Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Fev

                                                                                  VƏTƏN SEVDALISI

    Vətənini sevən və həmişə də Vətən torpağını hər şeydən uca tutan Amid Paşayevin qəhrəmanlığından danışmaq istəyirəm. Bir müəllim kimi öz şagirdinin qəhrəmanlığından yazmaq çox qürurverici hissdir.
    Amid Paşayev 1995-ci il avqustun 10-da Tərtər rayonunda anadan olub. Babasının adını daşıdığı Sabir Paşayev adına Umudlu kənd orta məktəbinin 1-ci sinifinə 2002-ci ildə daxil olur və 11-ci sinifi isə 2013-cü ildə başa vurur. O, məktəbdə oxuduğu müddətdə əxlaqi keyfiyyətlərinə və yaxşı oxumasına görə müəllimləri və məktəb yol-daşları tərəfindən çox sevilir. XI sinifi bitirdikdən sonra elə həmin il ali məktəbə sənəd verir və Azərərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi Tibb məktəbinə daxil olur. 2015-ci ildə bu məktəbi bitirib, gizir rütbəsi ilə Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun “N” saylı hərbi hissəsinin divizion tibb məntəqə rəisifeldşer vəzifəsinə təyin olunur. 2020-ci ildə 5 illik hərbi fəaliyyəti başa çatır.
    Polad Həşimovun ölümü onu da çox sarsıdır. Könüllü olaraq Naxçıvan şəhərindən Füzuli rayonuna gəlir və “N” saylı hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin feldşer vəzifəsinə təyin olunur.
    Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman həmin hərbi hissədən döyüşlərə qatılır.
    Amid hələ orta məktəbdə oxuyarkən ermənilərə çox böyük nifrət hisi bəsləyirdi. Çünki onlar onun ata və babasını yaşadığı Umudlu torpaqlarından didərgin salmış, digər tərəfdən isə bu torpaqlar uğrunda 2 əmisi-Evarist (1992-93- cü ildə 27 yaşında Qubadlının polis rəisi olmuşdur) və Ədalət Paşayevləri şəhid etmişdilər. Amid qorxma-dan, ölümün gözünə dik baxaraq yoldaşları ilə birlikdə müharibəyə qatılır. Özünün dediyi kimi, düşməni məhv etmək üçün silahlansa da, döyüş meydanında yaralılara kömək eləməyi və onları odun-alovun içindən çıxarmağı daha ümdə vəzifəsi hesab edirdi.
    Sentyabrın 27-dən 29-a kimi Füzuli istiqamətində gedən döyüşlər zamanı onlarla yaralı əsgərlərimizə kömək etmiş və on-ları döyüş meydanından təxliyə edə bilmişdi. Sentyabrın 29-da yanan tankın içindən əsgərləri xilas etdikdən sonra növbəti dəfə yaralı dostlarını xilas etmək üçün döyüş meydanına qayıdarkən piyada əleyhinə minaya düşür və sağ ayağını itirir.
    Amidin öz dedikləri: -Ali Baş Komandan İlham Əliyev hücum əmrini verəndə çox sevindik. Böyük ruh yüksəkliyi ilə döyüşə qatıldıq. Rəisimiz Sübhan həkim bizə elə böyüklük, elə rəhbərlik etdi ki, yorulmadan fəaliyyət göstərdik (Allah ona can sağlığı versin! Hal-hazırda Şuşadadır).
    Əmim Evarist Paşayev Qubadlıda şəhid olmuşdur. Ona görə də mən və ailəmiz Qubadlı işğaldan azad olanda çox sevindik.
    Sentyabrın 29-da iş yoldaşım Ruslana dedim ki, mən bu gün şəhid olacam (Bu dostum da yaralıdır. Allah ona şəfa versin!). Ürəyimə dammışdı ki, nəsə olacaq. Hətta qardaşım Fəridə zəng edib: Oğlun olsa mənim adımı qoyarsan demək istədim. Amma narahat olmasın deyə, zəng etmədim.
    Sentyabrın 29-da saat 1 radələrində Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüş gedirdi. Yanan tankın içindən əsgərlərimizi çıxarıb xərəyə qoydum və geri qayıdıb digər yaralıları təxliyyə etmək istədim. Komandirimiz öndə gedirdi mən də onun arxasınca birdən partlayış səsi eşitdim və onu bildim ki, ayağım yığılır. Gözümü açanda gördüm ki, artıq xəstəxanadayam.
    Müharibədə 3 gün iştirak etsəm də çox qızğın döyüşlərin şahidi oldum. O, anları göz önünə gətirərək danışmaq çox çətindir. Müharibənin sonuna kimi iştirak etmək istərdim çox təəssüf ki, bu olmadı. Mən ayağımı itirdiyim üçün heç vaxt təəssüflənməyəcəm. Amma yanımda şəhid olan, ağır yaralanan igid qardaşlarımız üçün çox təəssüflənirəm! Onu da fikirləşirəm ki, o cür oğlanlarımızın bu torpağa qanı axmasaydı Qarabağımızı azad edə və 30 illik həsrətimizə son qoya bilməzdik. Qazilərimizin və şəhidlərimizin canı, qanı bahasına işğalda olan 20% torpaqlarımız azad olundu. Bu il xalqımız üçün qələbə və zəfər ili oldu. Çox xoşbəxtəm ki, Şuşamızın azad olunduğunu gördüm və qələbə sevincini yaşıya bildim. Bu qələbəyə görə gələcək nəsil qazilərimiz və şəhidlərimizlə fəxr edəcəklər. Biz bir də onu bilməliyik ki, düşmən hələ ölməyib, heç vaxt da ölməyəcək, onunla həmişə mübarizə aparmaq lazımdır.
    Amid danışdıqca müəllim kimi qəlbən sevinirəm və deyirəm:
    -Azərbaycanımızın vətənini sevən, düş-məninə aman verməyən bu cür igidləri olub və həmişə də olacaq. Var olsun bu cür igid oğulları dünyaya gətirən analar!
    Bircə onu unutmayaq ki, 30 illik qübar bağlamış Qarabağ dərdinə son qoyan və qaçqın köçkün adlarını üstümüzdən götürən tarix yazan igid şəhidlərimizin qanlarına, sağlığını itirmiş qazilərimizin isə canlarına borcluyuq.
                                                          “Qarabağ bizimdir!-Qarabağ Azərbaycandır!” Qızbəs Hüseynova
                                                            Umudlu kənd tam orta məktəbin Tarix müəllimi

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.