Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

                                                                   SƏBUHİNİN 19 İLLİK ƏBƏDİ ÖMRÜ

    Birinci Qarabağ müharibəsinin atəşkəsi illərində onu taleyi eldən-elə– doğma Azərbaycanımızın bir rayonundan digərinə– Tər-tərdən Şəkiyə aparıb çıxardı. Qarabağ müharibəsi Ve-teranı olan oğlanla ailə həyatı qurdu O. Allahın qisməti ilə razılaşaraq bu iki nəfər bütün çətinliklərə qatlaşıb həyatlarının 20 ilini birgə yaşadılar və tükənməz arzularla 2 övlad – 1 qız və 1 oğlan böyütdülər. Yeni-yeni Allaha şükür edirdilər. Ata-ananın arzusu övladlarını ağıllı, əli çörəkli, xoşbəxt görmək idi. Bu, onların 20 illik zəhmətlərinin bəhrəsi olardı. Qarşıdakı olacaqlar nəinki zəhmətkeş valideynlərin, heç yaxın doğmaların da ağlına gəlməzdi. Gün gəldi ki, hamı kimi onlar da oğullarını–Səbuhini doğmaların və dostların xeyir-duası ilə, şadyanalıqla hərbi xidmətə yola saldılar. Gedərkən ona hərbi xidmətini kişi kimi başa vurmağı, qayıdanda komandirlərin təşəkkür və fəxri fərmanları ilə qayıtmağı arzu etdilər. Səbuhinin cavabı isə bu oldu: “İl yarım nədir ki, əlbəttə, elə olmalıdır, əsgərlik bizim Vətən qarşısındakı müqəddəs borcumuzdur, onu ləyaqətlə yerinə yetirib qayıtmalıyıq”.
    Düz 1 aydan sonra ata, ana, bacısı və digər bir neçə nəfər yaxını and içmə tədbirinə yollandı.Görüş anları qürur dolu hisslərlə keçdi, gedənlər sevinclə geri döndülər. Sonralar bir neçə dəfə Səbuhinin görüşünə də getdilər. Hər dəfə də gedilən yolu ürək açıqlığı ilə qayıdan valideynlər Səbuhi haqqında hərbi hissənin rəhbərliyindən və əsgər yoldaşlarından eşitdikləri razılıq hissindən qürurlanırdılar. İnanırdılar ki, Səbuhi xidmət dövründə valideynlərinin üzünü ağ edəcəkdir. Lakin…
    10 ay idiki zəhrimar xəstəlik COVİD-19 pandemiyası düşmüşdü araya. Heç kim bir-birini nə görə bilirdi, nə də görüşə bilirdi. Yalnız telefonla xəbər tutulurdu Elə Səbuhi də yaxınları ilə telefonla əlaqə saxlayaraq əsgərlik müddətinin çox yaxşı keçdiyini, vəziyyətinin əla olduğunu bildirirdi.
    “Eh! Sən saydığını say, gör fələk nə sayır”…
    Neçə illər idi ki, mənfur ermənilər öz xislətlərinə uyğun tez-tez təxribatlar törədir, dinc əhaliyə atəş açırdılar.
    …2020-ci il sentyabrın 27-si, bazar gününün səhəri. Hamı yuxudan ayılıb səhər yeməyini yeməmiş raketlərin, topların səsindən vahiməyə düşdü. “Yenə müha-ribə başladı”–deyə, həyacanlı anlar yaşandı. Bircə ümid varıydı ki, insanlar ordumuzun güclü olmasına inanırdı.
    Səbuhinin anası tərtərli olduğu üçün bacısı da, o özü də Tərtərdə doğulmuşdular. Uşaqlıqları burada keçmişdi. Bu rayonun ermənilərlə həmsərhəd olduğunu bilirdilər.
    Müharibənin başlanması xəbəri Səbuhinin valideynlərini narahat edirdi, axı, anasının doğmaları Tərtərdə yaşayırdı. Gündən-günə azğınlaşan erməni mənfurları nəinki, Tərtərdə, ölkəmizin bütün həmsərhəd ərazilərində müharibəni daha da şiddətləndirirdilər. Xalq arasında bir həmrəylik vardı. Müharibədə ordumuzun zəfər xəbərləri insanları qürurlandırsa da, hərbiçilərimizin şəhid olmasına hamı təəssüflənirdi. Göydən odun-alovun töküldüyü günlərdə hərbiçilərimiz –istər zabit heyəti, istərsə də əsgərlərimiz yaxınları ilə tez-tez əlaqə saxlaya bil-mirdilər, elə əsgər Səbuhi də. Çox narahatlıqdan sonra oktyabr ayının ortalarında Səbuhidən atasına zəng gəldi. O bu dəfə nə anası, nə də bacısı ilə danışmadı. Çünki müharibənin ilk başlandığı günlərdə anası və bacısı ilə danışarkən hər ikisi ağlamışdılar. Bu Səbuhiyə pis təsir etmişdi. O isə anasına ürək-dirək vermiş, bacısına: “Böyük qızsan, uşaq deyilsən ki?! Hər şey olur həyatda, dözümlü olmaq lazım-dır”–söyləmişdir. Hətda atası ilə çox qısa danışmış, Tərtərdəki qohumlarının vəziyyəti ilə maraqlanmış, hərbi xidmətinin əla keçdiyini bildirmiş, indi vaxtının çox az olduğunu söyləmişdir.
    Deməyəsən, Səbuhi müharibənin ən qaynar yerindəymiş–Füzuli, Zəngilan istiqamətindəymiş. Ailəsinə bildirməyib ki, narahatlıq yaşanmasın.
    Ali Baş Komandan İlham Əliyev 30 illik əsirlikdə qalmış rayon və kəndlərimizin ardıcıl olaraq geri alınması xəbərini xalqa çatdıranda hamı kimi Səbuhinin də va-lideynləri sevinirdi. Lakin ürəklərində bir qorxu varıydı. “Kaş Səbuhi evin tək oğlu kimi sağ-salamat geri qayıdaydı!”–deyə, Allaha yalvarırdılar.
    Və 28 oktyabr 2020-ci il axşamüstü ataya gələn zəng bütün ümidləri alt-üst etdi: “Sabah saat 9-da Füzuli ra-yon diaqnostika mərkəzində olun, oğlunuz yaralanıb, gətirəcəklər ora”.
    Səbuhinin yaralanmaq xəbəri o gecə bütün qohum-əqrabaya yayıldı. Pande-miya rejimi olduğuna görə hər kəs öz acısını ürəyində çəkdi, çünki Füzuliyə getmək mümkün deyildi. Neçə qurbanlar deyildi ki, təki yaralı gəlsin! Ana bütün gecəni Allaha yalvararaq göz yaşı axıtdı. “Kaş ki, elə Səbuhi nəfəsi üstündə, yaralı qayıdaydı evimizə bir ana olaraq ömrümün sonunadək onun qulluğunda dayanaydım”.
    Səhəri hamı toplaşmışdı Səbuhigilə, ata isə oğlunun dalınca yollandı. Hərə bir tərəfdən anaya təskinlik verərək oğlunun yaralı olduğuna inandırmağa çalışırdı. Ana isə deyilənlərin heç birinə inanmırdı. Gözlərini həyət darvazasına dikmişdi.
    Səbuhinin yaralanmasından, valideynlərinin bir gecədə çəkdiklərindən bacısı Lalənin xəbəri yoxuydu. Ana onu da qoruyurdu. Çünki Lalə ana olacaqdı. Ata-ana hər iki sevinci eyni an-da gözləyirdi. Lalə isə qardaşına çox bağlı bacıydı, onunla nəfəs alırdı.
    Lalənin anasının xəstə olması bəhanəsi ilə gətirilməsi həyat yoldaşına deyildi. Çox çəkmədi ki, artıq anasının yanındaydı Lalə. Xəbəri eşidənlər hamısı Səbuhigildə idi. Hamı həsrətlə yol gözləyirdi. Ata zənglərə cavab vermirdi. Lakin doğmalarından bəzisi vəziyyətin necə olmasından xəbər tutmuşdu. Ata isə yaralı Sə-buhini deyil, şəhid Səbuhini gətirirdi…
    …İsgəndərli Səbuhi Yaşar oğlu evlərinə qayıtdı. Hərbi xidmətini başa vurmağa iki ay qalmış qəhrəman kimi, təkcə xidmət etdiyi hərbi hissənin zabit heyətinin, əsgər yoldaşlarının deyil, do-ğulduğu Tərtərin, boya-başa çatdığı Şəkinin, bütöv Azərbaycanın fəxri olaraq qayıtdı. Bu acı xəbəri eşidib gələnlər vətənpərvər oğul böyütdükləri üçün ata Yaşara, ana Gülnarəyə baş ucalığı, qəhraman qardaşın bacısı olduğu üçün Laləyə qürur duymağı tövsiyyə etdilər.
    Səbuhi heç tanımadığı, görmədiyi, lakin Vətəni Azərbaycanın əsir torpaqlarından olan Zəngilanın işğaldan azad olunması uğrunda mina atan mərmisinin qəlpəsindən şəhid oldu, 19 illik cavan ömrünə məhz burada- Zəngilanda son qoyuldu. Gözündən aldığı qəlpə yarası onun ölüm kabu-suna çevrildi.
    Səbuhi İsgəndərli döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. İndi öz qəhrəmanlığı ilə tarix yazan mərd oğullarımızın cərgəsində onun da adı var. Səbuhi həm də təhsil aldığı məktəbin müəllim və şagirdlərinin fəxrinə çevrilib. Boya-başa çatdığı ev bir ziyarətgaha dönüb, hamı tərəfindən xatırlanıb, yad olunur.
    Bütün bunların arxasında yarımçıq qalmış 19 illik bir ömür, pərən-pərən olmuş arzular, sönmüş çıraq, puç olmuş ümidlər dayanır. Lakin, bu ümidsizlik anında Allahın qisməti ilə bacısının 1 oğlu dünyaya gəldi. O, şəhid dayısının adını daşıyacaq, bir ailənin ümid yeri, sevinci olaraq burada böyüyəcək. Bu körpə yarımçıq qalmış arzuların davamçısı olar, İnşallah!
                                                                           Şəhid Səbuhi İsgəndərli haqqında qələmə aldı xalası
                                                                           Elfuzə Vəliyeva.

    Müəllif: Redaktor, 10:05

İsmarıclar bağlıdır.