlimanın hərbi xidmət vaxtı çatmışdı. O, Tərtər rayon hərbi komissarlığından əsgəri xidmətə yollandı və Qubadlı-Füzuli bölgəsində xidmət çəkməli oldu.
    1992-1994-cü illərin göydən od yağan, mərmilər tökülən günlərindən biri. Azərbaycanın Ermənistanla həmsərhəd olan bütün bölgələrində qanlı döyüşlərin getdiyi günlər. Əsgər Elmanın xidmət etdiyi hissə Füzuli istiqamətində döyüşürdü. Elman tankçı idi. Tankın içərisində 2 nəfər olurdu. Nişançı və mexanik. Elman nişançıydı. Qarşıdan 7-8 düşmən tankı Şükürbəyli kəndinə doğru irəliləyirdi. Tez bir zamanda düşmən həmləsinin qarşısını almaq lazımıydı. Alındı da. Elman götürdüyü sərrast nişanla düşmənin 2 tankını vurub sıradan çıxartdı. Qalan düşmən tankları irəliləyən yolu artıq vurulan tanklar bağlamışdı. Təəssüf ki, həmin gün Füzulinin işğalı günü oldu. Döyüşçülərimiz qeyri-bərabər döyüşdə xeyli itki verdilər.
    O günə kimi Qubadlı-Füzuli istiqamətində bir neçə tankı sıradan çıxaran Elman Nəzərov Ali Baş komandanın əmri ilə 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur. 1992-1994-cü illərdə Elmanın vurduğu düşmən tanklarının sayı 5-i keçmişdi.
    Elman Nəzərov döyüş günlərini yada saldıqca xatirələr çözələnirdi. Bir-birini əvəz edən döyüş xatirələri fikirləri o illərə çəkib aparırdı.
    Hələ də gözlərini hərisliklə torpaqlarımıza dikən mənfurlara qarşı nifrət hissi gündən-günə artır, xüsusilə bu nifrət gənclərimizi daha vətənpərvər olmağa, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmağa sövq edir.
    Söhbət zamanı öyrəndim ki, keçmiş döyüşçü Elman Nəzərov bu evdə beş ildir ki yaşayır. Ailəlidir 2 qızı var. Selcan 6, Qaratel 5 yaşındadır.
    Elman Nəzərovun döyüş şücaətlərini əks etdirən Fəxri Fərman, diplom və medallar sübut edir ki, o igid bir əsgər olub.
    Bu gün veteran döyüşçü Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuzun göstərdiyi şücaət nəticəsində torpaqlarımızın işğaldan azad olunmasına ürəkdən sevinir və qürur hissi keçirir. Yaxşı bilir ki, bu qələbə asanlıqla başa gəlməyib. Demək olar ki, rayonumuzun hər bir qarışı müharibənin zədəsini alıb, mərd oğullarımız şəhid olub, yaralanıb. Bütün bunlara baxmayaraq yüksək səfərbərliklə ərazi bütövlüyü bərpa olunub.
                                                                                                                                 Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:02

İsmarıclar bağlıdır.