Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek
    İnsan öz içində nələr gizlədir!…

    Hiyləmizdə yatır min cürə tülkü.

    Bizim buynuzumuz içimizdədir,

    Şeytanın buynuzu buynuz deyil ki!

    İçimizdə paxır, içimizdə his,

    Əqrəblər vurnuxur insan qanında.

    Bütün kürsüləri zəbt edir İblis

    Peyğəmbər donunda, imam donunda

     

    Yığdıq içimizə nifrət zığını,

    Fitnəyə, fəsada sinəniz meydan.

    Görsə insanların şeytanlığını

    Şeytan olmasından utanar şeytan.

     

    Haqqın işığına gözlər yarasa,

    Rüşvət zəncirində ədalət əsir.

    Bu xalqın bətnində tamah yarası,

    Tamah Vətən satır, tamah baş kəsir.

     

    Məsləkimiz tapdaq, üzümüz qara,

    Vicdanı yamaqlı biz deyilikmi?

    Vətəni yağıya satandan sonra

    Papaq gəzdiririk kişilər kimi.

     

    Var bizə həyatdır, sərvət bizə kam,

    Pulla qatil haqlı, oğru düz olur.

    Bu gün nəzərində pir olan adam

    Sabah alçaq olur, dələduz olur.

     

    Yoxdur yaşamağa haqqımız bizim,

    Qara niyyət dolu qara bağrımız.

    Görünən üzüdür qeyrətimizin

    Namusu ləkəli Qarabağımız

     

    Ümidlər xaraba, arzular viran…

    İnsanlıq şərəfi ulağa quşqun.

    Nə qədər ki, yatıb Ənuşirəvan

    Sövdəsi baş tutur iki bayquşun.

     

    Vətən torpağına, yurda əyil ki,

    Hər dağı arxanda dağ ola bilsin.

    Qarabağ dərdi də qrip deyil ki,

    Əcnəbi həkimlər sağalda bilsin.

     

    İçimiz kor duman, qaranlıq, zülmət,

    Qəlbimiz həsrətdir işığa, nura.

    Kasıblıq torunda çırpınan millət

    Yenə də qışqırır:”Yaşasın!!! Urra!!!

     

    Əməlimiz saxta, andımız yalan,

    Adamlar kürsüyə tula quyruğu.

    Bizim içimizdə qıvrılıb ilan–

    İçimiz büsbütün zəhər tuluğu.

     

    Bizim içimizi gəmirir qurdlar,

    Yaxşının karıyıq, düzün koruyuq.

    Talanıb torpaqlar, dağılıb yurdlar,

    Biz öz nəslimizə söyüş goruyuq.

     

    İnsan xislətinin məkri, xıltı çox,

    Qanunlar qulluğa kölə, qaravaş.

    Sağ gözün sol gözə etibarı yox,

    Sağ əl sol tayına tələdir, qardaş!

     

    Müəllif: Redaktor, 13:13

İsmarıclar bağlıdır.